Türkiyə
Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Baş nazir!
Əziz qardaşım!
Qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün türk xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Türkiyənin hərtərəfli yüksəlişindən, dünya miqyasında artan nüfuzundan, beynəlxalq məsələlərdə fəal iştirakından böyük məmnunluq duyuruq.
Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın dostluq və qardaşlığından güc alır. Bu cür möhkəm təməllər üzərində yüksələn dövlətlərarası münasibətlərimiz xalqlarımızın sarsılmaz iradəsinin bariz ifadəsidir.
Əminəm ki, qarşılıqlı inam və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasında, ölkələrimizin iqtisadi qüdrətinin artmasında daim mühüm rol oynayacaqdır.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türk xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 17 oktyabr 2011-ci il
Azərbaycan.- 2011.- 29 oktyabr.-
S. 1.