Müstəqil Azərbaycanın müasir tarixinin bənzərsiz müntəxəbatı

 

"Müasir Azərbaycan dövrün baxışında" ikicildliyi barədə mülahizələr  

 

Yetmiş ildən artıq müddət ərzində totalitar rejim  şəraitində, nəhəng imperiyanın milli ucqarlarından biri  kimi  mövcud olmuş, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət nəticəsində bütün hakimiyyət-idarəetmə  strukturları dağıdılıb sıradan çıxarılmış, iqtisadiyyatı  tənəzzül  həddinə çatdırılmış, ərazisinin  beşdə bir hissəsi işğal altına  düşmüş, əhalisinin bir milyon nəfərdən çoxu ata-baba yurdlarından, doğma ev-eşiklərindən didərgin salınaraq qaçqın və məcburi köçkün  taleyini yaşamağa  məcbur  edilmiş bir respublikanı  siyasi-hərbi  qeyri-müəyyənlikdən  əmin-amanlıq və sabitliyə, sosial-iqtisadi tənəzzüldən dinamik  inkişafa, tərəqqi  və yüksəlişə qovuşduran Heydər  Əliyev siyasəti - onun demokratik, hüquqi  dövlət quruculuğu    sosial-iqtisadi inkişaf konsepsiyası hansı prinsiplərə söykənirdi, hansı nöqtədən başlanıb hansı nöqtədə bitirdi?

1995-ci ildən etibarən ölkədə sistemli şəkildə həyata keçirilən institusional və iqtisadi islahatların uğurunu təmin edən cəhətlər hansılar idi, islahatların konkret nəticələri, təzahürləri nədən ibarətdir? Bu və onlarca digər sualların yerli-yataqlı, dəqiq cavabı Heydər Əliyev dühasının əzəmətini, Heydər Əliyevin tarix və millət qarşısında xidmətlərinin miqyaslarını dərk edə bilməklə yanaşı, həm də həyatın özü qədər əbədi olan bir suala: "Haradan gəlib hara gedirik" - sualına aydınlıq gətirmək üçün çox vacibdir və bu şərəfli missiyanı yerinə yetirmək məsuliyyəti, ən əvvəl, elmi araşdırmaçıların üzərinə düşür.

Şübhəsiz ki, son illərdə respublikamızda bu istiqamətdə az iş görülməmişdir - Azərbaycanda müstəqil dövlət quruculuğunun ayrı-ayrı aspektləri dünya təcrübəsi kontekstindən tədqiqata cəlb edilmiş, siyasi-politoloji, hüquqi, fəlsəfi, iqtisadi baxımdan təhlil olunmuş, ümumiləşdirmələr aparılmış, gələcək fəaliyyət üçün yekun nəticələr çıxarılmışdır və bu sırada Heydər Əliyev idarəetmə məktəbinin fəal yetirmələrindən olan akademik Ramiz Mehdiyevin adı ilk sırada durur. Onun "milli ideyanın təcəssümü" deyə səciyyələndirdiyi müasir Azərbaycan - "üçüncü respublika" barədə əvvəlcə dövri mətbuatda, daha da konkretləşdirsək, rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın səhifələrində dərc edilən, sonra isə bir neçə dildə kitab şəklində geniş oxucu kütləsinə çatdırılan, dərin elmi təhlil süzgəcindən keçirilmiş novator ruhlu, birmənalı mülahizələri həm də Azərbaycan Respublikasının dünəninə nəzər salmaqla ölkənin bu günü və ən çox da sabahı haqqında necə yazmaq lazım gəldiyinə klassik örnəkdir.

Bu örnəkdən nümunə götürən dövri nəşrlərin, öncə də elə "Azərbaycan" qəzetinin səhifələrində ardıcıl olaraq elmi-praktik və publisistik səciyyə daşıyan silsilə məqalələr dərc olunur, ölkədə gedən siyasi, sosial-iqtisadi və mədəni quruculuq proseslərinin konkret təzahürlərinə aydın vətəndaş münasibəti bildirilir. Eyni zamanda, Heydər Əliyevin bənzərsiz titanik fəaliyyəti və bu fəaliyyətin cahanşümul nəticələri baxımından, bütün görülən işlər, əslində, dəryada damla təsirini bağışlayır, bunun da sadə bir səbəbi vardır: Heydər Əliyev müasir Azərbaycanın, yeni Azərbaycanın tarixini öz əli ilə yaradan cahanşümul miqyaslı şəxsiyyət olmuşdur - əsl tarix isə yalnız illər, qərinələr keçəndən, baş verən və baş verməli olan hadisələr tarixilik səciyyəsi kəsb edəndən sonra həqiqi qiymətini alır.

Bununla belə, professor Əli Həsənovun çox dəqiq söylədiyi kimi, "Tarix keçmiş, bu gün və gələcək arasındakı əlaqələrə söykənir. Hər bir dövlətin tarixi özünün varislik prinsipini gözləyirsə, ona əməl edilərək qurulursa və keçmişin təcrübəsini nəzərə alaraq bugünkü həyatda istifadə olunursa, bu tarixdən gələcək üçün nəticələr çıxarılırsa, onda o tarix davamlı olur. Həmçinin, o zaman dövlətlərin dövlətçiliyi güclü olur, ətraf aləmlə münasibətləri rəvan davam edir və inkişafında da daha az maneələrlə rastlaşır". Bu mənada, ideya rəhbəri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin olduğu və "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanaraq bu günlərdə geniş ictimaiyyətə təqdim edilən, 1991-ci ildə müstəqilliyin bərpasına qədər və sonrakı iyirmi illik dövr ərzində Azərbaycanın keçdiyi möhtəşəm iqtisadi, siyasi və mədəni inkişafının, dünya birliyində ölkəmizin layiqli yer tutmasının əsl salnaməsi olan "Müasir Azərbaycan dövrün baxışında" ikicildliyinin "Giriş"ində də haqlı qeyd olunduğu kimi, qarşıda dayanan ən başlıca vəzifələrdən biri "ulu öndər Heydər Əliyevin böyük zəhmət, dəmir iradə, sarsılmaz qətiyyət bahasına qurub-yaratdığı, uğur magistralına çıxardığı, onun layiqli davamçısı cənab İlham Əliyevin daha da inkişaf etdirərək hər bir Azərbaycan vətəndaşının milli qürur yerinə çevirdiyi müstəqil dövlətin ötən müddətdə (dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı illərdə -- V.N.) qət etdiyi möhtəşəm yola nəzər salınması, qazanılan nailiyyətlərin düzgün dəyərləndirilərək gələcək nəsillər üçün yazıya alınması"dır, həm də "bu mövzuda nə qədər çox kitab yazılsa, nə qədər fərqli fikirlər irəli sürülsə, bu, ümumi işimizə bir o qədər fayda verər". Tarixçilər, iqtisadçılar, filosof və siyasətşünaslarla yanaşı, ümumən Azərbaycanın keçdiyi yolun ayrı-ayrı mərhələlərini öyrənmək istəyənlər üçün zəngin mənbə rolunu oynayacaq "Müasir Azərbaycan dövrün baxışında" ikicildliyi məhz bu missiyanın ifadəsidir.

Müasir Azərbaycanın dövlət müstəqilliyinin banisi ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilən ikicildlikdə Azərbaycanın 20 illik dövlət müstəqilliyinin müasir tarixi, bu tarixin yaradılmasına sərf edilmiş Heydər Əliyevin titanik səyləri, bu tarixin formalaşması üçün bu gün də uğurla reallaşdırılan Prezident İlham Əliyevin siyasəti və bundan sonrakı hədəflər və başlıca istiqamətlər geniş şəkildə öz əksini tapmışdır.

 Kitab "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 yanvar tarixli sərəncamı ilə açılır. Bu, iki cəhətdən çox məntiqidir: əvvəla, "üçüncü respublika" 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında rəsmən bəyan olunduğu kimi, ötən əsrin ikinci onilliyində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. İkincisi, müasir Azərbaycanın daxili və xarici siyasəti tamamilə varislik prinsipinə əsaslanır: bu siyasətin əsasları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və həyata keçirilməyə başlanmış, müasir mərhələdə isə Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilərək, bitkin konsepsiya halına gətirilmiş və uğurla reallaşdırılmaqdadır. "Müasir Azərbaycan dövrün baxışında" ikicildliyində çox düzgün olaraq qeyd edilir ki, "Ulu öndər Heydər Əliyevin siyasi lider kimi gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin real həyatda praktik tətbiqi imkanları ilə ölçülür. Ümummilli lider yeni dövrün gerçəkliklərini nəzərə almaqla müstəqil Azərbaycan dövlətinin perspektiv iqtisadi, siyasi, hüquqi inkişaf prioritetlərini açıqlamış, demokratik inkişafa doğru sürət götürmüş Azərbaycan dövlətini qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda, ümumilikdə dünyada əhəmiyyətli həlledici dərəcədə artan təsir məkanına çevirmişdir... 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşdirmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Dövlət başçısı İlham Əliyevin prezidentliyinin hər iki mərhələsində məhz bu postulat əsas götürülmüş və iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir".

Kitabın ilk fəsli də məhz Azərbaycan siyasətində varisliyin söykəndiyi ali məqama - Heydər Əliyevə və onun yeni Azərbaycanın iqtisadi, siyasi, mənəvi əsaslarının yenidən qurulması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə titanik fəaliyyətinin təhlilinə həsr edilmişdir. Kitabda dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın qısa müddətdə sosial-iqtisadi sahədə qazandığı möhtəşəm uğurlarda ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı resurslardan geniş söz açılmış, qeyd edilmişdir ki, ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə həyata keçirilən kompleks tədbirlərin uğurlu nəticələri bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna etibarlı zəmin olmuşdur.

Ümumiyyətlə, tale elə gətirmişdir ki, Heydər Əliyev həm ötən əsrin 60-cı illərinin sonunda, həm də dövlət müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda siyasi rəhbərliyə gələrkən respublikada cəmiyyət həyatının bütün sahələri aqoniya vəziyyətində olmuş, dövlət idarəetməsindən tutmuş mənəviyyat sahələrinə qədər hər yerdə dərin böhran hökm sürmüşdür. Heydər Əliyev isə tarix üçün çox qısa olan zaman kəsiyi ərzində özünün dərin zəkası, heyrətamiz təşkilatçılıq və idarəçilik bacarığı, rəhbər qətiyyəti və titanik şəxsi zəhməti hesabına hər dəfə Azərbaycanı dinamik inkişaf və tərəqqi yoluna çıxarmış, layiq olduğu mərtəbəyə ucaltmış, necə deyərlər, millətimizin imzasını imzalara qatmağa nail olmuşdur.

Uzun illər keçmiş SSRİ-də əsasən "qara qızıl" diyarı kimi tanınan, lakin XX əsrin 60-cı illərinin ortaları üçün neft hasilatında da artıq İttifaq dövlətinin ikinci-üçüncü dərəcəli regionuna çevrilən, ÜDM istehsalında nəsibi daha çox əl əməyinə əsaslanan kənd təsərrüfatı olan Azərbaycanın 1969-1982-ci illərdə keçdiyi inkişaf yolu, həmin dövrün ifadələri ilə adlandırsaq, sabit "qırmızıbayraqlı respublika" imicini qazanması Heydər Əliyev zəkasının genişliyinə, Azərbaycanın böyük oğlunun rəhbər məharətinin potensialına əyani sübut kimi, onun daha geniş miqyasda - SSRİ adlı superdövlət miqyasında siyasi rəhbərliyə layiq görülməsinə də özgün zəmanət olmuşdu.

Yeni kitabda müstəqillik yollarında qarşıya çıxan və uğurlu həllini tapan iqtisadi problemlərdən, həyata keçirilən möhtəşəm layihələrdən, Azərbaycanın dünyanın ən sürətli inkişaf edən ölkələrdən birinə çevrilməsindən, beynəlxalq aləmdə nüfuz sahibi olmasından, ölkəmizi modern dövlətə çevirən islahatlardan, demokratik vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə olunan uğurlardan səlis dillə, konkret faktlarla bəhs edilir, bütün bunların Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına əsaslanmaqla əldə olunduğu diqqətə çatdırılır.

Müstəqil Azərbaycan quruculuğunun memarı və təşkilatçısı kimi Heydər Əliyevin tarix və millət qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonrakı dövrə təsadüf edən təxminən 10 illik fəaliyyətini xüsusi dəyərləndirmək tələb olunur. Bu zərurət, hər şeydən əvvəl, ondan irəli gəlir ki, dövlət müstəqilliyimizin bərqərar olması və dönməz xarakter alması, müstəqil Azərbaycan Respublikasında dünyəvi, demokratik dövlət quruculuğunun möhkəm təməlinin qoyulması naminə işlənib hazırlanmış və uğurla həyata keçirilmiş daxili və xarici siyasət strategiyası məhz həmin dövrdə real məzmun və məna kəsb etmişdir. Məhz Heydər Əliyevin həmin dövrdəki titanik fəaliyyətinin nəticəsi olaraq, tarixən qısa bir zaman kəsiyində məntiqi bir ardıcıllıqla:

Azərbaycanda vətəndaş müharibəsi alovları söndürülmüş;

baş qaldırmaqda olan separatçılıq meyillərinin kökü kəsilmiş və dövlətimiz dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edilmiş;

iflic vəziyyətində olan hakimiyyət strukturlarının dolğun fəaliyyəti bərpa olunmuş;

nizami ordu quruculuğuna başlanmış, Ermənistanın Azərbaycana qarşı hərbi ekspansiyası dayandırılmış və 1994-cü ildə atəşkəsin əldə edilməsinə nail olunmuş;

böhran və tənəzzül içərisində olan milli iqtisadiyyatın maddi-maliyyə dayaqlarını əldə etmək üçün Azərbaycanın yeni neft strategiyası formalaşdırılmış və 1994-cü il sentyabrın 20-də "Əsrin kontraktı"nın imzalanması ilə xarici investisiyaların ölkəmizə axını üçün möhkəm zəmin yaradılmış;

iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafını təmin etmək üçün dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanmış və MDB-də misli-bərabəri olmayan radikal aqrar islahatlar həyata keçirilmiş;

bazar infrastrukturlarının formalaşması və azad sahibkarlığın hərtərəfli inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılmış;

dövlət idarəetmə sistemində geniş islahatlar aparılmış;

Azərbaycanın beynəlxalq birliyə, o cümlədən Avropa məkanına intensiv inteqrasiyası təmin edilmişdir.

XX əsrin 70-80-ci illərində Azərbaycanda böyük iqtisadi potensialın yaranmasının təşkilatçısı olmuş Heydər Əliyev gənc müstəqil Azərbaycan Respublikasında da hüquqi, demokratik dövlət quruculuğu və iqtisadiyyatın bazar münasibətləri əsasında qurulmasının memarı və təşkilatçısı oldu.

Bir daha qeyd etmək lazımdır ki, dövlət müstəqilliyinin bərpasından sonrakı illər Azərbaycanın həyatında baş verən ictimai-siyasi hadisələrin xarakterinə və xüsusiyyətlərinə görə xeyli dərəcədə mürəkkəb bir dövr olmaqla, bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif mərhələlərə ayrılır. Bu mərhələlərin hər biri iqtisadiyyatın inkişafında özünəməxsus xüsusiyyətləri ilə seçilir. "Azərbaycan XXI əsrin və üçüncü minilliyin astanasında. Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət"ində Heydər Əliyev XX əsrin son onilliyində Azərbaycanda gedən proseslərin ümumi əlamətinə görə həmin illəri üç mərhələyə bölmüşdür. 1991-1993-cü illərin ortalarına qədərki birinci mərhələ ən müxtəlif ictimai-siyasi hadisələr (Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi və bunun ucbatından 1 milyon nəfərədək soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, torpaqlarımızın 20 faizə qədərinin işğal edilməsi, hakimiyyət uğrunda aramsız çəkişmələr və silahlı mübarizə, keçmiş müttəfiq respublikalarla uzun illərdən bəri mövcud olan qarşılıqlı əlaqələrin pozulması, xammal və satış bazarlarının itirilməsi, ölkədə baş alıb gedən hərc-mərclik və xaos, idarəetmədə səriştəsizlik və s.) ucbatından Azərbaycan iqtisadiyyatı üçün çox dərin tənəzzüllə səciyyələnmişdir: 1993-cü ildə ümumi daxili məhsulun həcmi həmin göstəricinin 1988-ci ildəki səviyyəsinin cəmi 60%-ni təşkil etmişdir; 1992-1994-cü illər ərzində milli gəlir 50% azalmışdır; 1993-cü ildə büdcə kəsiri 23,8 milyon manat və ya ümumi daxili məhsulun 14,4%-ə qədərini təşkil etmişdir; həmin il idxal və ixracın həcmi 50%-dən çox azalmış, tədiyyə balansında mənfi saldo 23 milyon dollara çatmışdır; bütövlükdə 1990-cı illə müqayisədə üç il ərzində ÜDM-in real həcmi 2 dəfə azalmış, sənaye istehsalı 63%, kənd təsərrüfatı istehsalı 47% aşağı düşmüş, 1800%-ə çatan inflyasiya prosesi nəticəsində əhalinin həyat səviyyəsi 3,6 dəfə aşağı enmişdir.

İkinci mərhələdə (1993-cü ilin ortalarından 1995-ci ilin sonunadək olan dövrdə) Azərbaycan iqtisadiyyatının nəinki həmin dövrdəki, həm də daha çox sonrakı böyük inkişafında köklü dəyişikliklərin özülü olacaq önəmli tarixi bir hadisə baş verdi: dövlət başçısının uzaqgörən xarici siyasəti, habelə Azərbaycanda baş verən müsbət proseslər nəticəsində sabit bir ölkə kimi ona göstərilən inam və etimadın mühüm təzahürlərindən biri olaraq, 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının birgə işlənilməsi barədə Qərbin nüfuzlu neft şirkətləri ilə ilk beynəlxalq müqavilə imzalandı. Sonralar baş verən hadisələrin təsdiqlədiyi kimi, "Əsrin müqaviləsi" kimi tarixə düşən və ölkənin dövlət neft strategiyasının təməlində duran bu böyük beynəlxalq iqtisadi əməkdaşlıq aktı bütövlükdə Azərbaycan iqtisadiyyatının tezliklə dirçəlməsində və dövlət müstəqilliyinin möhkəmləndirilməsində həlledici rol oynadı.

Hələ 1994-cü ilin yayında - dövlət müstəqilliyimizin kövrək olduğu, ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olmadığı bir vaxtda ulu öndər deyirdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasında "iqtisadi islahatlar" ifadəsi dedikdə, Azərbaycan iqtisadiyyatını bazar prinsipləri əsasında qurmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və dövlət mülkiyyətinin özəlləşdirilməsini həyata keçirmək, azad sahibkarlığa, vətəndaş təşəbbüskarlığına geniş imkanlar yaratmaq, milli iqtisadiyyatımızı inkişaf etmiş ölkələrin iqtisadi sistemləri əsasında yenidən qurmaq və dünya iqtisadiyyatına fəal inteqrasiya başa düşülür.

Azərbaycanın sərbəst bazar iqtisadiyyatı yolunu tutmasını bəyan edərkən Heydər Əliyev bu yolda obyektiv çətinliklərin olacağını, qarşıya çoxlu maneələrin, süni əngəllərin çıxa biləcəyini də bilirdi. 1997-ci ilin aprelində iqtisadi islahatların gedişinə həsr olunmuş müşavirədə Heydər Əliyev islahatların hazırlanması və həyata keçirilməsinə başlanması yolunda hansı maneələrin qarşıya çıxdığını və ölkə rəhbərliyinin bu maneələrə qarşı münasibətdə necə böyük prinsipiallıq göstərdiyini nəzərdə tutaraq deyirdi: "Keçən illərdə bəziləri hesab edirdilər ki, Ermənistanla hərbi münaqişə mövcud olduğu, ölkəmizin ərazisinin bir qismi işğal altında olduğu, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan didərgin düşüb köçkün vəziyyətində, ağır şəraitdə yaşadığı bir halda respublikamızda islahatlar keçirilməsi mümkün deyil, yaxud ümumiyyətlə, lazım deyil. Digərləri isə çox böyük "qəhrəmanlıqlar" göstərmək istəyirdilər. Onlar deyirdilər ki, nəyin bahasına, necə olur-olsun, islahatları tezliklə keçirmək, indiyədək dağılmayanları da dağıtmaq lazımdır, hər şey dağılmalıdır. Onlar belə hesab edirdilər ki, həmin dağılanların yerində guya yeni bir möcüzə əmələ gələcəkdir... Biz isə nə o cür, nə də başqa cür mənfi fikirlərin təsiri altına düşmədik. İşimizi planlı, təmkinli, düşüncəli aparmaqla məşğul olduq. ... Hər işi təmkinlə, ağılla görmək lazımdır. Respublikanın mövcud sərvətlərini qoruyub saxlamaq, dağıntının qarşısını almaq, dağıntıya yol verməmək, ölkənin mülkiyyətini qoruyub saxlamaq yolu ilə islahatları həyata keçirib, dövlət mülkiyyətini xalqın, vətəndaşların mülkiyyətinə çevirmək lazımdır".

İqtisadi islahatların keçirilməsi müddətinə real münasibət bəsləyən Heydər Əliyev öyrədirdi ki, "iqtisadi islahatların həyata keçirilməsi asan məsələ deyildir. Kim isə hesab edir ki, iqtisadi islahatları bir günə, iki günə, bir aya, iki aya, üç aya həyata keçirmək, ondan istədiyimiz nəticəni əldə etmək olar. Şübhəsiz ki, bu, səhv fikirdir. İqtisadi islahatlar keçirmiş ölkələrin təcrübəsi də bunu sübut edir. Əvvələn, bu təcrübə iqtisadi islahatların həyata keçirilməsinin necə çətin olduğunu, ikincisi, onun nə qədər vaxt tələb etdiyini göstərir. Üçüncüsü isə bu islahatların aparılması dövründə müsbət nəticə alana qədər nə qədər yeni çətinliklərin meydana çıxdığını göstərir. Biz bunların hamısını nəzərə almalıyıq".

Başqa sözlə, iqtisadi islahatlar həyata keçirilərkən Heydər Əliyev iqtisadi qanunların və dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli və kompleks aparılmasını, milli iqtisadiyyatın real vəziyyəti və potensial imkanları, respublikadakı sosial-siyasi durum, əhalinin həyat səviyyəsi nəzərə alınmaqla, sosial təmayüllü bazar iqtisadiyyatı prinsiplərinə əsaslanmasını zəruri sayırdı. Yeri gəlmişkən, Heydər Əliyevin müəyyən etdiyi və ardıcıllıqla həyata keçirdiyi sosial təmayüllü iqtisadi inkişaf modeli bazar mexanizminə əsaslanan qarışıq, səmərəli bir iqtisadiyyat modelidir və bu modeldə keçid dövründə dövlətin güclü tənzimləyici rolu üstünlük təşkil edir, mülkiyyət çoxnövlülüyü xüsusi mülkiyyətlə dövlət mülkiyyətinin bir-birini tamamlamasına, onların hüquq bərabərliyinin qəbul edilməsinə əsaslanır və dövlət əhalinin gəlirləri, məşğulluq, səhiyyə, təhsil, mədəniyyət və iqtisadiyyatın sosial müdafiəyə ehtiyac duyan digər sahələrində güclü sosial təminat siyasətini yeridir. Yeni Azərbaycan quruculuğunun arxada qalan illəri də Heydər Əliyevin iqtisadi strategiyasının haqlı olaraq sosial yönümlü bazar iqtisadiyyatı prinsiplərinə əsaslanmasının həyatiliyini və alternativsizliyini, eynilə də Heydər Əliyevin iqtisadi konsepsiyasına görə, islahatların üç mərhələdə həyata keçirilməsinin - birinci mərhələdə güclü dövlət tənzimlənməsi yolu ilə böhrandan çıxmaq; ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək; üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə və yüksələn xətlə dinamik inkişafına nail olmaq vəzifələrinin həllinə yönəldilməsinin məqsədəuyğunluğunu təsdiq etmişdir.

Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasında azad sahibkarlığın, özəl bölmənin inkişafı üçün zəruri şəraitin təmin edilməsi mühüm yer tutur. Ulu öndər deyirdi: "İstəyirik ki, insanlar mülk sahibi olsunlar, əmlak sahibi olsunlar, sahibkar olsunlar"; bu şərtlə ki, gərək "bizim sahibkarlarımız qanuna riayət etsinlər, qanuni yolla getsinlər. Onlar qanuni yol ilə gedərək həqiqi sahibkar ola bilərlər". Məhz buna görə Heydər Əliyev dövlət orqanlarından tələb edirdi ki, "qanuni yolla sahibkarlıq etməkdə sahibkarlara maneçilik törətməsinlər, əngəllər yaratmasınlar, mane olmasınlar, qanuni tələbləri yerinə yetirərkən onları rüşvət verməyə sövq etməsinlər, rüşvət almasınlar, onlarla birlikdə qanunu pozmasınlar", "sahibkarlığın inkişaf etdirilməsi üçün indiyə qədər yaradılan və mövcud olan əngəllər aradan götürülsün, sahibkarlara onların normal fəaliyyət, qanuni fəaliyyət göstərməsi üçün şərait yaradılsın, kömək edilsin".

Bu başlıca prinsiplər Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi naminə Heydər Əliyevin daim rəhbər tutduğu, onun təşəbbüsü ilə qəbul edilmiş qanun və məcəllələrdən, imzaladığı fərman və sərəncamlardan, təsdiqlədiyi dövlət proqramlarından qırmızı bir xətt kimi keçən prinsiplər olmuşdur. Məhz bunun sayəsində indi Azərbaycanda milli sahibkarların böyük bir ordusu meydana gəlmiş, özəl bölmənin payı iqtisadiyyatda 90 faizi keçmişdir.

Dünya iqtisadiyyatına inteqrasiya və Azərbaycanın digər ölkələrlə əməkdaşlığı Heydər Əliyev iqtisadi strategiyasının əsas istiqamətlərindəndir. Heydər Əliyevin iqtisadi strategiyasında xarici iqtisadi əlaqələrin milli iqtisadi maraqların gözlənilməsinə təminat verən bir tərzdə, yəni, bir tərəfdən ölkəyə xarici investisiyaların cəlb edilməsi, onların respublika ərazisində ümumdövlət siyasətinə uyğun yerləşdirilməsi, digər tərəfdən isə respublikanın ixrac potensialının inkişaf etdirilməsi, milli ixracatçıların əlaqələndirilməsi və onların maraqlarının müdafiə olunması istiqamətində qurulması başlıca prinsipdir. Heydər Əliyev deyirdi: "Biz dünyaya açıq bir ölkəyik. Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qururuq, demokratik cəmiyyət formalaşdırırıq. Bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində ölkəmizi dünya iqtisadiyyatına bağlamaq istəyirik. Bu baxımdan ölkəmizin böyük təbii sərvətlərini hərəkətə gətirmək üçün, onu inkişaf etdirmək üçün şübhəsiz ki, bizim xarici şirkətlərlə, xarici ölkələrlə, xarici sərmayəçilərlə sıx əməkdaşlığımız lazımdır. Azərbaycana sərmayə gətirmək lazımdır. Azərbaycana sərmayə qoyuluşunu təmin etmək lazımdır".

Heydər Əliyev xarici investorları Azərbaycanla əməkdaşlığa sövq etmək üçün ölkədə hər cür şərait yaradılmasını, xarici investorların, Azərbaycanda işləmək istəyən iş adamlarının fəaliyyətinin ən əlverişli şəkildə təmin edilmək üçün hüquqi baza yaradılmasını və kifayət qədər güzəştlər verilməsini daim diqqət mərkəzində saxlayırdı. Bütün bunların nəticəsidir ki, indi Azərbaycan təkcə MDB məkanında deyil, Şərqi Avropa dövlətləri arasında da xarici investisiyanın cəlb olunmasına görə öncül yerlərdən birini tutur.

"Müasir Azərbaycan dövrün baxışında" kitabında bütün bunlar ümumiləşdirilərək belə bir qənaətə gəlinir ki, "...bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modelinin - Azərbaycan modelinin əsası qoyuldu. Sonrakı illərdə davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətlərinin sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması özünü büruzə verdi".

Həm də kitab müəlliflərinin fikrincə, inkişaf və tərəqqinin Heydər Əliyev modeli dediyimiz Azərbaycan modeli üzrə iqtisadi siyasətin həyata keçirilmə taktikasının əsas fərqləndirici xüsusiyyətlərini "göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən proqramlar üzrə aparılması, qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir".

 

(ardı var)

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2011.- 26 oktyabr.- S. 10.