Pakistanın nüfuzlu «Daily Times», «Pakistan Obzerver» və «The News» qəzetlərində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi ilə bağlı məqalələr dərc edilmişdir

 

 Oktyabrın 26-da Pakistanın nüfuzlu "Daily Times", "Pakistan Obzerver" və "The News" ingilisdilli qəzetlərində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən bəhs edən məqalələr dərc edilmişdir.

Ölkəmizin Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalələrdə Azərbaycanın Şərqi Avropa regionundan Macarıstan və Sloveniya ilə bərabər BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizəd olduğu qeyd edilmişdir. Yazıda səsvermənin çətin və dramatik keçdiyi, səsvermənin ikinci gününün axırıncı 17 turunda Sloveniya nümayəndəsinin öz ölkəsinin namizədliyini geri götürdüyünü və nəticədə Azərbaycanın 155 səslə qalib gələrək ilk dəfə dünyanın ən mötəbər qurumunun qeyri-daimi üzvü seçildiyi bildirilmişdir.

Qəzetlərdə, zəngin neft ehtiyatlarına malik olan Azərbaycanın böyük peşəkarlıqla idarə olunduğu qeyd edilmiş, BMT TŞ-nın üzvü seçilməsi faktı ölkəmizin siyasətinin və diplomatiyasının böyük qələbəsi kimi qələmə verilmişdir.

Məqalələrdə əldə olunan uğurla bağlı görülmüş işlər haqqında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun müsahibələrindən sitatlar da gətirilmişdir.

Qəzetlərdə Pakistanın Azərbaycanla münasibətlərindən bəhs edilmiş, bu münasibətlərin səmimiyyət və etibar əsasında qurulduğu vurğulanmışdır. Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu məsələnin həllində ATƏT-in Minsk qrupunun vasitəçiliyi barədə də oxuculara məlumat verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 27 oktyabr.- S.  5.