Bakıda
«Faydalı bitkilərdən istifadənin aktual
problemləri» mövzusunda beynəlxalq konfrans işə başlamışdır
Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda "Faydalı bitkilərdən istifadənin aktual problemləri" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, akademik Cəlal Əliyevin fəxri sədr olduğu konfransda 10-dan çox ölkədən 20-yə yaxın alim, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının, universitetlərin, dərman bitkiləri və ya birbaşa bitki mənşəli preparatlarla müalicə aparan klinikaların, eləcə də qida məhsulları hazırlayan şirkətlərin nümayəndələri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan AMEA Biologiya Elmləri Bölməsi akademik-katibinin müavini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov iştirakçıları salamlamış və konfransın işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, bu gün Botanika İnstitutu üçün tarixi bir gündür. Respublikamızın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Faydalı bitkilərdən istifadənin aktual problemləri" mövzusunda beynəlxalq konfrans işə başlayır. Məlumdur ki, dünyada baş verən iqtisadi böhran fonunda alimlər florada yayılan qida bitkiləri (meyvə, tərəvəz, dənli-paxlalı, yem bitkiləri) ilə yanaşı, ətirli-ədviyyəli və dərman bitkilərinin də müasir səviyyədə öyrənilməsinə diqqəti artırmışlar. Bu bitkilərin istifadəsinə dair yeni təkliflər hazırlanır, bir sıra ölkələrdə sözügedən aktual problemin həllinə müəyyən dərəcədə kömək edə biləcək müxtəlif tədbirlər - seminar və konfranslar keçirilməkdədir.
Son illərdə elmin və iqtisadiyyatın inkişaf etdirilməsi üçün ölkəmizin təbii sərvətlərindən olan faydalı bitkilərin elmi əsaslarla araşdırılması, onlardan daha səmərəli istifadə olunması imkanlarının aşkar olunması, yeni müasir texnologiyalar əsasında becərilməsi məsələləri bu problemin tərkib hissələrindəndir.
Natiq diqqətə çatdırmışdır ki, təbii sərvətlər içərisində faydalı bitki ehtiyatları xüsusi yer tutur. Bioresursların tərkib hissəsi kimi bitkilər aləmi insanların ehtiyaclarının əsasını təmin edən ümumxalq sərvətidir. Alimlər bu sərvətdən bacarıqla istifadə etməli, onun qorunması, məhsuldarlığının daim artırılması üçün nəzəri və əməli təkliflər işləyib hazırlamalıdırlar.
Konfransda Botanika İnstitutunun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru Validə Əlizadə "AMEA-nın Botanika İnstitutunun tədqiqat fəaliyyəti: istiqamətlər, yanaşmalar və perspektivlər" mövzusunda məruzəsində bildirmişdir ki, 1936-cı ildə fəaliyyətə başlamış institut ötən dövrdə çox böyük inkişaf yolu keçmişdir. Beynəlxalq elmi-ictimaiyyət tərəfindən tanınmış genişprofilli elmi-tədqiqat mərkəzi olan Botanika İnstitutu hazırda 7 şöbə və 17 laboratoriyanı özündə birləşdirir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində akademik Cəlal Əliyevin yaratdığı elmi baza əsasında Botanika İnstitutunda müasir molekulyar-bioloji yanaşmaların tətbiq olunduğu yeni istiqamət formalaşmışdır.
Son 20 ildə institutun əməkdaşları 200-ə yaxın müxtəlif beynəlxalq qrantlara layiq görülmüşlər.
Konfransın ilk günündə Azərbaycan, Türkiyə, Portuqaliya, Norveç və Ukraynadan gəlmiş alimlər seçilmiş mövzular ətrafında məruzələrlə çıxış etmişlər.
Konfrans oktyabrın
28-dək davam edəcəkdir.
Azərbaycan.- 2011.- 27 oktyabr.- S. 7.