Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlər üzrə fəal inkişaf edir

 

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə oktyabrın 26-da Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycanın Baş naziri qeyd etmişdir ki, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlər üzrə fəal inkişaf edir. Artur Rasizadə iki ölkə arasında, xüsusilə iqtisadi sahədə əlaqələri yüksək qiymətləndirmiş və demişdir ki, münasibətlərimizin bu səviyyəyə çatmasında dövlətlərimizin başçılarının mühüm rolu olmuşdur. Azərbaycan hökumətinin başçısı ikitərəfli əlaqələrin inkişafının regionun ümumi vəziyyətinə də müsbət təsir göstərdiyini vurğulamışdır.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə ölkənin Baş nazirini təbrik etmiş və bunu respublikanın diplomatik həyatında vacib hadisə adlandırmışdır. "Bu üzvlük Azərbaycanın nüfuzunun bariz göstəricisidir", - deyən xarici işlər naziri belə uğurların davamını arzulamışdır. Q.Vaşadze Azərbaycan-Gürcüstan əlaqələrinin, birgə həyata keçirilən iri regional layihələrin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27 oktyabr.- S.  2.