Bakıda MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının XXXI iclası keçirilmişdir

 

Oktyabrın 27-də Bakı şəhərində MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının (TXXORŞ) XXXI iclası keçirilmişdir

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, iclasın işində MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının, həmçinin MDB Antiterror Mərkəzinin nümayəndə heyətləri iştirak etmişdir.

Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün Şura üzvlərinin qərarı ilə tədbirdə müşahidəçi qismində Almaniya, İtaliya və Fransanın müvafiq strukturlarının məsul vəzifəli nümayəndələri də təmsil olunmuşlar.

Oktyabrın 27-də tədbir iştirakçıları və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı üzərinə gül-çiçək dəstələri düzülmüşdür.

Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini də yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Həmin gün öz işinə başlayan iclası giriş sözü ilə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov açmışdır.

Baş nazir Artur Rasizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından qonaqları salamlamış, dövlət başçısının tədbir iştirakçılarına təbriklərini çatdırmış, iclasın təhlükəsizlik üzrə əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi işində əhəmiyyətini qeyd etmişdir.

Daha sonra çıxış edən nazir Eldar Mahmudov MDB-nin üzvü olan  dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasında ümumi təhlükəsizlik əleyhinə yönəlmiş təhdidlərin, o cümlədən terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə aktuallıq kəsb edən məsələlərin bu formatda müzakirəsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına konkret töhfələr verəcəyinə əminliyini bildirmişdir.

MDB icraiyyə komitəsinin sədri-icraçı katib Sergey Lebedev nümayəndə heyətləri rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşünün yüksək təəssürat doğurduğunu bildirmiş, iştirakçı dövlətlərin son 20 ildə çox böyük tərəqqi yolu keçdiyini, hər bir ölkənin milli maraqlarına cavab verən tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə MDB dövlət başçılarının xüsusi önəm verdiklərini qeyd etmişdir.

MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikovun rəhbərliyi ilə işini davam etdirən iclasda terrorçuluq və hər cür ekstremist təzahürlərlə mübarizənin təkmilləşdirilməsi məsələləri, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə təhqiqat və ibtidai istintaqın aparılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Bundan başqa, transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, kiber cinayətlər və digər hüquqazidd əməllərə qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

Tədbir çərçivəsində Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurası yanında Elmi-texniki əməkdaşlıq üzrə Komissiyanın, həmçinin Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz beynəlxalq dövriyyəsi ilə mübarizə üzrə Komissiyanın ekspert iclasları keçirilmişdir.

XXXI iclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar imzalanmış, Şuranın gələn il üçün fəaliyyət Planı təsdiq edilmiş, MDB Antiterror Mərkəzinin 2012-ci il üçün nəzərdə tutulan tədbirlər siyahısı razılaşdırılmışdır.

MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının növbəti iclasının gələn il Moldovada keçirilməsi qərara alınmışdır.

 

 

Azərbaycan.- 2011.-28 oktyabr.- S.  2.