Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ölkəmizin  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə Azərbaycan hökumətini, Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi təbrik etdi. Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirdi.

Müstəqilliyimizin ildönümündə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin önəmini qeyd edən dövlətimizin başçısı bunu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun real göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi zaman verdiyi dəstəyə görə Gürcüstan hökumətinə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişafı məmnunluqla qeyd olundu, əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 27 oktyabr.- S.  1.