Bakıda BMT-nin Ərzaq
və Kənd Təsərrüfatı Təşkilatının
texniki layihəsinin başa çatması ilə bağlı
seminar keçirilir
Oktyabrın 26-da Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində imkanların gücləndirilməsi üzrə texniki yardım" layihəsinin başa çatması ilə əlaqədar ikigünlük yekun seminar işə başlamışdır.
Seminarın açılışında kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Təranə Bəşirova, FAO-nun mərkəzi ofisinin təmsilçisi xanım Meri Kenni çıxış edərək layihənin əhəmiyyətindən, görülən işlərdən, ölkədə qida təhlükəsizliyinin vacibliyindən, əməkdaşlığın perspektivlərindən danışmış, layihənin uğurla başa çatdığını diqqətə çatdırmışlar.
A.Aslanov bildirmişdir ki, Azərbaycan hökuməti FAO ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycanın 16 illik üzvlüyü dövründə bu təşkilatın texniki yardımı və maliyyə dəstəyi ilə kənd təsərrüfatı sahəsinin inkişafına, o cümlədən qida təhlükəsizliyi sahəsində imkanların gücləndirilməsinə istiqamətlənmiş bir sıra layihələr həyata keçirilmişdir. Qeyd olunmuşdur ki, respublikada kənd təsərrüfatı və qida sənayesində mütərəqqi dəyişikliklər daim dəstəklənmişdir. Qida təhlükəsizliyi vacib iqtisadi prioritetlərdən biridir. Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən dəstək bu sahənin daha da inkişafı üçün geniş imkanlar açmışdır.
Nazir müavini diqqətə çatdırmışdır ki, sözügedən layihənin məqsədi milli ərzağa nəzarət sisteminin təkmilləşdirilməsi, istehlakçıların sağlamlığını qorumaq və ticarət imkanlarını genişləndirmək, beləliklə də kənd təsərrüfatında və qida sənayesində hərtərəfli inkişafa nail olmaqdır. Layihənin icrası nəticəsində "Milli qida təhlükəsizliyi strategiyası" və onun həyata keçirilməsi üçün "Fəaliyyət planı", "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi hazırlanmışdır. Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Sınaq Laboratoriyasını müasirləşdirmək məqsədilə layihənin maliyyə yardımı ilə bir sıra müasir avadanlıq alınmış və onların ölkəyə gətirilməsi gözlənilir.
Bundan əlavə, layihə çərçivəsində bu sahə ilə bağlı təlim kursları, treninqlər keçirilmişdir. Bu uğurlar Azərbaycanda qida təhlükəsizliyi sisteminin modernləşdirilməsinə və Avropa standartlarına uyğunlaşdırılmasına töhfəsini verəcəkdir.
Seminarda qida təhlükəsizliyi məsələlərinin
əsas istiqamətləri və prioritetləri, Azərbaycanda
qida təhlükəsizliyi üzrə siyasətin strukturunda əsas
dəyişikliklər və digər mövzularda
çıxışlar olmuş, müzakirələr
aparılmışdır. Bundan başqa, qida təhlükəsizliyi
haqqında qanun layihəsinin, milli qida təhlükəsizliyi
strategiyasının və fəaliyyət planının təqdimatları
olmuşdur. Qeyd edək ki, bu layihə Azərbaycanda 2009-cu ildən
həyata keçirilir.
Azərbaycan.- 2011.-27 oktyabr.- S. 7.