Leninqrad vilayətinin vitse-qubernatoru: Azərbaycan icması həm iqtisadiyyatda, həm siyasətdə, həm də mədəniyyətdə mühüm mövqe tutur

 

Azərbaycan icması  hazırda Leninqrad vilayətində həm iqtisadiyyatda, həm siyasətdə, həm də  mədəniyyətdə mühüm mövqe tutur.  Biz ona çox böyük hörmətlə yanaşırıq.  Bu fikri  Leninqrad vilayətinin vitse-qubernatoru  Aleksandr Kuznetsov Azərbaycanın Rusiyadakı  səfiri Polad Bülbüloğlunun, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu  Qüdsi Osmanovun və "Yedinaya Rossiya" partiyasının  seçki qərargahının rəhbəri, regional siyasi şurasının katibi Aleksandr Xudilaynenin iştirakı ilə keçirilən görüşün yekunlarına əsasən KİV-lər üçün brifinqdə səsləndirmişdir.

Vitse-qubernator Azərbaycan rəhbərliyi, səfirliyi və konsulluğu  ilə birlikdə  keçirilmiş son tədbiri - Sovet Ordusuna Azərbaycandan çağırılmış,  Leninqradı müdafiə etmiş və mühasirədən çıxarılmasında böyük rol oynamış  şəxslərə ucaldılan abidənin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılış mərasimini misal gətirərək demişdir: "Bu tədbir layiqincə və çox gözəl keçdi. Burada  Kirov rayonunun bir çox sakinləri iştirak etdilər. Yəqin ki, millətlərarası münasibətlərin əsası da məhz  bunda - dədə-babalarımızın etdiklərini unutmamağımızdadır. Bu xatirə  gələcəyə cəsarətlə baxmağımıza kömək edir".

Onun sözlərinə görə,  leninqradlılar təkcə şəhərin kimlər  tərəfindən  qorunduğunu, mühasirənin kimlər tərəfindən  yarıldığını deyil, həm də buradan, mühasirə şəraitindən çıxarılan  ailələrinin, baba və nənələrinin  kimlər tərəfindən  qəbul edildiyini  unutmurlar.  Qonaqpərvər  Azərbaycan xalqı onlara yardım göstərmişdir. Salamat qalanlar yaşamağa davam etmək və vətəni  dirçəltmək üçün geri qayıtmışlar. Vitse-qubernator demişdir: "Bunun üçün sizə çox sağ olun deyirik və qarşınızda baş əyirik".

Vitse-qubernator vurğulamışdır ki, Azərbaycan diasporunun siyasətdə özünü təsdiq etmək üçün  böyük potensialı vardır. O demişdir: "Görüşdə Azərbaycan diasporunun deputat nişanı gəzdirən bir çox təmsilçiləri iştirak edirdilər.  Bu isə o deməkdir ki,  insanlar onları seçmişlər və onlar da insanların maraqlarını  layiqincə təmsil edirlər. Nevskaya Dubrovka  bələdiyyəsinin başçısı  Sayad Əliyev Qanunverici Məclisə namizəddir. Mən əcdadlarımızın xatirəsinə göstərdiyi münasibətə görə ona minnətdarlığımı bildirdim. İyunun 22-də biz Nevski Pyataçokda  həlak olanların xatirəsinə ucaldılan  abidəni açdıq. Mərasimdə  Nevski Dubrovka  sakinləri də iştirak edirdilər.  Belə bir başçı olmasaydı, yəqin ki, bu  tədbiri keçirmək mümkün olmazdı.  Başçının belə münasibəti  göstərir ki, o, artıq təcrübəli siyasətçidir. Başa düşür ki,  bu yolla, həmçinin Rusiya və Azərbaycan  münasibətlərini qurur. Ona təkcə  başçı kimi deyil, həm də Azərbaycan icmasının nümayəndəsi kimi baxırlar.  Bu, siyasətdə yer tutub icmanı təmsil edənlər üçün örnək  olmalıdır.  İqtisadiyyatda, siyasətdə və mədəniyyət sahəsində  belə ləyaqətli insanlar  olduqca çoxdur. Bu gün onlar öz icmalarında layiqli yer tutan, vətənini unutmayan, ənənələrinə riayət edən, lakin eyni zamanda yaşadıqları ölkənin layiqli vətəndaşları olan ağıllı, savadlı və nəcib insanlardır".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Sankt-Peterburq

 

Azərbaycan.- 2011.- 28 oktyabr.- S.  6.