Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir

 

Oktyabrın 27-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov  Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Flip Lefortun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.  Komitənin sədri qeyd etmişdir ki, səfər parlamentlərarası münasibətlərin möhkəmləndirilməsinə yaxşı töhfə verəcək. Daha sonra qonaqlara dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən ölkəmizin qazandığı nailiyyətlər barədə geniş məlumat verən Səməd Seyidov siyasi, iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlardan, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən, bunun nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarından danışmışdır.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Flip Lefort demişdir ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar göz qarşısındadır. Azərbaycan təkcə uğurlu iqtisadi inkişafa deyil, həm də zəngin mədəniyyətə sahibdir. O, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq bildirmişdir ki, Avrora İttifaqının parlament iclaslarında bu məsələ tez-tez gündəmə gətirilir.  İnanırıq ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.

Sonda tərəflər arasında digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-28 oktyabr.- S.  3.