Azərbaycanın
ilk sərhədçi generalı Mustafa Nəsirovun 90 illik
yubileyi qeyd olunmuşdur
Oktyabrın 27-də Dənizçilərin Mədəniyyət Evində Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq- Mühafizə Orqanları Veteranları Şurası Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun 90 illik yubileyi münasibətilə mərasim keçirmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri və müavinləri, veteranlar, Milli Təhlükəsizlik, Müdafiə, Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, yubilyarın dostları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Əvvəlcə Mustafa Nəsirova həsr olunmuş sənədli film göstərilmişdir.
Sonra Mustafa Nəsirovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı oxunmuşdur.
Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası sədrinin müavini Surxay Tağızadə yubilyarın keçdiyi şərəfli həyat yolundan danışmışdır.
Vurğulanmışdır ki, general bütün xidməti boyu vətən, xalq və dövlət qarşısında müqəddəs borcunu şərəf və vicdanla yerinə yetirmiş, gənc zabitlərə örnək və nümunə olmuşdur. Müxtəlif orden və medallara, fəxri fərmanlara layiq görülmüş M.Nəsirov Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 oktyabr tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Qeyd olunmuşdur ki, 1921-ci il oktyabrın 25-də Dərbənd şəhərində anadan olan M.Nəsirov 1938-ci ildə Dərbənd pedaqoji məktəbini, 1940-cı ildə isə Dağıstan Dövlət Müəllimlik İnstitutunu bitirmişdir. 1942-ci ildə Saratov Sərhəd İnstitutuna göndərilən M.Nəsirov ölkədə müharibə getdiyi üçün üçillik kursu doqquz aya başa vuraraq Orta Asiya Sərhəd Dairəsində xidmətə başlamışdır. 1942-ci ilin yanvarında hərbi xidmətə çağırılmışdır. Şərəfli döyüş yolu keçmiş M.Nəsirov 1952-ci ilin sentyabrından Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında hərbi hazırlıq bölmələrində xidmət etmişdir. 1961-ci ilin oktyabrından 1962-ci ilin aprelinə qədər SSRİ DTK-nın Ali Məktəbi nəzdində təkmilləşdirmə kurslarının dinləyicisi olmuşdur. Sonralar isə xidmətini Azərbaycan sərhəd dairəsinin Göytəpə sərhəd dəstəsinin qərargah rəisi, Neftçala sərhəd dəstəsinin rəisi vəzifələrində davam etdirmişdir.
1962-ci ilin noyabrından 1968-ci ilin oktyabrına qədər Naxçıvan sərhəd dəstəsinə komandanlıq etmiş, eyni zamanda SSRİ-nin sərhəd komissarı, Araz çayında İran ilə birgə "Araz" və "Mil-Muğan" hidroqurğuların tikilməsində SSRİ səlahiyyətli sərhəd nümayəndəsi olmuşdur. Həmin diplomatik vəzifələrdə işləyərkən həmhüdud ölkənin müvafiq orqanları ilə mənalı əlaqə bəsləyərək sərhəd çayı sularının istifadə olunması, balıqçılıq, dəmir yolu, su, avtomobil nəqliyyatı vasitələrinin sərhəddən normal keçirilməsi, "Araz", "Mil-Muğan" hidroqurğularının uğurla aparılması sahəsində çalışmışdır.
Sərhədçi general Mustafa Nəsirov 1964-cü ildə polkovnik hərbi rütbəsi almışdır. O, Zaqafqaziya Sərhəd Dairəsi komandanının müavini təyin olunmuşdur.
Xüsusi vurğulanmışdır ki, keçmiş SSRİ Sərhəd Qoşunlarında yüksək vəzifələrə təyin olunmuş ilk azərbaycanlı sərhədçi olmuşdur. Mustafa Nəsirov azərbaycanlılara yaradılan süni çətinliklərə baxmayaraq, dahi öndər, ümummilli liderimiz Heydər Əliyevin azərbaycanlı zabitlərin inkişafına xüsusi diqqət və qayğısı sayəsində general-mayor ali hərbi rütbəsinə layiq görülmüş, müxtəlif orden, medal və fəxri fərmanlarla təltif edilmişdir.
General-mayor
Mustafa Nəsirov 65 yaşında istefaya
çıxmışdır.
Mustafa Nəsirov
1987-ci ilin martında Azərbaycan Respublikası Müharibə,
Əmək və Hərbi Qüvvələr Veteranları
Şurasının ilk sədri seçilmişdir.
Sonra
Könüllü Hərbi Vətənpərvərlik Texniki
İdman Cəmiyyəti (KHVTİC) Respublika
Şurasının sədri, general-mayor Novruzəli Orucov,
Müdafiə Nazirliyinin Tərbiyə İşləri
İdarəsinin rəisi polkovnik Vaqif Məmmədov, Daxili
İşlər Nazirliyinin Veteranlar Şurasının sədri,
istefada olan polkovnik Ramiz Axundov, Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşı Xəqani Bağırov və
digər çıxış edənlər yubilyarı təbrik
etmiş, uğurlar arzulamış, hədiyyələr təqdim
etmişlər.
Ukrayna
Sosial Müdafiə və İctimaiyyətlə əlaqə
Agentliyinin direktoru Svetlana Kuşnirova Ukrayna Prezidentinin yubiley
medalını Mustafa Nəsirova təqdim etmişdir.
Mustafa Nəsirov
tədbirin təşkilinə və ona göstərilən
diqqət və qayğıya görə dövlətimizin
başçısına, təşkilatçılara minnətdarlığını
bildirmişdir. Mərasim maraqlı konsert proqramı ilə
davam etmişdir.
Azərbaycan.- 2011.- 28 oktyabr.- S. 3.