Azərbaycan
diplomatiyasının BMT zəfəri
Mübariz Qurbanlı: "BMT Təhlükəsizlik Şurasına üzv seçilmək Prezident İlham Əliyevin qətiyyətli və hücumçu xarici siyasətinin məntiqi nəticəsidir"
Bu günlərdə Azərbaycanın beynəlxalq diplomatik uğurları sırasına növbəti əlamətdar hadisə əlavə olundu. Oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən respublikamız 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni üzv seçildi. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi həm ölkəmizdə, həm də xarici dövlətlərdə çox haqlı olaraq respublikamızın beynəlxalq müstəvidə qazandığı son dərəcə böyük siyasi və diplomatik qələbə kimi qəbul edilir. Bu uğur həm də Azərbaycanın öz milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün daha geniş imkanlar yaradır.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ilə müsahibəmiz də bu barədədir.
- Mübariz
müəllim, istərdik öncə ölkəmizin BMT TŞ-nin üzvü
seçilməsi ilə bağlı qənaətlərinizi
bölüşəsiniz.
- 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının qarşısında çox ciddi və mühüm vəzifələr dayanırdı. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan dairələr milli maraqların təmini baxımından ölkəmizin qarşısında duran məsələləri həll edə bilmədilər. Çünki bunun üçün onların nə siyasi səriştələri, nə də qabiliyyətləri vardı. Ona görə Azərbaycanda 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidarların yarıtmaz fəaliyyətləri, idarəçilikdə buraxdıqları kobud səhvlər müstəqilliyi hələ kövrək olan respublikamıza ancaq ziyan verdi.
Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanın xarici siyasətində və milli maraqlarının beynəlxalq miqyasda etibarlı şəkildə qorunmasında da kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verdi. Xalqımızın ümummilli lideri Azərbaycanın xarici siyasətinin konsepsiyasını, doktrinasını və əsas istiqamətlərini böyük uzaqgörənliklə müəyyən etdi. Məhz bu siyasət Azərbaycanın beynəlxalq aləmdə yerini və nüfuzunu möhkəmləndirdi. Rəsmi Bakı BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarda öz milli maraqlarını əhəmiyyətli dərəcədə təmin edən siyasət həyata keçirməyə başladı.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində bu siyasət bir sıra keyfiyyət dəyişiklikləri ilə uğurla davam etdirilir. Bu siyasət çox böyük nailiyyətlərlə müşayiət olunmaqdadır. Bunun nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Təbii ki, xarici siyasətdə əldə etdiyimiz uğurlar, xüsusilə hücumçu diplomatiya taktikası Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib.
Bu baxımdan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi ölkəmizdə həyata keçirilən siyasətin məntiqi nəticəsi olmaqla milli və dövlət maraqları baxımından çox mühüm siyasi məsələdir. Prezident İlham Əliyevin bununla əlaqədar verdiyi bəyanatda çox aydın şəkildə ifadə edilib ki, bu, bizim üçün tarixi əhəmiyyət kəsb edən bir hadisədir. BMT TŞ-yə üzv olmaq üçün BMT dövlətlərinin üçdə ikisinin, təxminən 129 dövlətin səsini qazanmaq lazım idi. Lakin təsəvvür edin ki, quruma 193 üzv dövlətdən 155-i Azərbaycanın TŞ-yə üzv olmasına səs vermişdir. 20 illik müstəqillik dövrünü yaşayan gənc dövlətin beynəlxalq miqyasda, dünyanın ən aparıcı beynəlxalq təşkilatında bu qədər səs toplaması doğrudan da mühüm bir məsələdir.
1945-ci ildən ötən müddətdə BMT böyük inkişaf yolu keçib. Üzvlərinin sayı 193-ə qədər artıb. Bu müddətdə BMT-nin funksiyaları da çoxalıb. Müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən qurumları fəaliyyətə başlayıb. Lakin bütün bunlarla yanaşı, TŞ bütün dövrlərdə BMT-də ən aparıcı qurum olaraq qalıb. TŞ-nin 15 üzvü var. Onlardan yalnız 5-i daimidir. Qalan üzvlər iki il müddətinə ayrı-ayrı regional qrupların maraqlarını ifadə etmək üçün seçilir. Azərbaycan Şərqi Avropa ölkələri qrupundadır. Bu qrupda 23 dövlət var. Onlardan yalnız biri - Rusiya TŞ-nin daimi üzvüdür. Rusiyadan və eləcə də bu il qeyri-daimi üzvlüyü başa çatan Bosniya və Herseqovinadan başqa yerdə qalan digər dövlətlər də Azərbaycanla bərabər TŞ-yə qrup daxilində namizədliklərini irəli sürmüşdülər. Lakin ölkəmizin artan nüfuzu və geostrateji mövqeyi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində respublikamıza etimad daha çox oldu. Ona görə qrup daxilində irəli sürülən namizədlər arasında Azərbaycan daha çox səs topladı. Azərbaycanın bu prosesdə keçirilən səsvermələrdə 155 səs toplaması göstərir ki, respublikamız BMT səviyyəsində böyük nüfuza malik ölkələrlə birlikdə yer almaqdadır.
- Azərbaycanla
birlikdə digər ölkələr də eyni
qrupdan BMT TŞ-yə namizədliklərini
vermişdilər. Sizcə, məhz Azərbaycanın üzv seçilməsini şərtləndirən
başlıca amillər hansılardır?
- BMT 1945-ci ildə yaradılıb. O zaman təşkilatın qarşısında duran ən ümdə vəzifə dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi olub. BMT yaradılanda onu təsis edən ölkələr qarşıya vəzifə qoyub ki, bir daha dünyada müharibələr olmasın. Eyni zamanda, müharibələrin qarşısını almaq, beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək üçün bir sıra vəzifələr müəyyən edilib, sənədlər qəbul olunub.
Bütün bunlardan irəli gələrək BMT TŞ-nin qeyri-daimi üzvü olmağın şərtləri var. O dövlət bu qurumda üzv ola bilər ki, sülhə, təhlükəsizliyə, tolerantlığa, iqtisadi inkişafa, millətlərarası və sivilizasiyalararası münasibətlərə, dialoqa əməli töhfələr verir. Müqayisə etsək görərik ki, Azərbaycan Cənubi Qafqazda bu deyilən şərtləri ən çox yerinə yetirən ölkədir. Respublikamız müxtəlif sivilizasiyaların, Şərqlə Qərbin qovşağında yerləşir. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən unikal geostrateji məkandır. Ölkəmizin BMT sənədlərində nəzərdə tutulan məsələlərə verdiyi böyük töhfələr, həmçinin Prezident Administrasiyası, Heydər Əliyev Fondu, Xarici İşlər Nazirliyi, Yeni Azərbaycan Partiyası xətti ilə respublikamızda keçirilən çoxsaylı beynəlxalq siyasi, iqtisadi, mədəni və humanitar tədbirlər, idman yarışları Azərbaycanın dünyada sülhə, əmin-amanlığa, sivilizasiyalararası dialoqa, dövlətlərarası münasibətlərə, tolerantlığa, millətlərarası əlaqələrə çox böyük töhfələr verdiyini göstərən amillərdir. Azərbaycan multikulturalizmə və tolerantlığa çox böyük diqqət yetirən ölkədir. Digər tərəfdən, Azərbaycan artıq dünya iqtisadi inkişafına, o cümlədən beynəlxalq proseslərə təsir göstərən dövlətə çevrilib. Bu göstəricilərin hər biri Azərbaycanın nüfuzunu artıran çox ciddi və mühüm meyarlardır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin dünya siyasətçiləri və liderləri arasında şəxsi nüfuzu, dövlət başçısı kimi ölkələrarası münasibətlərə verdiyi töhfə, təbii ki, respublikamızın beynəlxalq nüfuzunun artmasında öz rolunu oynamaqdadır. Bununla da Azərbaycan BMT TŞ-nin üzvlüyünə namizədliyini irəli sürdükdə biz nəticə etibarilə uğura imza ata bildik.
Bütün bunlarla yanaşı, respublikamızın BMT TŞ-yə üzv seçilməsini şərtləndirən digər vacib məqamlara da, zənnimcə, diqqət yetirilməlidir. Bütün dünya birmənalı olaraq qəbul edir ki, Azərbaycan sürətlə inkişaf edən, müasirləşən demokratik və dünyəvi ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda qısa dövr ərzində mühüm iqtisadi və sosial layihələr həyata keçirilmiş, əhalinin rifah halının yüksəldilməsi, yoxsulluğun və işsizliyin aradan qaldırılması sahəsində inqilabi nəticələr əldə edilmişdir. Azərbaycan həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaşdır, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Ərazisinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan daim sülh tərəfdarı kimi çıxış etmiş və böyük iqtisadi və hərbi potensialına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirir. Azərbaycan həm də regional təhlükəsizliyə mühüm töhfə verir, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktora çevrilmişdir. Bütün bunlar ölkəmizin TŞ-yə seçilməsini şərtləndirən əsas faktorlardandır.
-
Qarşıdakı iki il
ərzində BMT TŞ-nin qeyri-daimi
üzvü olmaq Azərbaycan
Respublikasına nə verəcək, ölkəmiz hansı siyasi imkanlara malik olacaq?
- Azərbaycan üçün BMT TŞ-nin qeyri-daimi üzvü mənəvi-psixoloji və ideoloji qələbədir. Azərbaycan bu qurumda təmsil olunmaqla dünya miqyasında gedən böyük siyasətin əsas oyunçusuna çevriləcək. Gələn il səlahiyyətlərinin icrasına başlayacaq Azərbaycan Respublikası üçün BMT TŞ-nin üzvü kimi bu çərçivədə fəaliyyətinin prioritetləri ümumən bəllidi. Bunlar beynəlxalq sülh və sabitliyin qorunması, ölkələrin davamlı inkişafı, mədəniyyətlərarası anlaşmanın artırılması, ətraf mühitin qorunması kimi məsələlərdir. Bununla yanaşı, Azərbaycan TŞ-də fəaliyyət göstərməklə özünün üzləşdiyi çətinliklərin həll edilməsi, xüsusilə Ermənistanın təcavüzkarlığının daha geniş miqyasda ifşa olunması üçün çoxşaxəli fəaliyyət göstərəcək. Azərbaycan TŞ-də təmsil olunmaqla BMT üzvü olan ölkələr arasında nüfuzunu daha da artıracaq.
BMT-nin Nizamnaməsindən də göründüyü kimi, TŞ-yə üzv olmaq hər bir ölkə üçün geniş imkanlar yaradır. TŞ üzvləri qlobal problemlərin həllində yaxından iştirak edir, dünya miqyasında söz sahibinə çevrilirlər. Nizamnamənin 24-cü maddəsinə görə, BMT və onun üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının məsuliyyətini TŞ-nin üzərinə qoyurlar. Ona görə TŞ bu və ya digər münaqişələrin, mübahisələrin nizamlanması üçün müvafiq səlahiyyətlərə və təsir imkanlarına malik orqandır. Yəni TŞ-yə üzv olan hər bir dövlət dünyada baş verən münaqişələrin və mübahisələrin həllində mühüm rola malik olur və söz sahibinə çevrilir. Nizamnamənin 27-ci maddəsində isə göstərilir ki, TŞ-nin 9 üzvü səs verdikdə qərar qəbul olunur. Nəticə etibarilə, TŞ-yə üzv olan hər bir ölkənin mövqeyi mühüm məsələlərin nizama salınmasında həlledicidir. Bu isə üzv ölkələrin dünya miqyasında mühüm problemlərin həllində böyük rol oynadığını göstərir.
Nizamnamənin 33, 34 və 36-cı maddələrinə görə, TŞ problemi araşdırmaq, ona qiymət vermək, münaqişə və mübahisə tərəflərindən tələb etmək, müvafiq həll prosedurunu və metodunu təklif kimi irəli sürmək səlahiyyətinə malikdir. Beləliklə, TŞ-yə üzv olan ölkə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən istənilən problemin həllində fəal iştirak etmək və təklif irəli sürmək imkanı qazanır.
Yeri gəlmişkən, bədnam qonşumuz da Şərqi Avropa ölkələri qrupundan TŞ-yə üzv olmağa iddialı idi. Hətta ilk mərhələdə bunun üçün cəhd də etdi. Lakin ermənilər biabır olacaqlarını və heç birinci turda belə keçməyəcəklərini gördükdə gizlicə namizədlikdən imtina etdilər. Daha doğrusu, böyük biabırçılıqdan xilas olmaq üçün bu prosesdən çəkindilər. Ona görə bu, bizim böyük nailiyyətimiz, xüsusən Ermənistan üzərində mənəvi, siyasi, psixoloji və diplomatik qələbəmizdir. Bu gün Azərbaycan bütün sahələrdə Ermənistanı üstələmişdir. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azından on dəfə üstündür. İkincisi, Azərbaycan diplomatiyası Ermənistan diplomatiyasını küncə sıxışdırıb, dalana dirəyib. Bu gün Ermənistan bütün beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyəti qarşısında aciz vəziyyətə düşmüşdür. Azərbaycan mədəniyyəti erməni mədəniyyətindən üstün olduğunu bütün dünyada sübut etmişdir. "Eurovision" mahnı müsabiqəsində, idman yarışlarında qələbə, Azərbaycan nümayəndələrinin beynəlxalq miqyasda nümayiş etdirdikləri üstün fəaliyyət ölkəmizin Ermənistan qarşısında bütün sahələrdə üstün olduğunu göstərən faktorlardır. Bu gün hər bir Ermənistan vətəndaşı ölkəsinin Azərbaycandan qat-qat geri qaldığını görməkdədir. Bu, bütün Ermənistanı ruh düşkünlüyünə salmışdır. Bu ölkədən mühacirət kütləvi xarakter alıb. Ona görə Azərbaycanın BMT-dəki bu uğuru bütün hallarda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasına təsir göstərməklə bərabər, qarşımızda duran Dağlıq Qarabağ münaqişəsinin həllinə də töhfə verəcək, respublikamızın ədalətli mövqeyinə üstünlük və dividend gətirəcək.
- Azərbaycanın
bu uğuru bütün səviyyələrdə qeyd olunur. Lakin
bəziləri onun miqyasını və əhəmiyyətini
kiçiltməyə cəhd edirlər. Belələri onu əsas götürürlər ki, guya bütün
ölkələr növbəlilik prinsipi
ilə BMT TŞ-də təmsil oluna bilər.
Sizcə, bu arqument doğru sayıla bilərmi?
- Belə bir arqument məsələyə tamamilə yanlış yanaşmadan xəbər verir. Düzdür, BMT Təhlükəsizlik Şurasında üzvlük üçün rotasiya prinsipi vardır. Lakin rotasiya prinsipi dövlətlər üçün deyil, qruplar üçündür. Bu qrupların hər birində isə onlarla dövlət var. Qrupların rotasiyası prosesində orada təmsil olunan dövlətlər namizədliklərini verirlər. Amma elə dövlətlər var ki, BMT-nin 51 təsisçisindən biri olmasına baxmayaraq, indiyədək TŞ-nin qeyri-daimi üzvü seçilə bilməyib. Məsələn, indi Azərbaycanla birlikdə qeyri-daimi üzv seçilən Qvatemala BMT-ni təsis edən 51 dövlətdən biridir. Bu dövlət yalnız indi ilk dəfə olaraq TŞ-yə üzv seçilib. Ona görə də Azərbaycanın TŞ-yə qeyri-daimi üzv seçilməsini mexaniki bir proses kimi qələmə verməyə cəhd edənlər beynəlxalq münasibətləri, BMT-nin funksiyalarını, fəaliyyətini, bu qurum daxilində gedən prosesləri bilməyənlərdir.
BMT TŞ-yə üzv seçilmək Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və hücumçu diplomatiya siyasətinin məntiqi nəticəsidir. Azərbaycan xalqının öz dövlətinə və rəhbərinə sədaqətinin məntiqi nəticəsidir. Hesab edirəm ki, bu kimi uğurlar bundan sonra da davam edəcək və inşallah, xalqımız daha böyük qələbələrə imza atacaq.
Müsahibəni
apardı: Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2011.- 28 oktyabr.-
S. 4.