Milli ruhun rənglər
biçimi
Xətai Miniatür Sənət Qalereyasında əməkdar rəssam, III Moskva Beynəlxalq incəsənət festivalının qalibi Fərman Qulamovun əsərlərindən ibarət "Ənənə və müasirlik" adlı sərgi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı, həmçinin Xətai Sənət Qalereyası ilə birgə təşkil etdiyi sərgidə tanınmış sənət adamları müəllifin əsərlərində milli ənənənin mənəvi dəyərlərlə vəhdət təşkil etməsi barədə ətraflı danışıblar.
Xalq rəssamı Arif Hüseynov tədbiri açaraq sərginin əhəmiyyətinə, oradakı əsərlərin mahiyyətinə toxunub. Xalq rəssamı Ömər Eldarov isə həmkarının əsərlərinin mövzu müxtəlifliyindən söz açıb: "Onun bənzərsiz əsərləri milli təsviri sənətimizin gözəl nümunələrindəndir. Bu əsərlərdə bədii və texniki tərəflərin bir-birini tamamlaması ümumi fikrin açılmasına xidmət edir. Burada yüksək sənətkarlıq və tutumlu məna-məzmun hər zaman ön plana çəkilir".
1976-cı ildə Tiflis Rəssamlıq Akademiyasını bitirmiş Fərman Qulamov arxada qoyduğu illər ərzində yaradıcılıq baxımından bir sıra həmkarlarından fərqli xüsusiyyətlərini sərgiləyib. Adıçəkilən tədbir onun növbəti dəfə özünü daha tutumlu, təsirli şəkildə yaradıcı potensialını ortaya qoyub. O, 1973-cü ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvüdür. 1993-1994-cü illərdə "Humay" mükafatına layiq görülüb. 2006-cı ildən əməkdar rəssam fəxri adını şərəflə daşıyan Fərman Qulamovun əsərlərinin Kiyev, Cenevrə və İsveçrədə sərgisi keçirilib. 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışan Fərman müəllimin təbii ki, yetirmələri də az deyil.
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev rəssamın əsərlərini yüksək dəyərləndirmişdir: "Zahirən bir qədər də ilğımı andıran bu görüntülərdə ənənə ilə müasirliyin elə bir bədii-estetik tutumuna nail olunmuşdur ki, onlarla göz-gözə qalan tamaşaçısını görüntüyə gətirənlərə inandırmaq gücündədir".
Elə rəssamın əsərlərindəki bu bənzərsiz yaradıcı keyfiyyəti III Moskva Beynəlxalq incəsənət festivalının təşkilatçıları da incəliklə duymuş və onu "Müasir rəngkarlıqda ənənənin qorunmasına görə" mükafatına layiq görməklə bu uğurlu nəticəni təqdir etmişlər. Azərbaycanlı fırça ustasının festivaldakı işlərini görən Rusiya Federasiyasının xalq rəssamı, sənətşünas O.V.Svetkovun "Fərman Qulamovun əsərləri Avropanın ən nüfuzlu muzeylərini bəzəməyə layiqdir" sözləri də onun milli təsviri sənətimizin çağdaş durumuna verdiyi özünəməxsus töhfənin miqyasını göstərir... Rəssamın əsərləri sərgilərdə yer aldığı ilk vaxtlardan həm yerli, həm də xarici ölkə sənətsevərlərinin dedikləri kimi estetik dəyərdədir. Fırçasının əsl gerçəkliyi əks etdirməsini elə Fərman Qulamovun Bakı tamaşaçılarına təqdim olunan fərdi sərgisindəki əsərlər də təsdiqləyir.
Fərman Qulamov sənətsevərlərə doğma olan rəssamlardandır. Ona görə də vaxtaşırı onun fərdi sərgilərini görürük. Bu sərgi də onun 65 illik yubileyi ərəfəsində sənətsevərlər qarşısında hesabatdır. 35 illik yaradıcılığında rəssam hər dəfə özünü daha fərqli, daha təsirli və tutumlu bədii-estetik biçimdə göstərməklə yaradıcı potensialının nəhayətsizliyini nümayiş etdirməyə nail olmuşdur. Bəlkə də, bir sənətkarın uzun illər axtardığı dəst-xətti Fərman Qulamov dəfələrlə tapıb, lakin hər dəfə onu yeniləşdirməyin, yeni yaradıcılıq uğurunun sorağında olub.
Tamaşaçıların maraqla qarşıladığı "Ovqat", "Motiv", "Qadın portreti", "Üfüqdə dəniz", "Köç", "Haray" "Xəzri", "Aprel"... rəssamın son altı ildə çəkdiyi əsərləridir. Yüzə yaxın rəsm əsəri ilə növbəti sərgisi keçirilən əməkdar rəssam tədbir iştirakçılarına və sənətsevərlərə dərin minnətdarlığını bildirib.
M.NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 27 oktyabr.- S. 7.