Avstriya bəstəkarının
«Sehrli fleyta» operası Azərbaycan səhnəsində
Azərbaycan Dövlət Opera və Balet Teatrı öz tamaşaçılarını dünyanın musiqi incəsənətinin ən parlaq nümunələri ilə tanış etməkdə davam edir. Teatr bu dəfə Avstriyanın məşhur bəstəkarı Volfqanq Amadey Motsartın dünya opera teatrlarının repertuarlarında özünə layiq yer tutan "Sehrli fleyta" operasını öz solistlərinin ifasında tamaşaya qoymuşdur. Musiqi materialı vokal baxımından mürəkkəb sayılan operanı dinləməyə gələnlər yenə də teatrdan məmnunluq hisləri ilə ayrıldılar. Çünki əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovun təfsirində Motsart musiqisi ürəyəyatan səsləndi, ifaçılar məharətlə çıxış etdilər.
Respublikanın əməkdar artisti İnarə Babayeva geniş diapazonlu soprano səsi və professional artistlik qabiliyyəti ilə dinləyiciləri məmnun qoydu. Bənzərsiz səs gücünə və təbii oyun tərzinə görə sevilən bas səsli Əli Əsgərov həmişəki kimi, bu dəfə də məharət göstərdi. Əməkdar artist Gülnaz İsmayılova Azərbaycanda nadir sayılan koloratur soprano səsi və mükəmməl ifa tərzi ilə seçildi. O, Gecələr şahzadəsi partiyasını yüksək peşəkarlıqla oxudu. Çətin stakkato ifası anları çox xoşagələn alındı.
Tural Ağasiyevin, bariton İlham Nəzərlinin, metso soprano Səbinə Əsədovanın və Səbinə Vahabzadənin ifaları tamaşaçılar tərəfindən yüksək dəyərləndirildi. Səhnəmizin istedadlı tenoru Fərid Əliyevin çıxışı ifa tərzinin mükəmməlliyi ilə qəlblərə hakim kəsildi. Yeri gəlmişkən, bu opera ilk dəfə 1791-ci ildə Vyana opera teatrlarının birində müəllifin dirijorluğu ilə həyata vəsiqə qazanmışdır. O vaxtdan da operasevərlərin qəlbini fəth etməkdədir.
Teatrın opera truppasında istedadlı ifaçıların çoxluğu sevindirici haldır. Bu olay istənilən musiqili əsəri uğurla tamaşaya qoymaq üçün yetərlidir. Operasevərlər yaxın gələcəkdə öz solistlərimizin gücü ilə dünya opera klassiklərinin bir çox əsərini - Cüzeppe Verdinin "Otello", Cakomo Puççininin böyük Nizami Gəncəvinin motivləri əsasında bəstələdiyi "Turandot" operasını kənardan qastrolçu çağırmadan dinləmək imkanı qazanacaqlar. Bu isə o deməkdir ki, artıq tenor, soprano, bariton, kolaratur soprano opera teatrımızın gənclərdən ibarət geniş səs imkanlı ifaçıları vardır.
Arif HÜSEYNOV
Azərbaycan.- 2011.-26 oktyabr.- S. 12.