Xoşməramlı
alim
Həyatda hər kəsin bir ömür payı var. Əsl alim ömrü isə ən şərəfli ömürdür. Çünki bu insanlar doğma xalqının firavan gələcəyi naminə yaşayıb yaradır, yeni elmi və yaradıcı idraklar yetişdirirlər. Onlar öz fəaliyyətlərində genişmiqyaslı, titanik işlərin həllinə nail olur, dünya elmini düşündürən problemlərin tədqiqini aparır, minlərlə kəşf və ixtiranın dərin nəzəri və praktik, fəlsəfi həllini verirlər. İntellekti, tədqiqatçılıq bacarığı, elmi potensialı, güclü məntiqi və ən nəhayət, alicənablığı, xeyirxahlığı ilə elmi ictimaiyyətə yaxşı tanış olan professor Rafiq Qurban oğlu Hüseynov xalqımıza daim hörmət qazandıran, onun adını uca tutan ziyalılarımızdandır. Alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində gərgin zəhməti və böyük istedadı durur. Fəaliyyət sahəsi geniş, maraq dairəsi qlobal olan professoru məşğul olduğu elmin bütün problemləri maraqlandırır. Rafiq Hüseynov tanınmış alim, görkəmli tədqiqatçıdır.
Deyirlər ki, insan yaşa dolduqca müdrikləşir. Ömrün dəyəri isə illərin sayı ilə deyil, hər kəsin işi, fəaliyyəti, əməli və hansı məqsədlərlə yaşaması ilə ölçülür. Rafiq müəllimin arxada qoyduğu illər isə mənalı bir ömürdən, elmə, yüksək amallara sərf edilmiş həyatdan xəbər verir. O, 1946-cı il oktyabr ayının 28-də Azərbaycanın dilbər guşələrindən olan, ziyalıları, alim və tarixi şəxsiyyətləri, maarifçilik ənənələri ilə tanınan qədim Şəkidə dünyaya göz açmışdır. Atası Qurban Hüseynov dövrünün tanınmış ziyalılarından olmuşdur. Çoxuşaqlı ailədə doğulan Rafiq evin dördüncü oğlu idi. Hələ uşaqlıqdan ağlı, düşüncəsi, hadisələrə münasibəti ilə yoldaşlarından fərqlənir, yaşına uyğun olmayan böyük arzularla yaşayırdı. Böyük arzular isə insanı öz üzərində yorulmadan işləməyə, zəngin biliyə, daim axtarışlarda olmağa sövq edir. Arzular isə nə bitir, nə də tükənir.
Rafiq Hüseynov ibtidai məktəbi Şəkidə, orta təhsilini isə Bakıda almışdı. İstedadı, işgüzarlığı, eləcə də ailədə aldığı həyat dərsləri sayəsində orta məktəbi yüksək qiymətlərlə başa vurmuşdu. 1963-cü ildə ata-anasının xeyir-duası ilə sənədlərini Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) metallurgiya fakültəsinə vermişdi. Qəbul imtahanlarını müvəffəqiyyətlə verib əlvan metalların metallurgiyası ixtisası üzrə təhsilini davam etdirməyə başlamışdı. Onun çalışqanlığı, dərslərə ciddi hazırlığı qısa zamanda müsbət nəticəsini verdi və ali təhsil yollarında daha məsuliyyətli və ciddi olmağa zəmin yaratdı.
Tələbəlik illəri gənc Rafiqi adlı-sanlı, görkəmli professorlara yaxşı tanıtdı, tələbə yoldaşlarına onu sevdirdi. Hamı bu mehriban, səmimi gəncdə olan hafizəyə, çalışqanlıq qabiliyyətinə heyran qalırdı. Bu illərdə o, artıq ziyalı kimi yetişmişdi. Respublika miqyaslı müşavirələrdə, toplantı və yığıncaqlarda çıxış edir, maraqlı təkliflər irəli sürürdü. Onun müəyyən problemlə bağlı yeni söz deməyi, tutarlı təhlillərlə məsələnin bir neçə yönümdə əhəmiyyətini açması hamını heyrətə gətirirdi. Beləcə, qaynar tələbəlik illəri ötüb keçdi.
Ali təhsilini 1968-ci ildə müvəffəqiyyətlə bitirən Rafiq Hüseynov təyinatla Novokuznetsk Metallurgiya Kombinatına göndərildi. Burada o, mühəndis-metallurq kimi ilk əmək fəaliyyətinə başladı. Bir müddətdən sonra Vətənə qayıtdı və Bakı Əlvan Metalların Emalı Zavodunda mühəndis, baş usta-texnoloq, sex rəisi vəzifələrində çalışdı, zəngin praktiki iş təcrübəsi qazandı. Elmi araşdırmalara böyük maraq göstərdiyini görən müəllimləri onu təhsil aldığı ali məktəbə dəvət etdilər. O, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun Metalların texnologiyası və metalşünaslıq kafedrasına gəldi, laborant, assistent vəzifələrində işlədi.
1971-1974-cü illərdə R.Hüseynov Moskva Kimya Maşınqayırma İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirdi və namizədlik dissertasiyasını müdafiə edərək yenidən doğma instituta qayıtdı. Baş müəllim və dosent vəzifələrində çalışdı. Bir müddətdən sonra institutda dekan müavini, fakültə partiya təşkilatının katibi işlədi. 1981-1982-ci illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin xarici dillər və Fransada ixtisasartırma kurslarını əla qiymətlərlə bitirdi. 1985-1988-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasına ezam olundu və orada Yüngül Sənaye İnstitutunda kafedra müdiri vəzifəsində çalışdı.
Bu illər ərzində Rafiq müəllim öz tədqiqatlarını peşəkarcasına, həm də konstruktiv elmi-sosioloji müddəalar əsasında yerinə yetirdi. Hər yerdə öz aydın, məntiqli, elmi əsaslara söykənən fikrini deyir, şərh tələb edən problemlərin yığcam şəkildə izahını verməyi bacarırdı. Axı bilik, məlumat başqadır, fitri ağıl, məntiq isə tamamilə fərqli xüsusiyyətdir.
Sonrakı illərdə Rafiq Hüseynov doktorluq dissertasiyasını yazıb başa çatdırır. 1992-ci ildə Moskvada (MADİ) dissertasiyanı müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alır, professor adına layiq görülür. Hazırda R.Hüseynov Azərbaycan Texniki Universitetinin "Konstruksiya və kompozisiya materiallarının texnologiyası" kafedrasına rəhbərlik edir. Doktorluq və namizədlik disertasiyalarının müdafiəsi üzrə xüsusi elmi şuranın üzvüdür. Bir çox dərsliyin (3-ü fransız dilində çıxmışdır), 150-dən çox elmi məqalənin, 7 patentin və 14 elmi ixtiranın müəllifidir. Neft-qaz-kimya, aviaraket, sualtı qayıqlar, zirehli texnika, ağır maşınqayırma və digər sənaye sahələrində tətbiq edilmiş bir çox konstruksiya materiallarının yaradıcılarındandır.
Professor 1976-1985-ci illərdə respublika Gənc Alimlər Şurasının sədri olmuşdur. Hacı Zeynalabdin Tağıyev adına respublika milli mükafatına və qızıl medalına, ümumittifaq komsomolunun qızıl medalına, iki dəfə "Əmək rəşadətinə görə" nişanlarına və çoxlu fəxri fərmanlara layiq görülmüşdür. O, Moskvada keçirilən ümumittifaq komsomolunun qurultaylarının dəfələrlə nümayəndəsi olmuşdur. Komsomol mükafatı laureatıdır. Keçmiş SSRİ EA-nın yubiley medalına layiq görülmüşdür.
Alimin xidmətlərindən biri dövrün dəyərli mütəxəssislərinin hazırlanması, kadrların ixtisasının artırılması məsələlərinə xüsusi diqqət ayırması ilə bağlıdır, O, yetirmələrinə həmişə böyük inam bəsləyir. Bu da elmi problemlərin həllində, qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında onlara psixoloji cəhətdən böyük kömək olur. Professor gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasına və onların yaxşı alim, tədqiqatçı kimi yetişməsinə səylə çalışır. Aktual fikirləri, cəsarətli təşəbbüsləri ilə dərrakəli, mühakiməli aspirant və tələbələrə yol açan alim onlarda olan yenilik hisslərini həmişə yüksək qiymətləndirir.
Rafiq müəllimin
xeyirxahlığı, alicənablığı, müstəsna
qayğıkeşliyi onu ətrafındakılara
sevdirən ən mühüm keyfiyyətdir.
Bu insan saf, ülvi hisslərlə
yaşayır. Rafiq müəllimin şəxsində
hər bir kəsə mənəvi cəhətdən
dayaq durmaq, ehtiyacı
olanlara kömək göstərmək,
alicənablıq, səxavətlilik kimi
keyfiyyətlər cəmləşmişdir. O, tələbələrinin,
aspirantlarının qayğı və ehtiyacları ilə daim maraqlanır, onlara hər
cür yardım edir. Onun təşəbbüsü və
yaxından iştirakı ilə görkəmli şəkili alim
və ziyalıların, dövlət xadimlərinin tərcümeyi-halları
və onlar haqqında bioqrafik
tarixi materiallar toplanaraq iki cilddə nəfis
şəkildə çap olunmuşdur.
Professor "Şəki Xeyriyyə Cəmiyyəti"nin
sədri kimi
həmyerlilərinin sosial-iqtisadi
problemlərinin də həllinə öz
köməyini əsirgəmir.
Məlumdur
ki, xalqımız artıq neçə illərdir ki, erməni
təcavüzünə məruz qalmışdır. Azərbaycan
həqiqətləri artıq dünyaya dərk olunacaq dərəcədə
çatdırılır və beynəlxalq aləm Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində bizim
haqlı tərəf olduğumuzu yaxşı başa
düşür. Ancaq güc nisbətini xeyrimizə dəyişdirəcək
amillər sırasında milli hərbi sənayemizin
inkişafı məsələsi çox vacibdir. Bu
baxımdan Rafiq müəllimin yüksək səviyyədə
yerinə yetirdiyi dissertasiya işinin aktuallığı
xüsusi vurğulanmalıdır. Akademik A.P.Qulyayev Rafiq
Hüseynovla 20 illik birgə fəaliyyətindən nəticə
çıxararaq onu Azərbaycanda hərbi sənaye sahəsində
perspektivli və əvəzsiz milli kadr kimi dəyərləndirmişdir.
Texnika elmləri doktoru, professor, Rusiya Federasiyasının elm
xadimi, SSRİ Dövlət mükafatı laureatı M.U.Laxtin
isə Rafiq Hüseynovun nəinki Azərbaycanda, eləcə də
Zaqafqaziyada görkəmli materialşünas alim olduğunu
xüsusi qeyd etmişdir.
Bu isə
o deməkdir ki, R.Hüseynov geniş diapazonlu alimdir. Təkcə
respublikada deyil, xarici ölkələrdə də
tanınır, tədqiqatları yüksək dəyərləndirilir.
Keçmiş SSRİ-də ilk dəfə zireh poladlarının işlənib hazırlanmasında yeni bir istiqamət seçən, bu poladlarda çox baha başa gələn defisit legirləyici elementləri daha ucuz və asan tapılan mikrolegirləyici elementlərlə əvəz edən Rafiq Hüseynovun haqqında professor U.A.Başnin və başqaları da yüksək fikirlər söyləmişlər. Professorun taleyi elə gətirmişdir ki, o, uzun illər xaricdə - Rusiyada, Ukraynada, Fransada, Əlcəzairdə işləmiş, öz elmini, xalqını ləyaqətlə təmsil etmişdir.
Rafiq Hüseynov daim axtarışda olan, hər bir elmi prosesə yaradıcı yanaşan xoşməramlı alimdir. Bu insanın dəst-xəttinin sirri onun çevik və dərin məntiqində, hadisələrə obyektiv yanaşmasında və konstruktiv ümumiləşdirmələrindədir. Onun həyatı ziyalılığın və alimliyin vəhdətinin ifadəsidir. Yorulmaz fəaliyyəti ilə xalqına daim hörmət gətirən 65 yaşlı alimə həyat sevincləri və elm yollarında uca zirvələr arzulayırıq.
İ.ƏLİYEVA
Azərbaycan.- 2011.- 28 oktyabr.-
S. 7.