Türkiyədə zəlzələdən zərər çəkənlərə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən növbəti avtomobil karvanı ilə yardım yola salınmışdır

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən oktyabrın 27-də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınmışdır. AzərTAc xəbər verir ki, 40 avtomobildən ibarət yardım karvanı oktyabrın 27-də gecə saat 3-də Bakıdan Türkiyəyə yola düşmüşdür. Türkiyənin Van bölgəsinə avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kvadratmetr), 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal göndərilmişdir.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev demişdir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən oktyabrın 23-dən Türkiyəyə yardımlar göndərilməyə başlanılmışdır. Artıq FHN tərəfindən 250 çadır, 700 səhra yataq dəsti, 3000 ədyal, 2000 yataq dəsti və 2 səhra mətbəxi təbii fəlakət bölgəsinə göndərilmişdir. Eyni zamanda 213 nəfər xilasedici hazırda Türkiyənin Van bölgəsində çalışmaqdadır. Göndərilmiş çadırlardan ibarət "çadır şəhərciyi" quraşdırılaraq zərərçəkmiş insanlara təhvil verilmişdir. Oktyabrın 23-dən bu günə qədər dövlətimizin başçısının göstərişi ilə Türkiyəyə göndərilmiş yardımların ümumi məbləği 1 milyon 700 min ABŞ dolları təşkil edir. Zərurət yaranarsa, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Van bölgəsinə əlavə yardımlar göndərəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 28 oktyabr.- S.  3.