Siyasi partiyaların və siyasi partiyalar
bloklarının bələdiyyə seçkilərində
iştirakının əsasları
Azərbaycan Respublikasının Seçki Məcəlləsi siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə iştirakı üçün geniş imkanlar açır. Başqa sözlə, həmin məcəllədə siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə və referendumda iştirakının ümumi və xüsusi şərtləri hərtərəfli əks olunub.
Qanunvericiliyin tələbinə görə, seçkilərdə iştirak edən subyektlər öncə mətbuat azadlığına hörmət bəsləməlidirlər. Yəni seçki prosesində iştirak edərkən kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq lazımdır. Eləcə də namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq tələb olunur. Ümumi prinsiplər sırasında seçkiqabağı təşviqat materiallarını məhv etməmək və korlamamaq, onların yayılmasına, kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq da mühüm şərtlərdəndir. Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə iştirakı zamanı seçkilərin azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki orqanları və seçki subyektləri ilə əməkdaşlıq etmək kimi vacib qaydalara da riayət olunmalıdır. Seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək, səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək lazımdır. Riayət olunmalı şərtlər sırasında səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək, seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək, seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq mütləqdir.
Ümumiyyətlə, Seçki Məcəlləsində siyasi partiyalar blokunun yaradılma qaydası, fəaliyyət prinsipləri və digər mühüm məqamlara dair dəqiq izahlar verilmişdir. Belə müəyyən olunmuşdur ki, siyasi partiyaların blokunu azı iki siyasi partiya yarada bilər və siyasi partiya blokun tərkibinə daxildirsə, seçkilərin keçirildiyi dövrdə müstəqil partiya kimi çıxış edə və ya digər bloka daxil ola bilməz. Siyasi partiyaların blokuna daxil olmaq barədə qərar isə bloka daxil olacaq hər bir siyasi partiyanın nizamnaməsinə uyğun qəbul edilməlidir. Yalnız yuxarıda qeyd edilən müvafiq qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli nümayəndələri blokun yaradılması barədə birgə qərar imzalayırlar.
Siyasi partiyalar blokunun qeydə alınması üçün blokun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına müvafiq sənədlər təqdim etməlidir. Bunlar bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri, siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları, blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərardır. Sözügedən sənədlər düzgün rəsmiləşdirildikdə, Seçki Məcəlləsinin tələblərinə uyğun gəldikdə MSK 5 gün müddətində siyasi partiyaların blokunu qeydə almalıdır. Əks təqdirdə MSK siyasi partiyalar blokunun qeydə alınmasından imtina edə bilər. Yeri gəlmişkən, siyasi partiyaların blokunun qeydə alınması rəsmiləşdikdən sonra onun tərkibinə hər hansı digər siyasi partiya daxil edilə bilməz.
Siyasi partiyalar blokunun adı və emblemi ilə bağlı da konkret tələblər var. Siyasi partiyalar blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilməlidir. Blokun adlandırılmasında həmin bloka daxil olmayan (seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq) və əvvəllər seçkilərdə iştirak etmiş digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Əgər yeni qeydə alınmış siyasi partiyalar blokuna əvvəlki seçkilərdə həmin bloku yaratmış siyasi partiyaların yarısından çoxu daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi partiyalar blokunun adı verilə bilməz. Siyasi partiyaların bloku fiziki şəxsin adından və ya soyadından yalnız həmin şəxsin yazılı razılığı əsasında istifadə edə bilər. Bu tələblərlə yanaşı, siyasi partiyaların bloku özünün tam və qısa adı barədə MSK-ya məlumat təqdim etməlidir.
Siyasi partiyaların bloku rəsmən təsdiq olunması üçün özünün emblemini də MSK-ya təqdim edə bilər. Bu zaman siyasi partiyaların bloku onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi, yaxud digər siyasi partiyalar və siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla, istənilən emblemi təqdim edə bilər. Bir şərtlə ki, siyasi partiyalar blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmasın, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmasın, ümumən qəbul edilmiş əxlaq normalarını pozmasın. Seçki kampaniyası dövründə siyasi partiyalar blokunun adının və embleminin dəyişdirilməməsi şərtilə blokun beş sözdən çox olmayan adından, habelə emblemindən seçki sənədlərində istifadə edilməsi Mərkəzi Seçki Komissiyası ilə razılaşdırılmalıdır. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, yaxud onların qurultayı, konfransı və ya rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər. Siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər. Bu barədə qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının dövlət və ya bələdiyyə vəzifələrində çalışan səlahiyyətli nümayəndələri özlərinin vəzifə və ya xidməti mövqelərindən seçkilərin gedişi zamanı istifadə edə bilməzlər. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı üzrə namizədlərin statusunun itirilməsi vaxtı başa çatır.
Seçki Məcəlləsinin onuncu fəslinin 54-cü maddəsi namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsinin ümumi prinsiplərini müəyyən edir. Həmin maddənin tələblərinə əsasən, namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilməli, siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar isə siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilməlidir və həmin protokolda iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmiş iştirakçıların sayı, siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı, namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri və qərarın qəbul edilməsi tarixi göstərilməlidir. Onu da qeyd edək ki, siyasi partiya, siyasi partiyaların bloku bu bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri də namizəd kimi irəli sürə bilər. Namizədin adı ilə birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin və siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətlərini, eləcə də namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolunu, siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini də təqdim etməlidir.
Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi isə namizədin adı ilə birlikdə müvafiq seçki komissiyasına siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclaslarının protokollarını, siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarını və müvafiq iclasın protokolunu, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələrini təqdim etməlidirlər.
Müvafiq seçki dairələri üzrə irəli sürülmüş namizədlərə aid sənədlər isə müvafiq seçki komissiyasına siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilir. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunan sənədlərlə birlikdə namizədin seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam veriləcəyi barədə öhdəliyi də göstərilməklə, namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim edir. Ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, həmin əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar da öz əksini tapmalıdır.
Seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın, siyasi partiya blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.
Namizədin qeydə alınmasından imtina üçün əsas yalnız tələb olunan sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsi qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi bu haqda xəbərdar edir, müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsi təsdiqlənir.
Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə azı 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı müraciət edərək seçki dairəsi üzrə irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədi, həmçinin qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi geri çağırmaq hüququna malikdir.
Qanunvericilik imkan verir ki, bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku səsvermə gününə azı 10 gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı müraciət etməklə, namizədləri irəli sürmüş orqanın qərarı ilə seçkilərdə iştirak etməkdən imtina edə bilər. Bu halda siyasi partiya, siyasi partiyaların bloku bələdiyyə üzvlüyünə namizədləri geri çağıra bilər.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq siyasi partiya, siyasi partiyaların bloku namizədin irəli sürülməsi barədə dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş bildirişi və digər müvafiq sənədləri təqdim etməklə müvafiq bankda xüsusi seçki hesabı da açmalıdırlar. Bu zaman siyasi partiya, siyasi partiyaların blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi xüsusi seçki hesabı aça bilər.
Mikayıl RƏHİMOV,
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının katibi
Azərbaycan.- 2011.-26 oktyabr.- S. 9.