Azərbaycan Prezidentinin Türkiyəyə səfəri qardaş ölkənin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində
olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkənin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Nüfuzlu "Hürriyyət" qəzeti "Beş milyard dollarlıq təməli birlikdə atdılar və gələcəyə məktub qoydular" başlıqlı məqaləsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkələrimizin, habelə regionun daha böyük tərəqqisinə aparan yolda yeni bir səhifə açdıqlarını vurğulamışdır. Məqalənin "Bakıya zəlzələ təşəkkürü" yarımbaşlıqlı hissəsində Türkiyə hökumətinin başçısının Azərbaycan Prezidentinə və xalqına Vandakı zəlzələ bölgəsinə göstərilən yardıma görə təşəkkür etdiyi bildirilmişdir.
Prezident İlham Əliyevin "Sərmayələr türk və Azərbaycan xalqına xidmət edəcəkdir" sözlərinin də xüsusi vurğulandığı yazıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası, ölkəmizin İzmirə sərmayələr yatırdığı barədə faktlar da yer almışdır.
"Milliyyət" qəzetinin "Ərdoğan və Əliyevdən tarixi təməl" başlıqlı məqaləsində Azərbaycan Prezidentinin səfəri zamanı iqtisadi əməkdaşlıqla yanaşı, Dağlıq Qarabağ probleminin, habelə digər regional məsələlərin diqqət mərkəzində olduğu bildirilmiş, dövlətimizin başçısının qardaş ölkənin terrorla mübarizəsinə, Rəcəb Tayyib Ərdoğanın da Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həllində ölkəmizin ədalətli mövqeyinə dəstəyi bir daha vurğulanmışdır.
"Zaman" qəzetinin Prezident İlham Əliyevin səfərindən bəhs edən məqaləsində isə qeyd olunmuşdur ki, iki lider bütün mərasimlər zamanı bir-birinə "qardaşım" kəlməsi ilə müraciət etmişlər. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan ölkələrimizin ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" olduğunu bir daha diqqətə çatdırmışlar. Əlaqələrimizin yüksək səviyyəsindən bəhs edilən bölmədə Prezident İlham Əliyevin "Biz birlikdə çox iş gördük və görəcəyik" sözləri önə çəkilmişdir.
"Vətən" qəzetinin "Qardaş sərmayəsi Türkiyənin iqtisadi problemlərinə yardım edəcəkdir" başlıqlı məqaləsində Prezident İlham Əliyevin səfəri zamanı həyata keçiriləcəyi konkretləşən layihələrin və sərmayələrin Türkiyənin büdcə kəsirini 2 milyard dollar azaldacağı bildirilmişdir. İki liderin xalqlarımızın gələcəyi naminə atdığı mühüm addımların region və dünya üçün də əhəmiyyəti vurğulanan yazıda "SOCAR-TURKAS" qrupunun reallaşdırdığı layihə "İzmir üçün bir qürur abidəsi" adlandırılmışdır.
"Yeni Şafak" qəzetinin "Yardım içimizi isitdi" başlıqlı məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Baş nazir Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə göstərdiyi yardıma görə qardaş ölkəyə təşəkkürü xüsusi qeyd edilmişdir. Dövlətimizin başçısının "Hər zaman olduğu kimi, bu gün də Azərbaycan Türkiyənin yanındadır. Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı gündə də, pis gündə də birlikdəyik" sözləri də məqalədə xüsusi olaraq qeyd edilmişdir.
"Radikal" qəzetinin "Azərbaycanla mühüm sazişlər imzalandı" başlıqlı məqaləsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra AzərTAc ilə Anadolu agentliyi arasında imzalanmış saziş də yer almışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin İzmirdə Türkiyənin Baş naziri ilə keçirdiyi görüş, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası və açılış mərasimlərindəki iştirakı haqqında "Sabah", "Türkiyə", "Today"s Zaman", "Turkish Daily News", digər qəzetlərdə də geniş məqalələr dərc olunmuşdur.
Türkiyənin bütün televiziya kanalları dövlətimizin başçısının səfəri ilə bağlı xüsusi reportajlar vermiş, Anadolu, "İhlas", ANKA, "Cihan" xəbər agentlikləri geniş xəbərlər yaymışlar.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2011.- 27 oktyabr.- S. 5.