«Xoşbəxtliyimiz
ondan ibarətdir ki, biz tarixi ədalətə,
keçmişimizə, əcdadlarımızın vəsiyyətinə
sadiqik»
Bunu Azərbaycan Prezidenti
İlham Əliyev Türkiyəyə səfəri
zamanı bəyan etmişdir
Bu həftənin əvvəlində Türkiyənin İzmir şəhərində keçirilən yüksək səviyyəli Azərbaycan-Türkiyə görüşlərində bir sıra siyasi və strateji, iqtisadi və ticarət məsələləri, o cümlədən Dağlıq Qarabağ probleminin həlli, habelə digər regional məsələlər müzakirə olundu. Vurğulandı ki, Türkiyə ilə Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə vahid mövqedən çıxış edəcək. Həmişə bir-birinin yanında olacaq, bir-birini müdafiə edəcək.
Əslində türk dünyasının nicatı və xilası da elə bundadır. Toplantıda o da vurğulandı ki, bu birliyi, qardaşlığı dünya da bilməli və qəbul etməlidir. Türkiyə və Azərbaycan bir millət, iki müstəqil dövlətdir. Sonsuzadək də belə olacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə dedi: "Biz bir millətə mənsubuq və bu gün Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edərkən yenə də yanında Türkiyəni görür. Bəlkə də dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər yaxın olsunlar. Xoşbəxtliyimiz ondan ibarətdir ki, biz tarixi ədalətə, keçmişimizə, əcdadlarımızın vəsiyyətinə sadiqik".
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə bu köklərin ulu öndərlərimizdən qaynaqlandığı barədə belə dedi: "İlham qardaşımın ifadə etdiyi kimi, həqiqətən iki liderin, iki böyük öndərin keçmiş olduqları yolda Türkiyə və Azərbaycan bu günlərə gəlmişdir".
Göründüyü kimi, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf edir. Bu gün regionda Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı bir layihə gerçəkləşdirilə bilməz.
Dövlətlərimiz arasında əməkdaşlığın genişlənməsi həm ticarət dövriyyəsinin artmasına, həm də Azərbaycanın ehtiyaclarının ödənilməsinə xidmət göstərəcək. Türkiyə ilə Azərbaycan arasında uzun illərə və qarşılıqlı etimada əsaslanan əhatəli hərbi tərəfdaşlıq mövcuddur. Bu sahədə əlaqələr beynəlxalq müqavilələrə uyğun şəkildə həyata keçirilir. 2000-ci il sentyabrın 20-də imzalanan müqavilədə müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsinin hüquqi təməli müəyyənləşdirilmişdir.
"Cənub" qaz dəhlizi, nəqliyyat məsələləri ətraflı müzakirə olundu. "Şahdəniz-2"nin reallaşmasına gəldikdə, bu, Azərbaycan üçün də, Türkiyə üçün də həddən artıq vacib layihədir. Azərbaycan ilə Türkiyə arasında "paket" qaz anlaşmasını imzaladı və Azərbaycan birbaşa Avropa sərhədlərində öz qazını satmaq hüququ qazandı. Dövlət Neft Şirkəti "Botaş"la qaz alqı-satqısına dair kommersiya sazişi də imzaladı.
Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri ilə Azərbaycan qazı Türkiyəyə nəql ediləcək, dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu isə iki qardaş ölkə arasında yük və sərnişin daşınmasının həcminin artmasına böyük təkan verəcək. Toplantıda hava və avtomobil nəqliyyatı ilə bağlı məsələlər də müzakirə edildi.
Azərbaycan Prezidenti İlham Əliyev dedi: "Bu gün müzakirə olunan məsələlər Türkiyə və Azərbaycanı daha sıx birləşdirdi. Biz güclərimizi daha da birləşdiririk və əlbəttə, gücümüz nə qədər artsa, qarşımızda duran məsələlər bir o qədər asanlıqla həllini tapacaqdır. O ki qaldı "Nabukko" və digər layihələrə, deyə bilərəm ki, Azərbaycan "Cənub" qaz dəhlizinin reallaşmasına öz töhfəsini verməkdədir. Həm təşəbbüslərimiz, tikilmiş qaz kəmərləri, aşkar edilmiş yeni qaz mənbələri, Türkiyə ilə artıq gözəl əməkdaşlıq tariximiz və Avropa İttifaqı ilə imzalanmış sənədlər, əlbəttə, Azərbaycanı çox etibarlı və potensial ixracatçı kimi dünyaya təqdim edir. Ümid edirəm ki, bu məsələ ilə bağlı imzalanmış sənədlər həyata keçiriləndən sonra Azərbaycan qazı həm Türkiyəyə, həm də Türkiyə ərazisindən Avropaya daha da böyük həcmdə nəql ediləcəkdir".
Hazırda ölkəmizin Türkiyə ilə həm hərbi, həm ticarət, həm də turizm sahəsində olduqca sıx əlaqələri var. Toplantıda vurğulanıb ki, məqsəd bundan sonra çox irəli getməkdir. İki ölkə arasında qoyulan sərmayələr millətimizin gələcəyinə xidmət edəcək.
Təəssüf ki, bu ayın 23-də Van bölgəsində baş verən 7,2 bal gücündə zəlzələ çoxsaylı insan tələfatına və dağıntılara səbəb oldu. Bu acını hər azərbaycanlı öz canında, qanında hiss etdi. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi, türk xalqının acılarını bölüşdüyünü bəyan etdi. Oktyabrın 24-nə keçən gecə isə Prezidentin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin bir qrup xilasedici dəstəsi hadisə yerinə yola düşdü. Onlar faciənin aradan qaldırılması üçün türk qardaşları ilə bərabər indi də orada çalışırlar. Türkiyə rəhbərliyi və ictimaiyyəti Azərbaycanın bu köməyini çox yüksək qiymətləndirdilər.
Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı Dağlıq Qarabağ probleminə də toxunulub. Baş nazir Rəcəb Tayyib Ərdoğan bununla bağlı demişdir: "Qarabağdakı işğal mənim azəri qardaşlarımın ürəyini nə qədər dağlayırsa, bilin ki, hər Türkiyə vətəndaşının da ürəyini o qədər dağlayır. Terror hücumları nəticəsində şəhid olan hər bir gəncimizin acısı ürəyimizi ağrıtdığı kimi, inanıram ki, azəri qardaşlarımın da ürəyini ağrıdır. İşğal bitənədək Türkiyə Azərbaycanla çiyin-çiyinə mübarizə aparmağa davam edəcək. Terrorla mübarizəmizdə səmimi dəstəyinə görə dost, qardaş Azərbaycana təşəkkür edirəm".
Azərbaycan Pezidenti İlham Əliyevin Türkiyəyə bu həftəki səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bir daha dünyaya nümayiş etdirdi. Bu səfər iki qardaş xalq arasında hər sahədə münasibətlərin bundan sonra da inkişafına böyük təkan verdi.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2011.- 28 oktyabr.-
S. 2.