Azərbaycan ilə
Mərakeş arasında hüquqi əməkdaşlıq
uğurla inkişaf edir
Mərakeş Krallığının ədliyyə naziri M.T.Nasirinin dəvəti ilə Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov bu ölkədə səfərdədir.
Bu barədə AzərTAc-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilmişdir. Məlumatda deyilir ki, Azərbaycanın ədliyyə naziri nümayəndə heyəti ilə Rabatda Kral V Məhəmmədin və Kral II Həsənin xatirələrini ehtiramla yad etmiş, məzarları önünə əklil qoymuşdur.
Mərakeş Ədliyyə Nazirliyində keçirilmiş görüşdə M.T.Nasiri bu ilin mart ayında Azərbaycana səfərini və dövlətimizin başçısı İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırlamış, ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, ədliyyə sahəsində təcrübə mübadiləsinə böyük əhəmiyyət verdiyini bildirmişdir.
Səmimi qonaqpərvərliyə və ölkəmiz haqqında xoş sözlərinə görə, mərakeşli həmkarına minnətdarlığını bildirən F.Məmmədov hüquqi əməkdaşlığa dair ölkələrimiz arasında imzalanmış ilk dövlətlərarası sənədlərin əhəmiyyətini qeyd etmişdir.
Görüşdə Dağlıq Qarabağ və Cənubi Səhra münaqişələrinə toxunularaq, bu məsələlərdə qarşılıqlı dəstək ifadə edilmiş, Azərbaycanın və Mərakeşin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmələri ilə əlaqədar qarşılıqlı təbriklər səsləndirilmişdir.
Sonda iki ölkənin Ədliyyə nazirlikləri arasında sazişin icrası məqsədi ilə ədliyyə və məhkəmə sistemi ilə tanışlığa, elektron ədliyyə və müasir texnologiyaların tətbiqinə, birgə tədris tədbirlərinə dair 2012-ci il üçün işçi proqram imzalanmışdır.
Ölkəmizin nümayəndə heyətinin səfərinə böyük diqqət göstərilərək Mərakeşin Mərkəzi Televiziyası Azərbaycanın ədliyyə nazirindən müsahibə götürmüşdür.
Səfər çərçivəsində Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri A.Radi ilə görüş keçirilmişdir. Səmimi qəbula görə minnətdarlığını ifadə edən F.Məmmədov bir neçə gün əvvəl Beynəlxalq Parlament Birliyinin sədri seçilməsi münasibətilə A.Radini təbrik etmiş, iki ölkə arasında əlaqələri yüksək qiymətləndirərək, noyabrın 25-də keçiriləcək parlament seçkilərində Mərakeş xalqına uğurlar arzulamışdır.
A.Radi təbrikə görə təşəkkürünü bildirmiş, 2010-cu ilin sentyabr ayında ölkəmizə uğurlu səfərini xatırlamışdır. O, Mərakeş və Azərbaycan parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək adıçəkilən beynəlxalq qurumun sədri seçilməsində Azərbaycan parlamentinin dəstəyinə görə minnətdarlığını bildirmişdir.
Azərbaycan nümayəndə heyəti Mərakeşin Ali Məhkəməsinə baş çəkərək məhkəmənin sədri M.Faress və baş prokuror M.Maddah ilə görüşmüş, bu qurumun fəaliyyəti ilə tanış olmuş, faydalı fikir mübadiləsi aparmışdır. Ölkəmizdə həyata keçirilən nəhəng quruculuq işlərindən xəbərdar olduğunu, Azərbaycanın sürətli inkişafına heyran qaldığını bildirən M.Faress ali məhkəmələr arasında əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərmişdir.
Ölkəmizdə məhkəmə-hüquq islahatının aparılması, xüsusilə, yeni məhkəmə infrastrukturunun yaradılması nəzərə alınaraq, nümayəndə heyəti Kasablanka, Tanjer, Meknes apelyasiya və birinci instansiya məhkəmələrinin fəaliyyəti ilə tanış olmuş, habelə Mərakeşdə yeni seçilmiş hakimlərə xidməti vəsiqələrin təqdimat mərasimində iştirak etmişdir.
Tədbirlərdə ölkəmizin Mərakeş Krallığındakı səfiri S.Ağabəyov iştirak etmişdir.
Səfər çərçivəsində
ölkəmizin Rabatdakı səfirliyində Mərakeş parlamentinin sədri, ədliyyə naziri və Azərbaycan nümayəndə heyətinin
iştirakı ilə rəsmi ziyafət təşkil olunmuşdur.
Azərbaycan.- 2011.- 29 oktyabr.-
S. 3.