ABŞ Azərbaycan ilə BMT TŞ-də yaxından işləyəcəyinə ümid edir

 

 ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi bəyanatla çıxış edərək Azərbaycanın BMT Təhlükəsizlik Şurası seçkilərindəki qələbəsi ilə bağlı Amerikanın mövqeyini ifadə etmişdir. Diplomat demişdir: "Biz Azərbaycanı 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına  qeyri-daimi üzv seçilməsi ilə bağlı təbrik edirik. Birləşmiş Ştatlar BMT nizamnaməsində əks edilən prinsiplərinin dəstəklənməsi, şuranın işinin səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülhsabitliyin qorunmasında rolunun artması üçün Azərbaycan ilə yaxından işləyəcəyinə ümid edir".

Xatırladaq ki, Azərbaycan oktyabrın 24-də Nyu-Yorkda BMT Baş Məclisinin iclasında gizli səsvermə yolu ilə 155 üzv dövlətin dəstəyini qazanaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Şura beynəlxalq sülh və sabitliyə dair qəbul edilən qərarlarda veto hüququna malik beş daimi üzv - ABŞ, Fransa, Rusiya, ÇinBöyük Britaniya  ikiillik müddətə seçilən on qeyri-daimi üzvdən ibarətdir. Qurumun qaydalarına görə, Təhlükəsizlik Şurasında sədrlik səlahiyyətləri hər ay əlifba sırası ilə bir üzv dövlət tərəfindən həyata keçirilir. BMT nizamnaməsinə əsasən, BMT-nin digər tərkib qurumlarının qərarları tövsiyə xarakteri daşıdığı halda, Təhlükəsizlik Şurasının qətnamələrinə üzv dövlətlər tərəfindən mütləq şəkildə əməl edilməlidir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.-27 oktyabr.- S.  5.