Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçılarına

 

 Hörmətli forum iştirakçıları!

Sizi Azərbaycanda səmimi salamlayır, Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun keçirilməsi münasibətilə təbrik edirəm.

Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artmış, münasibətlərimizin forma və məzmunu əsaslı şəkildə yenilənmişdir. Müştərək mənafelərin təzahürü olaraq yaranmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Dövlətlərin Parlament Assambleyası, Türksoy və digər təşkilatlar çərçivəsindəki birgə fəaliyyət ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı gücləndirməklə yanaşı, dövlətlərimizin beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə və nüfuzunun artmasına da mühüm təsir göstərmişdir.

Xalqlarımız arasında münasibətlərin inkişafında rəsmi qurumlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının, media orqanlarının, elm və mədəniyyət xadimlərinin rolu xüsusi əhəmiyyətə malikdir.

İnteqrasiya meyillərinin getdikcə dərinləşdiyi müasir dünyada mətbuatın, informasiya istehsalı və ötürülməsi ilə məşğul olan digər qurumların lokaldünya miqyasında cərəyan edən proseslərə təsiri  durmadan artır. Hesab edirəm ki, türkdilli ölkələrin və toplumların kütləvi informasiya vasitələri dövlətlərimizin və xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına, ortaq mədəni-mənəvi dəyərlərin təbliğinə, habelə müasir inkişafın müxtəlif aspektləri barədə dünyada çevikdolğun məlumatların yayılması işinə böyük töhfələr verə bilərlər.

İnanıram ki, qardaş ölkələrin və xalqların nüfuzlu media qurumlarının, jurnalistlərin iştirak etdiyi bugünkü forum əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni imkan və vasitələrin tapılmasına, türkdilli xalqların vahid informasiya məkanının formalaşmasına və əlaqəli fəaliyyətin səmərəli təşkilinə xidmət edəcəkdir.

Forum iştirakçılarını bir daha təbrik edir, toplantının işinə uğurlar arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 29 oktyabr.- S. 1.