Filip Lefort: BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi Azərbaycan
kimi gənc ölkənin böyük
nailiyyətidir
Oktyabrın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, F.Lefort Azərbaycanı BMT Təhlükəsizlik Şurasına 2012--2013-cü illər üçün qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmiş və uğurlar arzulamışdır. Aİ-nin rəsmisi respublikamızın bu mötəbər quruma qeyri-daimi üzv seçilməsi Azərbaycan kimi gənc ölkənin böyük nailiyyəti olduğunu vurğulamışdır.
F.Lefort Aİ ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd etmişdir.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə təbriklərə görə təşəkkürünü bildirən E.Məmmədyarov demişdir ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü müddətində Azərbaycan qlobal və regional məsələlərin həllində səmərəli və yaxından iştirak edəcəkdir.
Nazir Azərbaycanın bundan əvvəl də müxtəlif humanitar missiyalarda iştirak etdiyini və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulamışdır. Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu qeyd edən E.Məmmədyarov ölkəmizin dünyada multikulturalizmin inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioritetidir, - deyən nazir vurğulamışdır ki, bu məsələ
ölkəmiz
üçün ən böyük problemdir. E.Məmmədyarov bildirmişdir ki,
münaqişənin nizamlanması üçün
ən böyük maneə Azərbaycan
torpaqlarının hələ də erməni silahlı
qüvvələrinin işğalı altında olması
faktıdır. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.- 28 oktyabr.-
S. 5.