ATƏT PA-nın payız sessiyası Azərbaycanın ədalətli mövqeyini Avropaya bəyan etdi

 

 Bahar MURADOVA: "Ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi müstəqil Azərbaycan dövlətinə və onun Prezidentinə dünyada böyük etimadın göstəricisidir"  

 

Oktyabrın 6-dan 11-dək Xorvatiyanın Dubrovnik şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilib. Milli Məclis Sədrinin müavini, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə Azərbaycan parlamentinin bir qrup deputatı sessiyada iştirak edib. Tədbirdə Cənub-Şərqi Avropa regionunun inkişafı, burada yerləşən ölkələr arasında iqtisadi əməkdaşlıq, onların Avratlantik məkana inteqrasiyası, Aralıq dənizi bölgəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi kimi məsələlərə baxılıb. Həmçinin sessiyada "ATƏT-in münaqişələrin həllində rolu: Dağlıq Qarabağ" mövzusunda xüsusi dinləmələr keçirilib, ilk dəfə olaraq ATƏT PA-da Minsk qrupunun həmsədrlərinin və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə müzakirələr aparılıb.

Milli Məclis Sədrinin müavini, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə müsahibəmiz də bununla bağlı oldu.

- Bahar xanım, öncə istərdik ki, ATƏT PA-nın payız sessiyasının işi, müzakirə olunmuş məsələlər barədə məlumat verəsiniz.

- Bu sessiyada əsas müzakirə mövzusu "Cənub-Şərqi Avropa regionunun inkişafı: çağırışlar, imkanlar və perspektivlər" məsələsi idi. Sessiyanın birinci günü müzakirələr bu istiqamətdə aparıldı. Cənub-Şərqi Avropada son illər baş verən hadisələr, dəyişikliklər, keçmiş Yuqoslaviyaya daxil olan ölkələrin müstəqillik əldə etməsi, orada müxtəlif münaqişələrin, kataklizmlərin müşahidə olunması ilə əlaqədar bu, kifayət qədər maraqlı mövzu idi. Serbiya ilə Kosovo arasında toqquşmaların hələ müəyyən mənada davam etməsinə baxmayaraq, artıq Avropanın bu hissəsində sülh əldə olunmaqdadır. Serbiya ilə Kosovo hüquqi cəhətdən artıq problemlərin həllini sona çatdırıblar. Sessiyada həm ölkələrin özlərinin, həm də beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in bu prosesdə iştirakı ilə əlaqədar fikir mübadiləsi aparıldı, bu nümunələr ətrafında digər münaqişələrin də həllinə müəyyən yanaşmalar barədə fikirlər səsləndi.

Bizim üçün  ən önəmlisi sessiya çərçivəsində oktyabrın 8-də keçirilən "ATƏT-in münaqişələrin həllində rolu: Dağlıq Qarabağ" mövzusunda dinləmələr idi. Öncə qeyd edim ki, Azərbaycan nümayəndə heyəti sessiyanın ilk günü müzakirələrdə yaxından iştirak etdi. Deputatlarımız müzakirə olunan məsələlər kontekstindən çıxış edərək Azərbaycanda və regiondakı proseslər, o cümlədən Dağlıq Qarabağ məsələsi, qaçqın-köçkünlərin vəziyyəti barədə fikirlərini sessiya iştirakçılarına çatdırdılar. Müzakirələr kifayət qədər səmərəli keçdi. Bu müzakirələri növbəti günü keçirilən dinləmələrə hazırlıq kimi də qəbul etmək olardı. Çünki artıq bütün ölkələrdən olan parlamentarilər bu ruha köklənmişdilər. Müzakirələrdə söhbət təkcə münaqişələrdən getmirdi. İqtisadi əməkdaşlıq, korrupsiyaya və insan alverinə qarşı mübarizə, inteqrasiya prosesləri və s. məsələlər ciddi müzakirə olundu. Ekspertlərin məruzələri dinlənildi və ATƏT PA rəsmilərinin bu məsələlərlə bağlı mövqeləri parlamentarilərə çatdırıldı.

- Qeyd etdiniz ki, bizim üçün ən önəmlisi sessiya çərçivəsində keçirilən "ATƏT-in münaqişələrin həllində rolu: Dağlıq Qarabağ" mövzusunda dinləmələr idi. ATƏT PA çərçivəsində ilk dəfə olaraq belə bir formatda dinləmələrin keçirilməsi necə mümkün oldu?

- Biz ATƏT PA-na üzv olduğumuz vaxtdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ayrıca məsələ kimi müzakirəsinə çalışırdıq.  Çox zaman da ciddi maneələrlə üzləşirdik. İndiyədək Dağlıq Qarabağ məsələsi heç vaxt ATƏT PA-nın bu cür müzakirə mövzusuna çevrilməmişdi. Cari ilin əvvəlindən ATƏT PA-nın yeni sədri Petros Eftimiu və sonra onun təyin etdiyi ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşlə bu məsələni müzakirə etdik. Belə bir məsələni təkidlə qoyduq ki, onlar bu vəzifələrini tutduqları müddətdə ən azı Dağlıq Qarabağ probleminin geniş müzakirəsini təşkil etməlidirlər. Bu, təkcə münaqişənin həlli üçün yetərli deyil, həm də ATƏT PA-nın özü üçün çox xüsusi əhəmiyyət kəsb edir. Çünki ATƏT PA ATƏT-in müstəqil və mötəbər bir institutudur. Bu qurum da öz tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yoluna qoyulması üçün Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə və bütövlükdə ATƏT-ə töhfə verməlidir. Digər tərəfdən izah etdik ki, ən azından ATƏT PA-da təmsil olunan parlamentarilərin məsələ ilə bağlı ilkin mənbədən etibarlı məlumat almaq hüquqları var və assambleya rəhbərliyi də bu işi təşkil etməyə borcludur. Çox təəssüf ki, istər Dağlıq Qarabağ məsələsində, istərsə də digər münaqişələrlə bağlı ATƏT PA-nın üzvlərində heç də yekdil rəy yoxdur. Əvvəla ona görə ki, assambleyanın tərkibi tez-tez dəyişir, digər tərəfdən isə bu barədə müfəssəl informasiya heç vaxt parlamentarilərə verilməyib. Düzdür, Azərbaycan nümayəndə heyəti bu istiqamətdə təbliğat işləri aparır, beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qəbul etdikləri sənədlərlə əlaqədar onları məlumatlandırır. Lakin bu istiqamətdə obyektiv məlumalandırma üçün ATƏT PA səviyyəsində daha geniş müzakirələrin keçirilməsinə ehtiyac vardı.

Son illər ATƏT PA-da təmsil olunan parlamentarilər bir sıra tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfərlər ediblər. Bu zaman onlar Azərbaycandakı real vəziyyətlə tanış olublar. Prezident İlham Əliyevlə görüşdə onun mövqeyini eşidiblər, qaçqın və köçkünlərin vəziyyətini yerindəcə görüblər. Biz həm də buna  istinad edərək düşünürdük ki, artıq Dağlıq Qarabağ məsələsinin ATƏT PA səviyyəsində müzakirəsi üçün məqamlar yetişib və bu fürsəti əldən verməməliyik.  Həm P.Eftimiu, həm də J.Soareş bu məsələnin üzərində ciddi işlədilər, həmsədrlərin həmin dinləmələrə dəvət olunması, onların məruzə etmələri kifayət qədər müzakirələrdən keçdi. Nəhayət, Azərbaycan tərəfinin təkidli tələblərindən və təşəbbüslərindən sonra bu iş alındı.

- Dinləmələr hansı atmosferdə keçdi, həmişə ikili standartlardan çıxış edən Avropa rəsmiləri bu dəfə hansı mövqeni ortaya qoydular?

- Dinləmələrin keçirilməsi barədə qərar qəbul olunandan sonra üzərimizə düşən ilk vəzifə bütün parlamentarilərin əlavə məlumatlandırılması idi. Biz 56 üzv ölkəni təmsil edən yüzlərlə parlamentariyə Dağlıq Qarabağla bağlı əsl həqiqətləri özündə əks etdirən sənədlərin, o cümlədən qətnamələrin, qərarların mətnlərini çatdırdıq. Telefon danışıqlarımız oldu, ikitərəfli görüşlər keçirdik. Elə sessiyanın keçirildiyi ilk iki gün ərzində də onlarla intensiv görüşlər keçirildi. Bizim əsas istəyimiz ondan ibarət idi ki, parlamentarilər ən azından zalda əyləşsinlər, həmsədrləri dinləsinlər, diqqətli olsunlar və obyektiv mövqe səsləndirsinlər. Çünki biz bilirdik ki, əgər müzakirə obyektiv keçiriləcəksə, onda mütləq həqiqətin hansı tərəfdə olduğu aydınlaşacaq və obyektiv mövqeli insanlar da öz fikirlərini mütləq bildirəcəkdilər.

Müzakirələri J.Soareş aparırdı. İlk olaraq Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye çıxış etdi. O, münaqişənin başlanması, tarixi, ATƏT-in vasitəçiliyi, həll variantları və tərəflərin bunlara münasibəti, eləcə də hər iki ölkənin problemin yoluna qoyulması ilə bağlı mövqeyi barədə müfəssəl məlumat verdi. Qeyd etdi ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Avropa yalnız Yuqoslaviyadakı vəziyyəti izləyirdi və diqqəti daha çox ora yönəltmişdi. Ona görə Cənubi Qafqaza o qədər də diqqət yetirilmirdi, bu bölgə Avropa sərhədlərindən çox uzaq görünürdü. B.Fasye söylədi ki, Qarabağ Azərbaycanın tərkibində olan bir ərazidir, lakin hazırda bura Ermənistan nəzarət edir. Nəzarət etmək üçün ərazi ətrafında yeddi rayonu işğal etməklə təhlükəsizlik zonası yaradıb. Bunlar çox vacib fikirlərdir. Çünki hələ də bəziləri elə bilir ki, Dağlıq Qarabağ erməni torpağıdır.

Fransalı həmsədr bildirdi ki, bu müharibədə 20-25 min insan həlak olub, 1 milyon qaçqın-köçkün var. 1994-cü ildən atəşkəslə bağlı razılıq əldə olunub, amma bugünədək vəziyyət qeyri-sabitdir və cavan insanların ölümü ilə nəticələnən insidentlər baş verməkdə davam edir. O daha sonra qeyd etdi ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra həmsədrlər münaqişənin həlli yollarını axtarmaqla məşğul olublar. Bu müddət ərzində Dağlıq Qarabağ üzərinə nəzarətin Azərbaycana qaytarılması tələbləri Ermənistanı qane etməyib. Bu fikirlərdən sonra düşünürəm ki, B.Fasyenin mövqeyini konstruktiv hesab etmək olar.

Onun ardınca isə ABŞ-dan olan həmsədr Robert Bradke çıxış etdi. O, münaqişənin həllinin əsas prinsiplərini sadaladı və yeniləşmiş Madrid prinsiplərini diqqətə çatdırdı. R.Bradkenin çıxışında əsas pozitiv hesab etdiyimiz məqam ondan ibarət idi ki, tərəflər elementlərin həlli üçün yararlı variant olduğunu qəbul ediblər, amma razılaşdırılmayan məqamlar da var.

Rusiyalı həmsədr İqor Popov isə ölkəsinin bu məsələdə əlavə vasitəçiliyi, Prezident Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən görüşlər barədə məlumat verdi.  Ümumilikdə həmsədrlər vahid mövqe sərgilədilər. Onlardan sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttində baş verən insidentlər barədə məlumat verdi. O, Dağlıq Qarabağ məsələsinin dondurulmuş deyil, həll edilməmiş münaqişə olduğunu söylədi. Eyni zamanda bu ilin 9 ayında təmas xəttində hər iki tərəfdən 20 nəfərin həlak olduğunu, 36 nəfərin yaralandığını, insidentlərin 9-nun mülki şəxslərlə bağlı olduğunu dedi. A.Kaspşik onu qeyd etdi ki, onların ofisi 5 nəfərlə təmsil olunduğu üçün insidentləri yalnız qeydə alırlar, səbəblərini araşdıra bilmirlər.

Dinləmələrdə tərəflərin nümayəndəsi kimi ilk olaraq mən çıxış etdim. Azərbaycanın sülh siyasətinə sadiq olduğunu qeyd etdim. Bildirdim ki, Avropa məkanında inteqrasiya proseslərinin davam etdiyi bir şəraitdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və Dağlıq Qarabağın Azərbaycandan ayrılması istiqamətində çağırışların edilməsi beynəlxalq hüquq, qanunçuluq və demokratiya dəyərləri ilə bir araya sığmır. Təkliflərimdən biri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsi oldu.

Sonra Ermənistan nümayəndəsi A.Səfəryan çıxış etdi. Onun çıxışı hər zamankı kimi qeyri-konstruktiv oldu. Həmsədrlərin məsələ barədə açıq, konkret mövqe bildirdiyi bir zamanda onun ermənilərin Dağlıq Qarabağa öz müqəddəratlarını təyin etmək üçün mübarizəyə qalxmalarını və Azərbaycanın bunu dayandırmaq üçün müharibəyə başlamasını söyləməsi həmsədrlərin özündə də gülüş doğurdu. O, Ermənistanda bir milyon qaçqının olduğunu söyləyəndə isə zaldakı iştirakçıların çoxu artıq gülüşünü saxlaya bilmədi. Bu qeyri-səmimi çıxışdan Ermənistanın tutduğu mövqedən geri çəkilmədiyi bir daha açıq görünürdü.

Bundan sonra müzakirələr başladı. Həmsədrlərdən və tərəflərin nümayəndələrindən əlavə 19 nəfər çıxış etdi. Bu çıxışların hamısı konstruktiv ruhda oldu. Ümumi və əsas prinsipial xətt ondan ibarət idi ki, münaqişə həll olunmalı, status-kvo dəyişilməlidir. Yəni vəziyyət bu şəkildə davam edə bilməz. İşğalçı öz adı ilə çağırılmalı, işğal etdiyi ərazidən çıxmalıdır. Öz müqəddəratını təyinetmə adı altında insanları məhvə məhkum edən, onları yurdundan didərgin salan hərbi cinayətkarlar mütləq beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdırlar. Belə açıq, kəskin və qəti mövqelər ortaya qoyuldu. Ukrayna nümayəndəsi, ATƏT-in vitse-prezidenti Oleh Bilorus kifayət qədər kəskin və ədalətli mövqe tutdu. Fransalı Roland Blüm, Belçika və Çexiya nümayəndə heyətlərinin rəhbərləri, digər ölkələrdən olan parlamentarilər də ədalətli və haqlı mövqe nümayiş etdirdilər. Bu, onların kifayət qədər məlumatlı olmasından irəli gəlirdi. Onların əksəriyyəti dəfələrlə Azərbaycanda olublar. Məsələn, ATƏT-in vitse-prezidenti, avstriyalı parlamentari Volfqanq Qrossruk Azərbaycanda seçki prosesini izləyib. Bakıda keçirilən müxtəlif konfranslarda iştirak edib. O, hər şeyi gözü ilə görüb. Ona görə çıxışında tələb edirdi ki, münaqişə beynəlxalq hüququn normaları, BMT-nin qətnamələri əsasında həllini tapmalıdır. Bu onu göstərir ki, insanlar məlumat aldıqca həqiqətin öz yerini tapmasına daha çox yardım göstərə bilirlər.

Bütövlükdə çıxış edənlər konstruktiv və obyektiv mövqe ortaya qoydular. Onların  beş nəfəri ATƏT PA-nın vitse-prezidenti idi və mövqeləri üst-üstə düşürdü. Bu adamlar inanmadıqları, dəqiq bilmədikləri və qanuni hesab etmədikləri bir məsələ haqqında fikir səsləndirməzlər. Ümumiyyətlə, elə bir çıxış olmadı ki, burada Ermənistana haqq qazandıra biləcək fikir səsləndirilsin. Hətta bizim əvvəldən müəyyən mənada ermənipərəst mövqeli olduğunu düşündüyümüz parlamentarilər belə ən azından neytral mövqedən çıxış etdilər, münaqişənin sülh yolu ilə həllinin vacibliyini bildirdilər.

Dinləmələr başa çatanda bütün ATƏT rəsmiləri yaxşı əhval-ruhiyyədə idilər. P. Eftimiu və J.Soareş nikbin görünürdülər. Həmsədrlər də müzakirələrdən razı qaldılar. Hamı Azərbaycan nümayəndə heyətini təbrik edirdi. Şəxsi müzakirələrdə də vurğulandı ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutdu və Azərbaycanın pozitiv mövqeyi daha məqsədəuyğundur, sülhə yaxındır və ədalətlidir.

Bu cür dinləmələr özü-özlüyündə problemin ədalətli həllinə yol açır, bu məsələ barədə beynəlxalq ictimaiyyətdə doğru-düzgün təsəvvürlərin formalaşmasına şərait yaradır. Çünki münaqişənin mahiyyətini bəziləri düzgün bilmir. Bəzilərinin isə təsəvvürləri yanlışdır. Məsələn, fransalı deputat Erik Rault söylədi ki, indiyədək Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu düşünürmüş. Amma indi ona aydın oldu ki, bu münaqişənin haqlı tərəfi Azərbaycandır.

Bir sözlə,  müzakirələr bizim üçün uğurlu, məhsuldar və səmərəli keçdi, istədiyimizə nail olduq. Çünki həqiqət ortaya qoyuldu. Parlamentarilər işğalçının və işğala məruz qalanın kim olduğunu, beynəlxalq hüququn kimin tərəfində, kimin haqsız, kimin haqlı olduğunu bir daha bildilər. Bir çox suallara aydınlıq gətirildi.

Biz bu müzakirələrin qış sessiyasında, eləcə də yay sessiyasında qəbul ediləcək sənədlərdə adekvat əksini tapmasına çalışacağıq. Hesab edirəm ki, bütün bunlar bizim üçün Dağlıq Qarabağ problemini məlumatlandırmaq müstəvisindən çıxararaq, artıq öz mövqeyimizi daha qətiyyətlə ortaya qoymağa imkan verəcək.

- Dediniz ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsini təklif etmisiniz. Belə bir görüşün zəruriliyi barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?

- Azərbaycan nümayəndə heyətinin müzakirələrdə təklifi ondan ibarət idi ki, ATƏT PA işini bu dinləmələrin keçirilməsi ilə bitmiş hesab etməməlidir. Bu iş davam etməlidir və sonrakı dövrdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşünün keçirilməsi məqsədəuyğun olardı.  Dağlıq Qarabağın azərbaycanlı və erməni icması bu regionun gələcək idarə olunması, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı etimadın yaradılması ilə bağlı fikir mübadiləsi apararlarsa, bu, münaqişənin həllinə öz müsbət təsirini göstərər. Çünki bu regionda yaşayacaq icmalar bir-biri ilə ünsiyyətdə olmalıdırlar. Onlar  kifayət qədər uzun müddət bir-birindən kənar düşüblər və hər kəs öz həqiqətini daha üstün tutmağa çalışır. Birgə yaşayacaq insanların bir-biri ilə ünsiyyətdə olması vacibdir.

Hesab edirəm ki, bu təşəbbüslərdə ardıcıl olmaq və qarşı tərəfin qeyri-konstruktiv mövqeyini məhz bu ardıcıllıqla sübut etmək lazımdır. Çünki belə olduqda onların bütün arqumentləri əllərindən alınır. Biz deyirik ki, bu regionda yaşayan insanlar görüşüb söhbət etsinlər. Buna niyə mane olmaq lazımdır? Hələ ki, Ermənistan tərəfindən bu məsələ ilə əlaqədar konkret münasibət yoxdur. Sadəcə Dağlıq Qarabağda bir-iki nəfər bu məsələnin qeyri-mümkünlüyünə işarə vurub.

- Fransalı həmsədr çıxışında Azərbaycanın hərbi büdcəsinin artımından söz açıb.  Azərbaycan nümayəndə heyəti onun "narahatlığını" necə cavablandırıb?

- Müzakirələrin sonunda hər iki tərəfin nümayəndəsinə çıxış üçün vaxt verildi. Mən B. Fasyenin çıxışındakı iki məqama açıqlama verdim. Bunlardan biri Azərbaycanın hərbi büdcəsinin Ermənistan dövlət büdcəsindən çox olması ilə bağlı idi. B.Fasye bundan ehtiyatlandığını bildirdi. Biz isə ona cavab verdik ki, Azərbaycan hərtərəfli inkişaf edir. Ona görə Azərbaycanın büdcəsi də proporsional şəkildə inkişaf edir. Azərbaycanın hərbi büdcəsi təhsil sahəsi ilə müqayisədə götürdükdə təxminən eynidir. Ölkəmizdə eyni dərəcədə başqa sahələrə də maliyyə vəsaiti ayrılır. Digər tərəfdən Azərbaycanın öz təhlükəsizliyi ilə bağlı atdığı addımlar yalnız ona görə deyil ki, münaqişə zonasından təhlükə var. Azərbaycan elə bölgədə yerləşir ki, ona çox yerdən təhlükə ola bilər. Ona görə biz ölkəmizin təhlükəsizliyi barədə həmişə düşünürük və iqtisadi imkanlarımızla təhlükəsizliyimizin etibarlı təminatını təşkil edirik. Digər tərəfdən ölkə hərtərəfli inkişaf edirsə, necə ola bilər ki, hərbi sahə geri qalsın.

Başqa bir məsələ snayperlərin geri çəkilməsi ilə bağlı idi. Fikir səsləndi ki, Ermənistan snayperlərin geri çəkilməsinə razıdır, amma Azərbaycan yox. Biz bununla bağlı mövqeyimizi belə ifadə etdik ki, Azərbaycan ümumiyyətlə bölgədən qoşunların çıxarılmasının tərəfdarıdır. Azərbaycan həmin bölgənin silahsızlaşdırılmasını təklif edir. Bizim açıqlama gətirdiyimiz digər məqam millətlərin öz müqəddəratını təyin etməsi, güc tətbiq etməmə və ərazi bütövlüyü prinsiplərinin Helsinki Yekun Aktında qoyulduğu kimi tətbiqinin tərəfdarı olmağımızla bağlı idi.

- ATƏT PA-da keçirilən dinləmələr digər beynəlxalq təşkilatlarda da bu formatda müzakirələrin keçirilməsi üçün nümunə ola bilərmi?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlarda müzakirələr keçirilib, sənədlər qəbul olunub. Amma bu formatda, yəni həmsədrlərin iştirakı ilə dinləmələr keçirilməyib. Əlbəttə, bu formatda dinləmələrin digər beynəlxalq təşkilatlarda da keçirilməsi çox əhəmiyyətli olardı. Əgər həmsədrləri həmin təşkilatlara dəvət edib Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilkin, etibarlı məlumat almaq istəsələr, bu, ümumi fəaliyyətin xeyrinə olar. Bütün beynəlxalq təşkilatlarda obyektiv rəyin formalaşmasına çox böyük şərait yarada bilər.

Mən bu təşəbbüslərin davamlı olmasının tərəfdarıyam. Baxmayaraq ki, həmsədrlərin mövqeyi belədir ki, onlar bu münaqişənin yalnız ATƏT-in çərçivəsində araşdırılmasının tərəfdarıdırlar. Onlar hesab edirlər ki, bu məsələ daha çox müstəvidə müzakirə olunduqda mövqelər haçalanır, ziddiyyətlər yaranır və bu da nəticə etibarilə əsas vasitəçilərin işinə mənfi təsir göstərir. Onlar belə düşünürlər. Amma mən belə hesab etmirəm. Azərbaycan tərəfinin də mövqeyi belədir ki, bu münaqişə bütün beynəlxalq təşkilatların gündəliyində olmalıdır. Təbii ki, vasitəçi ATƏT-dir. Amma digər təşkilatların da gündəliyində bu məsələ varsa, bunun ATƏT-in vasitəçilik fəaliyyətinə nə mənfi təsiri ola bilər? Əksinə, vasitəçilərin fəaliyyətinə dəstək verən sənədlər qəbul oluna bilər. Onların fəaliyyətini dəstəkləyən mövqelər ortada ola bilər. Çünki ATƏT PA-dakı dinləmələrdə hamı birmənalı olaraq Minsk qrupunun həmsədrlərinə bütün səviyyələrdə dəstək göstərməyin vacibliyini vurğuladı. Hətta İtaliya nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Rikardo Milyori qeyd etdi ki, biz indiyədək vəzifəmizin nədən ibarət olduğunu bilmirik. Çünki biz nə məlumatlandırılırıq, nə bu prosesdə iştirak edirik, nə də Minsk konfransının nə zaman keçiriləcəyini bilirik. Ona görə o, belə bir fikir irəli sürdü ki, bir vaxt müəyyən edilsin və bu çərçivədə işlər elə aparılsın ki, Minsk konfransını keçirmək mümkün olsun. ATƏT-in üzvü olan bütün ölkələr də bu konfransda iştirak edərək mövqelərini ortaya qoysunlar. Bu, kifayət qədər ədalətli bir tələbdir. Çünki onlar doğrudan da Minsk konfransının üzvüdürlərsə, niyə münaqişənin həlli prosesinə cəlb olunmurlar?

Nə qədər ATƏT-in Minsk qrupu bu məsələnin öz səlahiyyəti çərçivəsində olduğunu əsas götürərək məhdud fəaliyyət göstərirsə, bir növ öz monopoliyasında saxlamağa çalışırsa bunun ətrafında spekulyasiyalar daha çox artır. Digər beynəlxalq təşkilatlar bu məsələni müzakirə edəndə ATƏT-in yerinə vasitəçiliyi öz üzərlərinə götürməyəcəklər, sadəcə münasibət bildirəcəklər. Əgər söhbət BMT-də müzakirələrdən gedirsə, elə ATƏT-in Minsk qrupunun yaranması BMT-nin qərarları ilə baş verib. Son nəticədə hansısa bir saziş əldə olunacaqsa, təhlükəsizliyin təmin olunması, əraziyə sülhməramlıların yerləşdirilməsi BMT qərarları ilə baş verəcək. Yəni BMT elə bir qurumdur ki, o, bütün məsələləri müzakirə edərək münasibət bildirə bilər. Onun müstəvisində bu məsələlərin müzakirəsi ATƏT-in həmsədrlərini niyə qıcıqlandırmalıdır? Ona görə də mən tərəfdarıyam ki, digər beynəlxalq təşkilatlarda da həmsədrlərin iştirakı ilə belə dinləmələrin keçirilməsi təklifi səslənsin. Qoy heç qərar qəbul olunmasın, amma dinləmələr keçirilsin. Bu yalnız ümumi işin xeyrinə ola bilər.

- Bahar xanım, Azərbaycan üçün bu günlərdə daha bir əlamətdar hadisə baş verdi, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Həm bu hadisə, həm də ATƏT PA kimi nüfuzlu və mötəbər bir təşkilatda ədalətin ortaya qoyulmasını Azərbaycanın beynəlxalq nüfuzunun artması kimi xarakterizə etmək olarmı?

- Bəli, tamamilə doğrudur. Azərbaycan BMT üzvü olan ölkələrin 155-nin səsini toplayaraq iki illiyinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük  siyasi hadisə olmaqla yanaşı respublikamızın beynəlxalq nüfuzunun göstəricisidir. Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin imkanlarını, beynəlxalq müstəvidə artan nüfuzunu bu yaxınlarda BMT-də keçirilən səsvermə də əyani şəkildə təsdiqləyir və Azərbaycana verilən bu dəstək müstəqil dövlət kimi mövcud olduğumuz 20 ilinin məntiqi nəticəsidir. Bu, müstəqil Azərbaycan dövlətinə və onun Prezidentinə dünyada olan böyük etimadın göstəricisidir.

BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək Azərbaycana bir çox dividendlər verir. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə daha yaxından çatdırılmasına yol açacaq.

Əlbəttə, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi, ATƏT PA üzvlərinin Dağlıq Qarabağa dair konstruktiv mövqe ortaya qoymaları qısa zaman kəsiyinin, yalnız bir müzakirənin nəticəsi deyildi. Son illər Azərbaycanın bütün beynəlxalq müstəvilərdə apardığı gərgin iş, iqtisadi inkişaf beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Mən Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin, şəxsən özünün bu məsələ ilə bağlı mövqeyinin çox böyük rol oynadığını qeyd etmək istəyirəm.

ATƏT PA-da dinləmələrdə iştirak edən insanlar dəfələrlə Azərbaycanda olublar. Ölkə Prezidenti ilə görüşüblər, məsələnin mahiyyəti ilə yerindəcə tanış olublar. Onların hər birinin çıxışında Azərbaycanda olan inkişaf vurğulanırdı. Ölkəmizin iqtisadi dirçəlişi, bölgədəki yeri, rolu, Azərbaycanla qonşuluğun ermənilərə verə biləcəyi xeyir qeyd olunurdu. Hərtərəfli məlumata malik olmadan, Azərbaycanın düşdüyü durumun ona layiq olmadığını və beynəlxalq hüququn normalarına zidd olduğunu bilmədən və Azərbaycanın ədalətli mövqeyini görmədən bu fikirləri səsləndirmək olmazdı. Onlar söhbət əsnasında Prezident İlham Əliyevin çox xarizmatik lider, müdrik insan olduğunu qeyd edirlər. P.Eftimiu söyləyir ki, ərazisi işğala məruz qalmış ölkənin bu qədər müdrik Prezidentinin olması nəticəsində münaqişə ədalətli həllini tapacaq. B.Fasye çıxışında iki dəfə Azərbaycan Prezidentindən sitat gətirdi və cənab İlham Əliyevin bu məsələyə münasibətini ortaya qoydu. Bu, Azərbaycana və onun Prezidentinə olan münasibətin, dövlət başçısının nüfuzunun göstəricisidir. Eyni zamanda bizim ədalətli mövqeyimizin qəbul olunması deməkdir. Bütövlükdə Azərbaycanın beynəlxalq imicinin təcəssümüdür. Hər kəs, bütün beynəlxalq təşkilatlar artıq Azərbaycanın dünya üçün əhəmiyyətli ölkə olduğunu qəbul edirlər, Azərbaycanın düşdüyü ədalətsiz durumdan çıxması üçün ən azından öz mövqelərini ifadə edirlər. Ona görə bunu Azərbaycan üçün müsbət nəticələnən müzakirəsi hesab etmək olar.

 

 

Müsahibəni apardı: R.CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-27 oktyabr.- S.  4.