Bioetika haqda nə bilirik
Son vaxtlar elmi mühitdə bioetika ifadəsi ilə tez-tez rastlaşırıq. Azərbaycanda bu elm sahəsi kifayət qədər gənc olsa da, artıq böyük nailiyyətlərimiz var. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin sessiyasının Şərqi Avropada ilk dəfə olaraq Bakı şəhərində 2011-ci ilin may-iyun aylarında keçirilməsi bunun bariz nümunəsidir.
Bioetikanın Azərbaycanda son iki ildə sürətlə inkişafında rolu olan qurumlardan biri də AMEA-nın İnsan Hüquqları İnstitutudur. Təsadüfi deyil ki, sessiya zamanı YUNESKO-nun Baş ofisi İnsan Hüquqları İnstitutunda bioetikanın tədrisi prinsipləri haqqında ilk treninq seminarı keçirmişdir. Məhz institutun təşəbbüsləri nəticəsində YUNESKO-nun Bioetika kafedralarının Beynəlxalq Şəbəkəsinin Azərbaycan Bürosu 2010-cu ildə fəaliyyətə başlamış, postsovet məkanında ilk dəfə olaraq bioetika və tibbi hüquq elmi ixtisası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi ixtisaslar üzrə nomenklaturaya daxil edilmiş və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. Azərbaycanda bu sahədə gələcək mütəxəssislərin hazırlanması üçün ilk dəfə olaraq 2011-ci ildə institutda digər ixtisaslarla bərabər bu ixtisas üzrə də doktoranturaya və dissertanturaya qəbul nəzərdə tutulmuşdur. İnstitutun və YUNESKO-nun Bioetika kafedralarının Beynəlxalq Şəbəkəsinin Azərbaycan Bürosunun digər təşəbbüsləri arasında Azərbaycan Televiziyası ilə birgə ictimai müzakirələr formatında "Bioetika" verilişinin yaradılmasını, YUNESKO-nun Baş ofisi, Təhsil Nazirliyi və Bakı Dövlət Universiteti ilə birgə bioetika və tibbi hüquq fənninin tədrisinə başlanmasını, Moskva Dövlət Universitetinin Bakı filialında "Bioetika və tibbi hüquq" kursunun yaradılması haqqında memorandumun imzalanmasını misal qətirmək olar. YUNESKO rəhbərliyi bu fəaliyyəti yüksək qiymətləndirərək institutun bu sahədə regionda pioner olduğunu, görülmüş işlərin fundamental xarakter daşıdığını bildirməklə Şərqi Avropada bioetika müəllimləri üçün YUNESKO-nun bioetika üzrə baza tədris proqramı haqqında ilk treninq seminarının 12-16 dekabr 2011-ci il tarixində məhz İnsan Hüquqları İnstitutunda təşkil edilməsi barədə qərara gəlmişdir.
Professor Vüqar Məmmədov bioetika, tibbi hüquq və məhkəmə təbabəti üzrə dünyada tanınmış və ölkəmizdə ilk mütəxəssislərdən biridir. Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 1997-ci ildə məhkəmə təbabəti üzrə namizədlik, 2004-cü ildə isə Moskvada doktorluq dissertasiyalarını müdafiə edib. ATU-nun Məhkəmə təbabəti kafedrasının və BDU-nun Kriminalistika kafedrasının professorudur. Müxtəlif illərdə Böyük Brianiya və ABŞ-ın nüfuzlu universitetlərində ixtisaslaşma kursları keçib. 2010-cu ildə YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosunun rəhbəri təyin olunub. Ötən ilin mart ayından Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunda Bioetika və tibbi hüquq şöbəsinin müdiri, 2011-ci ildən isə institutun elmi işlər üzrə direktor müavinidir. Ümumdünya və Amerika tibbi hüquq assosiasiyalarının üzvü, Avropa Tibbi Hüquq Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Bioetikanın cəmiyyətdə, həyatda, elmdə, təhsil və səhiyyədəki praktiki yeri və rolu ilə bağlı professor Vüqar Məmmədov fikirlərini qəzetimizlə bölüşdü:
- Əvvəlcə haqqında söhbətin gedəcəyi anlayışın ehtiva etdiyi məna ilə tanış olaq. Bioetika - "həyatın etikası" anlamına gəlir və mütəxəssislər onu insanın təbabət və biologiyadakı fəaliyyətinin mənəvi tərəfləri haqqında elm adlandırırlar. Bioetika biotibbi elmlərin tərəqqisi və ən yeni texnologiyaların insanın gündəlik həyatına tətbiqi ilə əlaqədar yaranan etik, tibbi, bioloji və hüquqi problemlərlə məşğul olan elmlərarası tədqiqat sahəsidir. Bioetika ənənəvi etikanın, hüquq, fəlsəfə və təbabətin elementlərini özündə birləşdirir.
Planetimizdə bioetika və tibbi hüququn bərqərar olması yüksək biotibbi texnologiyalar sahəsindəki inqilabi nailiyyətlərlə şərtlənmişdir. XX əsrin 70-ci illərinin əvvəllərində təbabətdə elmi-texniki tərəqqinin nailiyyətlərini, transplantologiya, gen mühəndisliyi, reanimatologiya, reproduktiv texnologiyalar və s. sahələrdə yeni imkanları qiymətləndirmək zəruriliyindən ABŞ-da yaranan bioetika tezliklə həm tibb elminin, həm də tibbi etikanın hüdudlarından kənara çıxdı. Tibbi hüquq isə hüququn müstəqil sahəsi kimi formalaşmağa başladı. Belə bir vəziyyətin yaranması biologiya və təbabət sahəsində ən yeni ixtiraların təkcə həyat və ölüm, norma və patologiya, xeyir və şər haqqında təsəvvürlərimizi deyil, eləcə də bütün bəşəriyyətin həyatının inkişaf perspektivlərini dəyişməyə qadir olması ilə şərtləndi. Müasir təbabətin sürətlə dəyişilməsi, demək olar ki, bütün tibb aləminin qarşısında bioetik və hüquqi problemlərin nəzərdən keçirilməsinin və həllinin zəruriliyi məsələsini qaldırdı və indi də bu davam edir. Bioetikaya yeni reproduktiv texnologiyaların (süni mayalandırma, surroqat analıq), insanlar və heyvanlar üzərində eksperimentlərin keçirilməsinin, evtanaziyanın etik və hüquqi problemlərini, ölməkdə olan xəstələrə münasibət, vaksinləşdirmə və QİÇS, genetika, transplantologiya, təbabətdə ədalət, insanın klonlaşdırılması, kötük hüceyrələri ilə manipulyasiya, həkimlər və biznesin qarşılıqlı münasibəti problemlərini aid edirlər.
Son iki ildə Azərbaycanda da bioetika sahəsində konkret layihələr həyata keçirilir. Belə ki, AMEA-nın İnsan Hüquqları İnstitutunda Bioetika və tibbi hüquq şöbəsi açılmış, YUNESKO-nun Bioetika kafedrasının təmsilçiliyi təsis edilmişdir. Ötən ilin sonlarında "YUNESKO-nun Bioetika Proqramının Azərbaycanda reallaşması" mövzusunda beynəlxalq simpozium keçirdik. Həmin tədbirdə YUNESKO-nun Bioetika kafedrasının müdiri professor Amnon Karmi də iştirak edərək bioetika və onun müxtəlif aspektləri ilə bağlı məruzə ilə çıxış etdi. Bu il də tədbirlər sarıdan kifayət qədər məhsuldar olmuşdur. Məsələn, yanvar ayında xarici ekspertlərin iştirakı ilə "Azərbaycanda palliativ yardım proqramı və bioetikanın əsas prinsipləri" mövzusunda elmi-praktik seminar təşkil etmişdik. YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyasında fəal iştirak etdik. YUNESKO-nun baş direktorunun müavini, sosial və humanitar işlər üzrə sektorun rəhbəri xanım Pilar Alvares-Laso, YUNESKO-nun Bioetika şöbəsinin müdiri xanım Dafna Feynholds, o cümlədən Bioetika üzrə Beynəlxalq Komitənin 36 ölkəni təmsil edən ekspertləri və çoxsaylı müşahidəçiləri də bu beynəlxalq əhəmiyyətli elmi sessiyaya qatılmışdılar.
Bu ay Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş "Səhiyyədə hüquqi və etik məsələlər" mövzusunda beynəlxalq konfrans və treninq seminar keçirdik. Tədbirin əsas məruzəsi Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Səhiyyə siyasəti və idarəolunması kafedrasının professoru Din Harris tərəfindən edildi. Daha sonra 12-16 dekabr 2011-ci ildə Şərqi Avropada ilk dəfə olaraq YUNESKO-nun bioetika müəllimləri üçün baza tədris proqramı üzrə treninq seminar keçirməyi planlaşdırmışıq və bu məqsədlə İsraildən YUNESKO-nun bu sahədə əsas ekspertləri olan professor Amnon Karmi, prof. Şamuel Volfman və professor Daniella Keydar Bakıda olacaqlar.
Heç şübhəsiz, hər bir elmin inkişafı, populyarlaşması onun tədrisi ilə sıx bağlıdır. Hələ 1994-cü ilin oktyabrında Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının Bioetikanın təlim olunması məsələləri üzrə IV konfransında tədbir iştirakçıları yekdilliklə qeyd ediblər ki, bioetikanın tədrisi tibbi təhsilin ayrılmaz hissəsi olmalıdır və bu, bütün tədris prosesi və diplomdansonrakı təhsil boyu məcburi və fasiləsiz şəkildə həyata keçirilməlidir. Bu məqsədlə bütün tibb məktəblərində hökmən bioetika və tibbi hüquq kafedrası və lazımi sayda müəllimlər olmalıdır. İki il sonra Avropa Şurası tərəfindən qəbul edilmiş "İnsan hüquqları və biotəbabət haqqında" Konvensiyanın qüvvəyə minməsi ilə bioetikanın prinsip və müddəaları Azərbaycan da daxil olmaqla, Avropa Şurasının üzvü olan ölkələrdə qanun qüvvəsinə minib. Bu gün bioetik və tibbi hüquq təkcə Şimali Amerika və Avropanın deyil, həmçinin Asiya, Afrika və Latın Amerikasının əksər ölkələrinin ali və tibbi təhsil müəssisələrində məcburi fənn kimi tədris edilir.
Bioetika elminin ali məktəblərdə tədrisi ilə bağlı ölkəmizdə də müəyyən işlər görülməkdədir. İnstitutumuzun əməkdaşları artıq bir müddətdir ki, Təhsil Nazirliyində bioetikanın Azərbaycanda tədrisinin inkişafı ilə bağlı görüşlər keçirir. Nazirlik bioetikanın orta və ali tədris müəssisələrində tədris edilməsi ideyasını tam dəstəkləmiş, hətta "Bioetika və yeni etik çağırışlar" mövzusunda məruzəmizin nazirliyin əməkdaşları üçün təqdimatını da keçirmişdir. Təhsil Nazirliyində aparılmış müzakirələrdə Tibb Universitetində, hüquq və digər sosial-humanitar fakültələrdə bioetikanın tədrisinin çox vacib olduğu bir daha vurğulanmışdır. Bu günə qədər təbabət etikasının tədrisi yalnız Azərbaycan Tibb Universitetində təşkil olunub, lakin ekspertlərin fikrincə, bu sahədə ixtisaslaşmış mütəxəssislər olmadığından bu fənlərin tədrisini digər ixtisas sahibləri aparırlar. Heç bir digər ali və orta təhsil ocağında, o cümlədən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, tibb texnikumlarında, Bakı Dövlət Universitetinin hüquq, biologiya, sosiologiya, jurnalistika, psixologiya fakültələrində bioetika fənni tədris olunmur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səhiyyəyə və təbabətə ciddi diqqət ayırdıqları bir şəraitdə Səhiyyə Nazirliyinin rəhbərliyi altında əhaliyə göstərilən müalicə-profilaktik xidmətlərin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyü bir vaxtda tibbi hüquq və bioetika sahəsində olan boşluqların aradan qaldırılması, görülən böyük işlərin nəticəsiz qalmaması üçün hüquqi və etik normaların inkişafına da lazımi diqqət yetirmək gərəkdir. Oktyabr ayında keçirdiyimiz konfransda məhz tibbi hüququn səhiyyədə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə necə töhfə verməsi haqda iştirakçılara geniş məlumat veriləcək.
Ulu öndər Heydər Əliyev demişdir ki, həkim üçün... ən əsas keyfiyyət yüksək mənəviyyatdır. Bunun üçün də həkimlər, tibb işçiləri bioetika və tibbi hüququ yaxşı mənimsəməlidirlər. Etiraf edək ki, bu sahədə bir çox etik və hüquqi normaların hazırlanması istiqamətində elmi tədqiqatların və araşdırmaların aparılmasında digər ölkələrə nisbətən xeyli gecikmişik. Xəstə hüquqları, məlumatlandırılmış razılıq, ölüm hallarının araşdırılmasına yanaşmalar, həkimlərin əczaçılıq biznesi ilə əlaqələrinin etik və hüquqi tərəfləri sahələrində ölkəmizdə hələ heç bir ciddi elmi araşdırma və yaxud tədqiqat aparılmamışdır.
Bu gün hüquq fakültəsinin tələbələri hansı hərəkətin hüquqi, hansının hüquqazidd olmasını öyrənir. Lakin onların gələcəkdə hansı hərəkətin doğru olub-olmamasını düzgün qiymətləndirməsi, mürəkkəb etik dilemmalar zamanı doğru qərarlar verməsi üçün bioetika sahəsində müasir proqramlar əsasında tədris aparılmalıdır. Hüquqşünaslar vətəndaşlarımızın həyat hüququ, sağlamlıq hüququ kimi vacib konstitusional insan hüquqlarının müdafiəsi üçün tibbi hüquq fənnini yaxşı öyrənməlidirlər. Cəmiyyətimizin düzgün istiqamətdə inkişaf etməsi üçün belə fənlərin tədrisi formal xarakterli yox, interaktiv şəkildə, müasir tədris vasitələrindən, real həyatdan gətirilmiş misallardan istifadə edilməklə aparılmalıdır.
Təbii ki, bioetika sahəsində apardığımız fəaliyyətə sistemli xarakter vermək, onun aktuallığından irəli gələn səmərəlilik əmsalını artırmaq məqsədilə hazırda YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosunun dəstəyi ilə AMEA İnsan Hüquqları İnstitutunda ölkəmizdə bioetika və tibbi hüququn inkişafı, tibbi və hüquqi təhsil müəssisələrinin tədris planlarına bioetika və tibbi hüquq fənlərinin daxil edilməsi, bu fənlər üzrə yeni elmi ixtisasların yaradılması və elmi şifrlərin qeydiyyatdan keçirilməsi istiqamətində layihə üzərində işə başlamışıq. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin Dəstəklənməsi Fonduna təqdim olunmuşdur. Artıq bu işin konkret nəticələri barədə nəsə söyləmək mümkündür. Sahə üzrə ixtisaslı kadr korpusu yaratmaq məqsədilə Elmlər Akademiyasında bioetika və tibbi hüquq ixtisası üzrə doktorantura və dissertantura pillələri yaradılmışdır. Dövlət tərəfindən artıq bu ixtisasa aid şifrə təsdiq edilmişdir ki, bu da gələcəkdə müvafiq ixtisas üzrə gənc milli kadrların yetişdirilməsi üçün geniş imkanlar açacaqdır.
Büromuz YUNESKO-nun Bioetika kafedrası, YUNESKO-nun Azərbaycandakı daimi nümayəndəliyi, Azərbaycanda Milli Komitəsi, Moskva Bürosu, Dünya Tibbi Hüquq Assosiasiyası ilə sıx əməkdaşlıq edir. Artıq bioetika və tibbi hüquq fənlərinin müxtəlif fakültələrdə tədrisi üçün nəzərdə tutulmuş kurikulumlar əldə edilib və Azərbaycan dilinə tərcümə olunub. Təhsil və Səhiyyə nazirlikləri, ali və orta ixtisas məktəblərinin rəhbərliyi ilə sıx əməkdaşlıq qurmaq istəyirik. Ali məktəblərin birində bioetika və tibbi hüquq mərkəzinin və ya kafedrasının yaradılması da məqsədlərdən biridir. İnstitutumuzun vasitəçiliyi ilə YUNESKO-nun Baş Ofisi və Bakı Dövlət Universitetinin rəhbərliyi bu yaxınlarda Bioetika Baza Tədris Proqramının sınaqdan keçməsi haqqında razılığa gəliblər. Ümidvarıq ki, bu xətt çox perspektivli olacaqdır.
Bioetika və tibbi hüquq fənlərinin Azərbaycanın təhsil sisteminə tətbiq edilməsinin yolları və prinsipləri Prezident İlham Əliyevin 4 may 2009-cu il tarixdə imzaladığı "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"dan və "Təhsil qanunu"ndan irəli gələn vəzifələrlə uzlaşdırılmışdır. Gələcəkdə bu fənlər tibb, hüquq, fəlsəfə, sosiologiya, psixologiya, jurnalistika, biologiya, kənd təsərrüfatı və texnologiyalar üzrə respublikamızın bütün ali və orta ixtisas məktəblərində tədris olunmalıdır.
Bir məsələyə də aydınlıq gətirmək istərdim. Bioetika ilə tibbi etikanı heç vəchlə qarışdırmaq olmaz. Bu gün həqiqətən də Tibb Universitetində tibbi etika tədris olunur. Lakin bioetika tibbi etikanı da əhatə etməklə daha geniş anlayışdır. Bunlar arasında bir sıra fərqlər vardır. Birincisi, bu gün bəşəriyyətin qarşısında duran problemləri təkcə həkimlər yox, artıq filosoflar, hüquqşünaslar, ilahiyyatçılar, psixoloqlar, politoloqlar, siyasətçilər və digər mütəxəssislər də tədqiq edirlər. Məsələn, modifikasiya olunmuş məhsullar tək bioloqların, həkimlərin problemi deyil. O, həm də siyasətçilərin problemidir, yəni o problem artıq ictimai-siyasi məna kəsb etmişdir.
İkinci prinsipial fərq bundan ibarətdir ki, bioetika akademik və maarifçi fəaliyyət sahəsidir. Artıq bir çox ölkələrdə uşaq bağçalarından, məktəblər və liseylərdən başlayaraq universitetlərə qədər müxtəlif bioetik kurslar tədris edilir. 2000-ci ildən etibarən, məsələn, qonşu Rusiyanın ali tibb məktəblərində tibbi etika yox, bioetika məcburi fənn kimi tədris edilməyə başlanıb.
Üçüncü fərq də odur ki, bu, çox sürətlə inkişaf edən sosial bir institutdur. Bununla BMT, YUNESKO, ÜST və s. kimi beynəlxalq təşkilatlar, dövlət və müvafiq peşə təşkilatları məşğuldur. Bütövlükdə bioetika müəyyən baxımdan səhiyyə sahəsində insan hüquqlarının qorunması hərəkatının bir hissəsidir.
Bir qədər əvvəl YUNESKO-nun baş direktoru İrina Bokova AMEA rəhbərliyinə Bakıda BBK-nin XVIII sessiyasının yüksək səviyyədə təşkil edilməsinə görə minnətdarlıq məktubu göndərərək İnsan Hüquqları İnstitutunun fəaliyyətini xüsusi vurğulamışdır. Yaxın günlərdə isə YUNESKO-nun baş direktor müavini, sosial-humanitar işlər üzrə sektor rəhbəri Pilar Alvares-Lasonun instituta göndərdiyi məktubu aldıq. O, sessiyanın "Şərqi Avropada bioetika" seksiyasında təqdim etdiyim "Bioetika və insan hüquqları: yeni etik çağırışlar" mövzusunda təqdimatımın konstruktiv və məhsuldar müzakirələrə təkan verdiyini bildirmiş, aktual bioetik çağırışlara münasibətimizin elmlilik və müasirlik dərəcəsindən məmnunluğunu ifadə edərək institutun direktoru Aytən Mustafayeva ilə və mənimlə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu vurğulamışdır.
Bu gün bioetika sahəsində müxtəlif beynəlxalq tədbirlər keçirilir. İnstitutumuz onların işində fəal iştirak edir. Bu cür görüşlər, digər ölkələrdən olan həmkarlarımızla olan söhbətlər, həmçinin müxtəlif sessiyalardakı məruzələri dinləməklə hüquq və təbabətin vəhdəti olan tibbi hüquq elminin nə qədər irəli getdiyini, hazırda dünyada bu fənnin nə qədər yeni istiqamətlərinin olduğunu xüsusi qeyd etməyi lazım bilirik.
Söhbəti yazdı: Xalid
NİYAZOV
Azərbaycan.- 2011.-26 oktyabr.- S. 11.