Bakıda MDB-nin vergi-maliyyə təhqiqat məsələləri müzakirə olunmuşdur

 

 Bakıda Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Vergi (Maliyyə) Təhqiqatları Orqanları Rəhbərləri Koordinasiya Şurasının 13-cü iclası keçirilmişdir. Tədbirdə Azərbaycan, Belarus, Ukrayna, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Tacikistan, həmçinin müşahidəçi qismində Litva və Latviyanın vergi və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra Şəhidlər xiyabanına gələrək şəhidlərimizin xatirəsini anmışlar.

"Kempinski Badamdar" hotelində keçirilən tədbirdə Azərbaycan vergilər nazirinin müavini Namiq Əliyev və MDB İcraiyyə Komitəsinin Cinayətkarlıqla mübarizə şöbəsinin rəisi Anatoliy Bekeşenk iclas iştirakçılarını salamladıqdan sonra N.Əliyev ölkəmizin siyasiiqtisadi uğurları, vergi sistemində həyata keçirilən islahatlardan danışmış, bu sahədə  reallaşdırılan layihələrin ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılandığını bildirmişdir. Beynəlxlalq əməkdaşlıq məsələlərinə daim önəm verildiyini vurğulayan N.Əliyev Vergilər Nazirliyinin digər təşkilatlarla yanaşı, Vergi (Maliyyə) Təhqiqatları Orqanları Rəhbərləri Koordinasiya Şurasının fəaliyyətində də yaxından iştirak etdiyini söyləmiş, bu iclasın da ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, vergi hüquqpozmaları ilə birgə mübarizə tədbirlərinin səmərəliyinin artırılması üçün növbəti addım olacağına inandığını bildirmişdir.

İclasda Rusiya Federasiyasının daxili işlər nazirinin müavini İqor Alyoşin Vergi (Maliyyə) Təhqiqatları Orqanları Rəhbərləri Koordinasiya Şurasının sədri seçilmişdir.

Sonra tədbir iştirakçıları MDB məkanında iqtisadi təhlükəsizliyin qorunmasında şuranın rolu, 12-ci iclasda qəbul edilən qərarların icra vəziyyəti, korrupsiya ilə mübarizə sahəsində MDB ölkələrinin vergi (təhqiqat) orqanlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də birlik dövlətlərinin vergi (təhqiqat) orqanlarının cinayətkarlıqla mübarizə, birgə xüsusi əməliyyatlar və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi sahəsində vəziyyəti müzakirə etmişlər.

İclasda şuranın Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Hökumət Başçıları Şurasının qərarının layihəsinə və MDB iştirakçısı olan dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edən strukturlarının rəhbərlərinin daimi əsasda fəaliyyət göstərən Koordinasiya Müşavirəsinin yaradılması və onun əsasnaməsinin təsdiq edilməsi barədə qərar layihələrinə baxılmışdır.

Müzakirə olunan əsas məsələlər sırasında əqli mülkiyyət hüquqlarının qorunması problemləri, saxta və keyfiyyətsiz məhsulların dövriyyəsinin qarşısının alınması, eləcə də keyfiyyətli məhsulların istehsalını təşviq edən tədbirlərin hazırlanması da yer almışdır.

Sonra Azərbaycan vergilər nazirinin müavini Namiq Əliyev və Koordinasiya Şurasının sədri İqor Alyoşin mətbuat üçün qısa bəyanatla çıxış etmiş, KİV nümayəndələrinin suallarını cavablandırmışlar.

Məlumat üçün bildirək ki, Vergi (Maliyyə) Təhqiqatları Orqanları Rəhbərləri Koordinasiya Şurasının təsis iclası 1999-cu ilin may ayında Minskdə keçirilmişdir. Həmin iclasda Koordinasiya Şurasının MDB-nin sahəvi strukturu kimi tanınması barədə qərarın layihəsinin MDB Hökumət Başçıları Şurasına təqdim edilməsi qərara alınmış və MDB Hökumət Başçıları Şurasının 30 noyabr 2000-ci il tarixli qərarı ilə Vergi (Maliyyə) Təhqiqatları Orqanları Rəhbərləri Koordinasiya Şurası yaradılmışdır.

 

 

Azərbaycan.- 2011.-28 oktyabr.- S.  7.