Dünyada genişlənən narkobiznesin yolları Azərbaycanın işğal olunmuş ərazilərindən keçir

 

 Bu fikir Bakıda keçirilmiş beynəlxalq konfransda səslənmişdir  

 

Dünyanın ən böyük problemlərindən biri narkomaniya bəlasıdır. Narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə bəşər qarşısında duran ən mühüm məsələlərdən biridir. Çox mənfəətli kriminal sahələrdən olan narkobiznesdən əldə edilən gəlirlərin başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəlməsi isə onun təhlükə dərəcəsini daha da artırır. Dünyanın qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların, xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkobiznes hesabına həyata keçirilir.

Çox təəssüf ki, Azərbaycan da bu bəladan uzaq deyil. Narkotik vasitələrin daşınmasında ölkəmizin ərazisindən tranzit məntəqəsi kimi istifadə olunur. Dövlətimiz buna qarşı mübarizəni qətiyyətlə davam etdirsə də, problem həllini tapmayıb. Çünki narkobiznes beynəlxalq şəbəkədir, mübarizə də beynəlxalq səviyyədə aparılmalıdır. Gedən proseslər isə göstərir ki, beynəlxalq narkobiznesin miqyası getdikcə genişlənir.

Müasir dövrdə insanlıq üçün böyük bəla olan narkobiznesin hədəfi yeniyetmələr və gənclər olanda vəziyyət daha təhlükəli hala gəlir. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərə - məktəblərə, universitetlərə gedir, onlara bu məhsulu təklif edirlər. Cinayətkarlar pul qazanmaq xatirinə uşaqları ölümə aparmaqdan çəkinmirlər. Həkim-psixoloq Yaqut Vaqifqızı deyir ki, narkotik maddə birinci dəfədən adamı özünə alışdıra bilir. Ona görə daha çox yeniyetmə və gənclər hədəf seçilir ki, onlar çılğındırlar, istəklərini həyata keçirmək üçün nəyə desən əl atacaqlar, oğurluq etməkdən və cinayət törətməkdən çəkinməyəcəklər. Onlar bu bəlanı od qiymətinə satanlara ömürlük müştəri olurlar: "Narkotik maddələr ticarəti çox böyük gəlir gətirir. Bundan milyardlar qazanan cinayətkarlar yeniyetmə və gəncləri ömürlük şikəst etmək istəyirlər. Narkotik maddələrin gənc nəsillər arasında yayılması dünyanı çox narahat edir. Ona görə də bir çox ölkələr "Narkotiksiz gələcək naminə" adlı milli proqramlar həyata keçirir, aksiyalar təşkil edir. Təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, müxtəlif təşkilatlarda narkomaniyanın təhlükəsi barədə maarifləndirmə kampaniyası aparılır, sonra bu aksiyalar internet vasitəsilə dünyaya yayılır".

Ölkəmizdə də belə kampaniyalar aparılır, valideynlərlə, gənclərlə görüşlər keçirilir. Gəncləri " ölüm"ün pəncəsindən xilas etmək üçün dövlət  ciddi proqramlar həyata keçirir. Oktyabrın 17-də Bakıda Dünya Gömrük Təşkilatının, Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı və BMT-nin dəstəyi ilə keçirilən "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda beynəlxalq konfransda bu məsələlər geniş müzakirə olundu, birgə mübarizə yolları axtarıldı.

Narkomaniya xəstəliyinin yayılması səbəbləri aydındır. Narkotik maddələrin gizli, qeyri-qanuni istehsal olunması, onların dövriyyəsi, satılması, istehsal edilən ölkələrdən başqa ölkələrə gizli surətdə daşınması kimi hallar narkotik maddələrin, narkomaniya xəstəliyinin yayılmasına səbəb olur. Bu mənada, beynəlxalq toplantının əsas hədəfi odur ki, hər ölkə ərazisində narkotik maddələrin istehsalına və istifadəsinə qarşı mübarizə aparsın.

Azərbaycanda narkotiklərlə mübarizə sahəsində təkmilləşdirilmiş normativ hüquqi baza mövcuddur. Ölkəmiz BMT-nin narkotik vasitələr və psixatrop maddələrlə əlaqədar baza konvensiyasına qoşulmuş, bu sahədə məsələləri tənzimləyən çoxsaylı milli qanunvericilik aktları qəbul etmişdir. Bakıda keçirilən beynəlxalq konfransda təəssüflə vurğulanmışdır ki, Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında Azərbaycanın işğal altındakı ərazilərindən tranzit kimi istifadə olunur. Bu barədə dəfələrlə beynəlxalq səviyyədə məsələ qaldırılıb, nüfuzlu qurumlara müraciət olunub. Lakin nəticə yoxdur.

Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubda da bu məsələ diqqətə çəkilir: "Müasir dünya hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından dərin narahatlıq hissi keçirir. Azərbaycan da artıq 20 ildir ki, belə bir problemlə üzləşmişdir. Ermənistanın işğalçı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə şərait yaradır". Dövlət başçısı əmin olduğunu bildirmişdir ki, konfrans dünyanı narahat edən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə işinə öz töhfəsini verəcəkdir.

Tədbirdə Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirmişdir ki, müstəqilliyin bərpasından ötən 20 il ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə həmişə diqqət mərkəzində olmuşdur: "Hər ölkənin özünəməxsus problemləri olmaqdan başqa, bəşəriyyəti, dünyanın bütün insanlarını narahat edən, düşündürən, birgə mübarizəyə səsləyən problemləri də var. Bunlar terrorizm, separatizmnarkobiznesin dünya boyunca geniş əl-qol açmasıdır. Biz dünyada, hər bir bölgədə, sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik və bu sahədə səylərimizi əsirgəmirik".

Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bildirmişdir ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə beynəlxalq əməkdaşlıq səviyyəsində aparılır. O, bu sahədə Azərbaycanın gördüyü tədbirləri təqdirəlayiq hesab etmişdir.

Azərbaycanın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı  apardığı mübarizəni yüksək qiymətləndirən BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuri Fedotov məlumat verdi ki, 2011-ci ildə becərilən tiryək sahələri 123 min hektardan 131 min hektara qədər artmışdır, dünya bu təhlükədən yalnız birgə mübarizə aparmaqla sovuşa bilər: "Narkotik vasitələrin qanunsuz dövriyyəsi dünyada sabitliyi pozur, narkotik qaçaqmalçıları ölkələrə cəlb edir. Ona görə də narkotiklərin qanunsuz dövriyyəsi bir ölkənin, bir dövlətin problemi kimi qəbul olunmamalıdır. Narkotik qaçaqmalçılığı dünyanın ümumi problemi kimi qiymətləndirilməlidir. Təəssüf ki, Azərbaycanın işğal olunmuş ərazilərindən narkotik vasitələrin qanunsuz dövriyyəsində tranzit kimi istifadə olunur".

Azərbaycanın əlverişli coğrafi mövqeyi, müxtəlif nəqliyyat vasitələri ilə sərnişin və yükdaşınmasının ilbəil artması, 140-a yaxın ölkə ilə ticarət əlaqələrinin qurulması müxtəlif ölkələrdən olan narkoqaçaqmalçıları özünə cəlb edir. Azərbaycan tərəfdən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlərdən danışan Ə.Həsənov bildirdi ki, 2008-2010-cu illərdə 7108 kq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb, bununla bağlı 9346 cinayət işi açılıb. 2008-2010-cu illər ərzində 581 kiloqram heroin ələ keçirilib. Bu da əvvəlki üç illə müqayisədə 1,9 dəfə çoxdur: "Ötən il Azərbaycanda qeydiyyata alınmış narkomanların sayı 25489 nəfər olub. Amma mütəxəssislərin fikrincə, bu, real vəziyyəti əks etdirmir. Ötən il ölkədə 2723 nəfər QİÇS-ə yoluxmuş şəxs qeydə alınıb. Onlardan 60 faizi narkotik maddə istifadəçisidir".

Konfransda vurğulandı ki, yalnız bütün dünyanın güc strukturları birləşməklə svilizasiyanı bu qorxunc təhlükədən qurtarmaq olar. Narkomanlıqla mübarizə ümumi vəzifə olmaqla hamının, o cümlədən hər bir dövlət orqanının, beynəlxalq, qeyri-dövlət və ictimai təşkilatların, fərdi qaydada hər bir vətəndaşın işi olmalıdır. Qlobal səviyyədə transmilli və beynəlxalq xarakter daşıyan narkobiznes cinayətkarlığı ilə mübarizə üçün beynəlxalq fəaliyyət proqramı qəbul edilməli, onun icrası mexanizmi işlənib hazırlanmalıdır.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.- 27 oktyabr.- S.  7.