Sahibə Qafarova: BMT TŞ-yə üzvlük bir daha göstərdi ki, Azərbaycan regionun ən önəmli və güclü dövlətidir

 

 "Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçilməsi bir neçə cəhətdən çox önəmli hadisədir. Əvvəla, dünyanın ən böyük və nüfuzlu təşkilatının ən aparıcı strukturunda təmsil olunmaq hüququ qazanmaq istənilən dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, Azərbaycan dövlətinin müstəqilliyinin cəmi 20 yaşı var, onda bu məsələnin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli hadisə olduğunu geniş izah etməyə ehtiyac qalmır".

Bu fikirləri www.yap.org.az saytına açıqlamasında Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bu üzvlük Azərbaycan üçün öz problemlərini, səsini dünyada eşitdirmək baxımından yeni imkanların, yeni tribunanın yaranması deməkdir. "Digər tərəfdən, BMT TŞ-nin üzvü seçilməsi Azərbaycanın beynəlxalq mövqeyinin nə dərəcədə güclü olduğunu və ölkəmizin həyata keçirdiyi xarici siyasət strategiyasının dünyada dəstəkləndiyini açıq şəkildə ortaya qoyur. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında iştirak edən aparıcı dövlətlərdən biridir, yerləşdiyi regionun isə ən önəmli və güclü dövlətidir", - deyə millət vəkili qeyd edib.

Sahibə Qafarovanın sözlərinə görə, BMT TŞ-yə üzvlük Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yardım edə bilər. "Hesab edirəm ki, Azərbaycanın da dünyada barış və sülhün təmin olunmasına verə biləcəyi töhfələr yetərincədir. Xüsusilə son illər ərzində ölkəmizin sivilizasiyalararası dialoqa verdiyi güclü dəstək və bu məsələdə oynadığı rol hamı tərəfindən etiraf olunur", - deyə nümayəndə heyətinin üzvü vurğulayıb.

 

 

Azərbaycan.- 2011.-28 oktyabr.- S. 4.