Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XXXI iclasında iştirak edən nümayəndə heyətini qəbul etmişdir

 

 Oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XXXI iclasında iştirak edən nümayəndə heyətini qəbul etmişdir.

 

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Xoş gəlmisiniz! Sizi Azərbaycanda salamlamağa şadam. Ümid edirəm ki, MDB ölkələrinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclası uğurla, əməkdaşlıq, qarşılıqlı fəaliyyət ruhunda keçəcəkdir.

Bildiyiniz kimi, bizim ölkə ilə sizin təmsil etdiyiniz ölkələr arasında olduqca mehriban dostluq münasibətləri yaranıb. Biz müntəzəm olaraq dövlət başçıları səviyyəsində görüşürük, qarşılıqlı səfərlər edirik, bir çox mühüm məsələləri həll edirik. Bütün bunlar isə postsovet məkanında çox yüksək səviyyədə qarşılıqlı fəaliyyətə və qarşılıqlı dəstəyə təkan verir. Sovet İttifaqı dağıldıqdan sonra keçən 20 il ərzində əldə etdiyimiz ən böyük nailiyyət odur ki, biz xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərini qoruyub saxlaya və möhkəmləndirə bilmişik.

MDB çərçivəsində keçirilən müxtəlif görüşlərin, tədbirlərin ölkələr arasında əməkdaşlığın genişlənməsi üçün yaxşı  perspektivlər yaratdığını qeyd edən Prezident İlham Əliyev  humanitar sahədə də əlaqələrin möhkəmləndiyini vurğuladı. Dövlətimizin başçısı buna misal olaraq bu yaxınlarda Bakıda MDB  ölkələrinin də iştirakilə keçirilən Birinci Beynəlxalq Humanitar Forumun bütün dünyada böyük maraq doğurduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev MDB ölkələri arasında iqtisadi əlaqələrə və xüsusi xidmət orqanlarının əməkdaşlığına da toxunaraq dedi:

- İqtisadi strukturlar xətti üzrə də əlaqələrimiz inkişaf edir. Azərbaycana gəlincə, bizim MDB ölkələri ilə əmtəə dövriyyəsi, qarşılıqlı investisiyalar artımı mövcuddur. Biz iqtisadi sahədə  mövcud münasibətlərdən razıyıq. Hüquq-mühafizə orqanları xətti üzrə də, həmçinin bizim regionda ikitərəfli və çoxtərəfli səviyyədə sərhədlərin mühafizəsi, cinayətkarlıqla mübarizə və əlbəttə ki, xüsusi xidmət orqanları xətti ilə ən böyük təhlükələrlə mübarizə istiqamətində sıx əməkdaşlıq edirik.

"Biz hamımız maraqlıyıq ki, ölkələrimizdə sülh, əmin-amanlıq, inkişaf hökm sürsün. Qarşımızda vətəndaşlarımızın həyat səviyyəsini, rifahını daha da yaxşılaşdırmaq kimi böyük vəzifələr durur", - deyən Prezident İlham Əliyev bütün bu məqsədlərə əngəl olan terrorizm və ekstremizmə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı bu baxımdan xüsusi xidmət orqanlarının üzərinə düşən vəzifələrdən danışdı.

Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən XXXI iclasının işinə uğurlar arzulayaraq bildirdi:

- Əminəm ki, Şuranın iclası uğurlu keçəcək, siz gündəlikdə duran bütün məsələləri müzakirə edəcəksiniz. Həmçinin düşünürəm ki, Bakıda keçirəcəyiniz bu iki gün sizi daha da yaxınlaşdıracaq, birgə üçün daha yaxşı şərait yaradacaqdır. Sizi bir daha salamlayır və Şuranın işinə uğurlar arzulayıram.

MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədri, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Şuranın XXXI iclasının Bakıda yüksək səviyyədə keçirilməsinə yaradılan imkana və nümayəndə heyəti ilə görüşə görə Azərbaycan Prezidenti İlham Əliyevə tədbir iştirakçıları adından minnətdarlığını bildirdi. O, MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının uğurla birgə əməkdaşlıq etdiklərini, beynəlxalq terrorizm, ekstremizm və digər ümumi təhlükələrə qarşı mübarizədə səyləri birləşdirdiklərini vurğuladı.

Aleksandr Bortnikov bildirdi ki, məhz ötən 20 ildə MDB məkanında təhlükəsizlik və xüsusi xidmət orqanlarının uğurlu birgə fəaliyyəti nəticəsində belə təhlükələrin qarşısı vaxtında alınır və səmərəli qabaqlayıcı tədbirlər həyata keçirilir. Qonaq qeyd etdi ki, Şuranın XXXI iclasında ötən müddətdə görülən işlərə yekun vurulacaq və növbəti birgə tədbirlər müəyyənləşdiriləcəkdir. O, son illərdə informasiya-kommunikasiya texnologiyaları və ən son elmi-texniki yeniliklərdən istifadə etməklə terrorizm, ekstremizm və digər təhlükələrin miqyasının daha da artdığını bildirdibuna qarşı mübarizədə sıx birgə fəaliyyət göstərməyin zəruriliyini diqqətə çatdırdı. Aleksandr Bortnikov onları qəbul etdiyinə və MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının XXXI iclasının Bakıda yüksək səviyyədə təşkilinə yaratdığı imkana görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirdi.

Qonaq nümayəndə heyətləri rəhbərləri adından Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

Sonra xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-28 oktyabr.- S.  1.