Böyük Britaniya «Baku» jurnalı ilə Azərbaycanı yenidən kəşf edir

 

 Oktyabrın 27-də Londonda "Baku" beynəlxalq jurnalının geniş oxucu kütləsi üçün təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva iştirak etmişdir.

Bu dəfə Londonun mərkəzində yerləşən və dünyanın ən iri müasir incəsənət qalereyalarından biri olan "The Opera Gallery" öz qapılarını bütün azərbaycansevərlər, Azərbaycan mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə maraqlananlar üçün açmışdı. "Baku" jurnalının geniş oxucu kütləsi üçün keçirilən təqdimat mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Britaniya ictimaiyyətinin nümayəndələri, London elitasının nüfuzlu şəxsləri, lordlar, parlament üzvləri, incəsənət və mədəniyyət xadimləri iştirak etmişlər. Tədbirin keçirildiyi "The Opera Gallery"də məşhur rəssamlar Breynvaş və Riç Simmonsun əsərləri sərgilənmişdir. Yeri gəlmişkən, Riç Simmons "Baku" jurnalının buraxılışları üçün materiallar üzərində işləyir.

"Baku" jurnalının ingilis dilində versiyasının ilk təqdimatı oktyabrın 4-də Londonun mərkəzi Pikadilli meydanı yaxınlığında yerləşən salonda keçirilmişdir. Lakin budəfəki təqdimat daha çox azərbaycansevərlərin bir yerə toplaşmasına səbəb olmuşdur. "Vogue", "Tatler", "Vanity Fair" kimi məşhur jurnalların naşiri olan "Cande  Nast"  nəşriyyat evində işıq üzü görən "Baku" artıq ötən müddətdə Londonda və Birləşmiş Krallığın digər şəhərlərində xeyli populyarlaşmışdır. Britaniyanın, eləcə də dünyanın nüfuzlu "The Telegraph" qəzeti jurnalın ilk nömrəsinin Britaniya oxucularına təqdim olunmasını xüsusi hadisə kimi xarakterizə etmişdir. Qəzetdə jurnalın baş redaktoru Leyla Əliyevanın sözlərindən sitat da gətirilir.

"The Opera Gallery"nin direktoru  Jan-David Mala Azərbaycan jurnalistlərinə müsahibəsində demişdir: "2007-ci ildən Rusiyada nəşr edilən "Baku" jurnalının ingilis dilində versiyası Azərbaycanın və onun paytaxtının bütün dünyada keyfiyyətcə yeni səviyyədə  kəşf olunmasında tarixi rol oynayır. Jurnal avropalı oxucunu qədim odlar yurdunun zəngin tarixi, mədəniyyəti, incəsənəti, gözəl və müdrik ənənələri, mətbəxi ilə tanış edir, Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmdəki nüfuzlu rolu, ölkədə həyata keçirilən mühüm layihələr barədə məlumatlandırır".

 

 

Azərbaycan.- 2011.- 29 oktyabr.- S.  3.