Tarixi nailiyyət

 

 Azərbaycan dünyada böyük şöhrətə malik ölkə kimi özünü göstərdi  

 

Azərbaycan diplomatiyası müstəqilliyimizin bərpasından ötən 20 il ərzində beynəlxalq müstəvidə böyük uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müəyyənləşdirilən düzgün xarici siyasət müstəqil Azərbaycanın inkişafında mühüm rol oynadı. Uğurlu və uzaqgörən diplomatik gedişlərin nəticəsi idi ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı. 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan çıxılmaz vəziyyətə salındı. Sonrakı illərdə Azərbaycanın təşəbbüsü ilə iri enerji layihələrinə start verildi.

Son 8 ildə isə Prezident İlham Əliyevin sayəsində respublikamız beynəlxalq müstəvidə çoxlu diplomatik uğurlar əldə edib. Bu illər müstəqillik tariximizə Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsi, etibarlı tərəfdaş kimi dünya birliyindəki yerinin daha da möhkəmlənməsi dövrü kimi daxil olub. Bu mərhələdə sülh danışıqları prosesində Ermənistanın tamamilə çıxılmaz vəziyyətə salınması, Avropa Şurasında Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamənin qəbul edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi, Azərbaycanın diplomatik sahədə böyük uğurlarıdır.

Bu günlərdə Azərbaycanın beynəlxalq diplomatik uğurları sırasına növbəti əlamətdar hadisə əlavə olundu. Oktyabrın 24-də BMT Baş Məclisinin  plenar iclasında gizli səsvermənin nəticələrinə görə, Azərbaycan bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilib.

Xatırladaq ki, Şərqi Avropa regionundan BMT TŞ-yə yeni üzvün seçilməsi üçün səsvermə ötən həftədən başlamışdı. Bu yerə Azərbaycanla yanaşı, Sloveniya və Macarıstan da iddialı idilər. Səsvermənin ilk mərhələsində Macarıstan az səs toplayaraq mübarizədən kənarlaşdı. Sonrakı səsvermələrdə mübarizə Azərbaycanla Sloveniya arasında gedib və respublikamız inamla irəliləyərək lehinə olan səsləri artırıb. Səsvermənin 16-cı mərhələsindən sonra Sloveniya tərəfi Azərbaycanın üstünlüyünü görərək mübarizədən geri çəkilib. Səsvermənin nəticəsində üçdəiki səs çoxluğu ilə Azərbaycan qalib çıxaraq BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü seçildi. Azərbaycanı ümumilikdə 155 ölkə dəstəklədi. Beləliklə, respublikamız 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT TŞ-də təmsil edəcəkdir.

Bu əlamətdar hadisə münasibətilə bəyanat verərək xalqımızı təbrik edən Prezident İlham Əliyev Azərbaycanın BMT TŞ-yə üzv seçilməsini tarixi nailiyyət kimi qiymətləndirib: "Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib".

Ümumiyyətlə, Azərbaycan BMT-nin müvafiq qurumlarına öz namizədliyini irəli sürməklə bu orqanlara seçkilərdə aktiv iştirak edir. Məsələn, respublikamız UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Ölkəmiz 2003-2005-ci illər üçün BMT-nin İqtisadiSosial Şurasının üzvü seçilmişdir.

Azərbaycan indiyə qədər BMT-nin ən ali tribunası olan Təhlükəsizlik Şurasında təmsil olunmamışdı. Ona görə də bu hadisə ictimaiyyət tərəfindən çox düzgün olaraq Azərbaycanın beynəlxalq müstəvidə qazandığı son dərəcə böyük siyasidiplomatik qələbə kimi kimi qəbul edilir. Bunun üçün Azərbaycan tərəfi xeyli müddət idi ki, genişmiqyaslı aparırdı və nəhayət, bu fəaliyyət layiqli bəhrəsini verdi. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi, ilk növbədə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzununregionun lider dövləti olmasının göstəricisidir.

Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsi xarici siyasi dairələrdə də ölkəmizin artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir. Məsələn, Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru D.Sammut demişdir ki, bu hadisə Azərbaycanın vacib beynəlxalq oyunçu olduğunu sübut etmişdir. ABŞ Dövlət Departamenti isə bu qələbə münasibətilə Azərbaycanı təbrik etmişdir. Qeyd olunmuşdur ki, Birləşmiş Ştatlar BMT Nizamnaməsində əks edilən prinsiplərinin dəstəklənməsi, şuranın işinin səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülhsabitliyin qorunmasında rolunun artması üçün Azərbaycan ilə yaxından işləyəcəyinə ümid edir. Təbriklərini Azərbaycan Prezidentinə şəxsən çatdıran Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan  bu nailiyyətlərin artaraq davamlı olmasını arzu edib.

Gələn il səlahiyyətlərinin icrasına başlayacaq Azərbaycan Respublikası üçün BMT TŞ-nin üzvü kimi bu çərçivədə fəaliyyətinin prioritetləri ümumən bəllidir. Bunlar beynəlxalq sülhsabitliyin qorunması, ölkələrin davamlı inkişafı, mədəniyyətlərarası anlaşmanın artırılması, ətraf mühitin qorunması kimi məsələlərdir.

Təbii ki, bu gün Azərbaycan üçün ən vacib məsələ ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistanın işğal edilmiş ərazilərimizdən çıxarılmasıdır. Aparılan danışıqlar prosesində Ermənistan çıxılmaz vəziyyətə düşüb, çünki bütün beynəlxalq hüquq normaları Azərbaycanın maraqlarını ifadə edir. Lakin beynəlxalq aləmdə ikili standartlar ucbatından Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etmir. Xatırladaq ki, BMT TŞ hələ 1993-cü ildə Dağlıq Qarabağa dair qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrlə Azərbaycanın suveren ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrini zəbt etdikləri bölgələri qeyd-şərtsiz azad etməyə çağırmışdır. Amma hələ ki bu qətnamələrin real nəticəsi yoxdur. Azərbaycan BMT TŞ-yə üzvlükdən istifadə edərək, ilk növbədə, özünün pozulmuş ərazi bütövlüyü, o cümlədən Ermənistan tərəfindən qətnamələrin tələblərinin yerinə yetirilməməsi məsələsini bu qurumun gündəliyinə çıxarmaq imkanı qazanıb.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-27 oktyabr.- S.  5.