Azərbaycan dünya siyasətini müəyyən
edən ölkələr sırasında yer alıb
Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir. Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənilməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir.
Azərbaycanın balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması, başlıcası isə milli mənafeyini lazımi səviyyədə müdafiə etməsi məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev də dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir.
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Rəsmi Bakı daim Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri arasında "bölüşdürülməsi" cəhdlərini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmişdir. Dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan respublikamız beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə - onların ərazi bütövlüyü, hərbi güc və iqtisadi potensialından asılı olmayaraq müstəqil xarici siyasət həyata keçirir. Rəsmi Bakı 2003-2011-ci illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik, adekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığı üstün tutmuşdur.
Müstəqillik qazandıqdan sonra Azərbaycanın əməkdaşlığa ciddi maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır. Resrublikamızın təşkilatla münasibətləri son illərdə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir. Xatırladaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir.
Bu günlərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması ölkəmizin adıçəkilən mötəbər təşkilatla əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq etmişdir. Bu tarixi hadisə ilə Azərbaycan dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrildi. Erməni lobbisinin, Ermənistanın Azərbaycana qarşı məkrli və düşmən siyasəti şəraitində 193 BMT üzvündən 155-i ölkəmizin namizədliyini dəstəkləmişdir. Bu fakt ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyini, aparılan xarici siyasətin uzaqgörənliyini bir daha təsdiqlədi. Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni üzv oldu. Məlumat üçün qeyd edək ki, BMT Nizamnaməsinin 23-cü maddəsinə əsasən, Təhlükəsizlik Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, Fransa və Böyük Britaniya) və 10 qeyri-daimi üzvdən ibarətdir. Qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına və BMT-nin digər məqsədlərinə nail olunmasına dəstəyi nəzərə alınır. Ölkələrin beynəlxalq münasibətlər sistemində yeri və rolu, sülhün və təhlükəsizliyin qorunmasına töhfəsi həlledici faktorlar kimi götürülür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmiz qarşısında böyük imkanlar açacaqdır.
BMT Nizamnaməsinin 24-cü maddəsinə görə, təşkilat və onun üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının məsuliyyətini Təhlükəsizlik Şurasının üzərinə qoyurlar. TŞ bu və ya digər münaqişələrin, mübahisələrin nizamlanması üçün müvafiq səlahiyyətlərə və təsir imkanlarına malik orqandır. Yəni TŞ-yə üzv olan hər bir dövlət dünyada baş verən münaqişələrin və mübahisələrin həllində mühüm rola malik olur və söz sahibinə çevrilir.
Nizamnamənin 27-ci maddəsində göstərilir ki, TŞ-nin 9 üzvü səs verdikdə qərar qəbul olunur. Nəticə etibarilə, TŞ-yə üzv olan hər bir ölkənin mövqeyi mühüm məsələlərin nizama salınmasında (məsələn, hər hansı bir ölkəyə sanksiyaların tətbiq edilməsi, hansısa münaqişənin həlli ilə bağlı qərarın qəbul olunması və s.) həlledici ola bilər. Bu isə hər bir üzv ölkənin dünya miqyasında mühüm problemlərin həllində böyük rol oynadığını göstərir.
Nizamnamənin 33, 34 və 36-cı maddələrinə görə, TŞ problemi araşdırmaq, ona qiymət vermək, münaqişə və mübahisə tərəflərindən tələb etmək, müvafiq həll prosedurunu və metodunu təklif kimi irəli sürmək səlahiyyətinə malikdir. Beləliklə, TŞ-yə üzv olan ölkə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən istənilən problemin həllində fəal iştirak etmək və təklif irəli sürmək imkanı qazanır.
Nizamnamənin 7-ci bölümünə əsasən, TŞ sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir, tam və ya qismən iqtisadi sanksiyaların tətbiq edilməsi, bütün növ əlaqələrin dayandırılması, diplomatik əlaqələrin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən, tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə TŞ-nin qərarı ilə güc tətbiq edilməsi barədə qərar qəbul edilə bilər. 45-ci maddəyə görə, regional razılaşmaların yerinə yetirilməsi üçün TŞ-yə məcburetmə imkanları verilir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın təcvüzü faktını nəzərə alaraq, Azərbaycan BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi və Ermənistana qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar qazanır.
Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini yüksək qiymətləndirmişdir: "BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür. İki gün ərzində keçirilən seçkilərdə Azərbaycan bütün turlarda, bütün mərhələlərdə üstünlük əldə etmişdir. Birinci turda 3 namizədin arasında 1-ci yeri Azərbaycan tutmuşdur. Ondan sonra keçirilən səsvermələrdə həmişə bizim ölkəmizə çox böyük dəstək verilmişdir. Nəticədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək bizi bu mötəbər təşkilata üzv seçdi. Mən fürsətdən istifadə edərək bizə inanan, bizə güvənən, bizə böyük hörmət göstərmiş bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcəkdir".
E.HACIALIYEV
Azərbaycan.- 2011.- 28 oktyabr.-
S. 5.