Polad Bülbüloğlu: Mən bütün həmvətənlərimi qarşıdan gələn seçkilərdə fəal olmağa çağırıram

 

"Biz danışmaq, onların problemlərini başa düşmək və onları daha fəal olmağa səsləmək üçün diasporla görüş keçirdik. Biz əsla insanlara qarşıdan gələn seçkilərdə  kimə səs  vermək göstərişini vermirik və  verə də bilmərik. Biz, sadəcə,  diasporumuzu daha fəal olmağa, özünü mütəşəkkil qüvvə kimi  göstərməyə çağırırıq".  Bu sözləri  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkəmizin Sankt-Peterburqdakı baş konsulu  Qüdsi Osmanovun, Leninqrad vilayətinin vitse-qubernatoru Aleksandr Kuznetsovun və "Yedinaya Rossiya" partiyasının seçki qərargahının rəhbəri, regional siyasi şuranın katibi Aleksandr Xudilaynenin iştirakı ilə  Azərbaycan  diasporu ilə  keçirilən görüşün yekunlarına əsasən KİV-lər üçün brifinqdə səsləndirmişdir.

Səfir demişdir: "Bu gün qeyd olunmuşdur ki, Azərbaycan diasporu öz sayına görə vilayətdə doqquzuncu yeri tutur. Bu, olduqca əhəmiyyətlidir, çünki bu gün Rusiya  demokratik  seçki yolu ilə irəliləyir, bu gün vətəndaşların səsləri  istər Dövlət Dumasına  seçkilərdə, istərsə də yerli səviyyəli seçkilərdə və gələn ilin martında keçiriləcək prezident seçkilərində çox böyük əhəmiyyət kəsb edir. Odur ki, bütün həmvətənlərimizi fəal, mütərəqqi olmağa, düzgün seçim etməyə, Rusiya və Azərbaycanın qonşu olduqlarını, Rusiyadakı sabitliyin Azərbaycanın da  sabitliyi və ya əksinə olduğunu başa düşməyə çağırıram".

 

 

Azərbaycan.- 2011.- 28 oktyabr.- S.  6.