Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu keçirilmişdir

 

 Oktyabrın 28-də "Kempinski otel - Badamdar" mehmanxanasında Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Türkdilli Dövlətlərin və Toplumların II Media Forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Qloballaşan dünyada türkdilli media amili: fərqliliklər və ortaq maraqlar" mövzusunda keçirilən forumda Azərbaycan ilə yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğız Respublikasından, Özbəkistandan, Türkmənistandan,  İraqdan, Şimali Kiprdən, Rusiya Federasiyasının subyektləri olan Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin yığcam məskunlaşdığı bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovodan nümayəndələr iştirak etmişlər.

Forumu giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, 200-ə yaxın qonağın iştirak etdiyi bu forum sayca ikincidir. Bundan əvvəlki forum Türkiyədə keçirilmişdir. I Forumdan sonra görülən işlər barədə ətraflı məlumat verən Ə.Amaşov II Forumda da çox önəmli müzakirələrin aparılacağına əmin olduğunu bildirmişdir. MŞ-nin sədri türk toplumlarının bir araya gəlməsinin tarixən mövcud olduğunu bildirmiş, növbəti forumun da əhəmiyyətli olacağına inandığını vurğulamışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin foruma təbrik məktubunu oxumuşdur (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə iştirak edən türkdilli dövlətlərin və muxtar respublikaların rəhbərlərinin də təbrik məktubları oxunmuşdur.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumda "Azərbaycanın dövlət siyasəti və media: Türkdilli ölkələr və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər" mövzusunda məruzə ilə çıxış etmişdir. Prezident Administrasiyasının şöbə müdiri forum iştirakçılarının çöhrələrində sevinc hissinin olduğunu bildirmiş, bu sevincin birlik və qardaşlıq sevincini ifadə etdiyini vurğulamışdır. Əli Həsənov türkdilli dövlətlərin və toplumların KİV-ləri arasında əlaqələrin qurulmasında vaxt itkisinə yol verildiyini bildirmişdir. O qeyd etmişdir ki, türkdilli dövlətlər digər sahələrdə güclü əməkdaşlıq etsələr də, media sahəsində əməkdaşlıqda gecikmişlər.

Türkdilli ölkələrin birgə media qurumunun yaradılmasının vacibliyini qeyd edən Əli Həsənov bildirmişdir ki, Azərbaycan müstəqilliyinin ilk illərindən torpaqlarının işğalı faktı ilə üzləşmiş və belə bir problemi o vaxtlar dünyaya lazımınca çatdıra bilməmişdir.

Ermənilərin qondarma soyqırımı iddiası ilə Türkiyəni dünyanın gözündən salmaq istədiklərini bildirən şöbə müdiri türkdilli dövlətlərin və toplumların birgə media qurumunun yaradılmasının əhəmiyyətindən danışmış, bildirmişdir ki, dünyanın informasiya siyasəti məlum dairənin əlində cəmləşmişdir. Ə.Həsənov demişdir ki, biz hamımız bir dinin, bir soyun, bir regionun təmsilçiləri, bir mədəniyyətin daşıyıcılarıyıq.

TÜRKSOY-un yaradılması tarixindən danışan Ə.Həsənov bu qurumun artıq böyük bir cəmiyyəti öz ətrafında birləşdirdiyini diqqətə çatdırmışdır. Şöbə müdiri TÜRKSOY-da təkcə türkdilli dövlətlərin deyil, artıq türkdilli muxtar qurumların, türkdilli toplumların da iştirak etdiyini söyləmişdir. Ə.Həsənov demişdir ki, neçə illərdir ki, türkdilli xalqlar milli dəyərləri ilə bölüşür. Bu milli dəyərlər ölkələrimizin ortaq mədəniyyət və incəsənətləri ilə tanışlıqda körpü rolunu oynayır. Bunun nəticəsi olaraq türkdilli gənclər türk dünyasına məxsus ən ali dəyərlər əsasında tərbiyə edilmişlər.

Şöbə müdiri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Türkdilli Ölkələrin Parlament Assambleyasının həyata keçirdiyi genişmiqyaslı tədbirlərin əhəmiyyətini də diqqətə çatdırmışdır. Ə.Həsənov demişdir ki, birgə olsaq biz qüvvətli olacağıq, ayrı-ayrılıqda isə biz dünyanın transmilli informasiya siyasəti qarşısında gücsüz qalarıq. Gələcəkdə ortaq türk televiziyasının yaradılması və inkişaf etdirilməsi haqqında da fikirləşmək lazımdır. Hətta ortaq türk informasiya agentliyiniyarada bilərik. Türk dövlətlərinin belə televiziya və agentlikləri yaratmaq və maliyyələşdirmək imkanı vardır.

Bu mövzular ətrafında müzakirələr aparılacağına ümidvar olduğunu bildirən Ə.Həsənov Azərbaycan dövlətinin informasiya siyasətinin şəffaflığı, mətbuat-informasiya azadlığını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırmışdır. Şöbə müdiri dövlətimizin türkdilli ölkələr və toplumlar arasında mətbuat və informasiya sahəsində münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulamışdır.

Forum plenar iclaslarında "Türkdilli ölkələrin və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici amil kimi", "Türkdilli ölkələrdə və toplumlarda sosial media: yeni baxış bucağı birləşdirici amil kimi" mövzularında müzakirələrlə davam etmişdir. Forumda ortaq türk kanalının yaradılması təklifi irəli sürülmüşdür. Bu ideya bütün türkdilli nümayəndələr tərəfindən bəyənilərək dəstəklənmişdir. Sonra növbəti forumun Qazaxıstanda keçirilməsi təklif olunmuşdur.

Kosovodan olan jurnalist Raif Kırkul forumun əhəmiyyətindən danışmış, Bakıda olmaqdan məmnunluq ifadə etmişdir. O, Kosovo əhalisinin 10 faizini türklər, 80 faizini isə albanların təşkil etdiyini, amma buna baxmayaraq, türk dilinin ölkəsində daha geniş yayıldığını diqqətə çatdırmışdır.

Sonra forumda bəzi türk xalqlarının milli dilində KİV-lərin olmaması problemlərinə də toxunulmuşdur. Müzakirələrdə bu problemi yaşayan türk toplumlarının da gələcəkdə öz doğma dillərində televiziya, qəzet və jurnalların yaradılması üçün müəyyən tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir.

Tədbirin üçüncü panelində isə "Türkdilli ölkə və toplumların media birliyi: birgə əməkdaşlıq və perspektiv addımlar" mövzusu ətrafında müzakirələr olmuşdur. Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakayasektor müdiri Bahəddin Akyön forumun əhəmiyyətindən, türkdilli  dövlət və toplumlarının media birliyinə verəcəyi töhfələrdən danışmışlar.

Forumda Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradılmışdır. Platformaya Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Şimali Kipr, Özbəkistan və Türkmənistan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan türkdilli toplumlarının media ilə əlaqəli qurumları, jurnalist təşkilatları, televiziya, radio, eləcə də yazılı media nümayəndələri daxildir.

Baş Katibliyi Ankarada yerləşəcək Platforma Türkdilli Ölkələrin və Toplumların Media Forumunun mütəmadi olaraq hər il müəyyən edilən ölkədə keçirilməsini təmin etməlidir.

Türkdilli Ölkələrin və Toplumların Media Platformasının Əlaqələndirmə Şurası (ƏŞ) sədr, baş katib, ölkə və ya toplumların komitə sədrlərindən formalaşır. Sədr ənənəvi olaraq ƏŞ-nin üzvləri arasından seçilir. Şura ildə bir dəfə toplanaraq gündəmdə olan məsələləri müzakirə edəcək və səs çoxluğu ilə qərarlar çıxaracaqdır.

Türkdilli Ölkələrin və Toplumların Media Platformasının veb-saytının da yaradılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, Türkdilli Ölkələrin və Toplumların Media Platformasının Azərbaycan Milli Komitəsi də yaradılmışdır.

Forumun işinə yekun vuran Əli Həsənov Türkdilli Ölkələrin və Toplumların Media Platformasının heç kimə qarşı yönəlmədiyini, sadəcə, varlığımızın dünyaya təqdim olunmasında bir vasitə olduğunu vurğulamışdır. Şöbə müdiri qeyd etmişdir ki, bu, türkdilli dövlətlərin ortaq mədəniyyətinin, incəsənətinin və ənənələrinin paylaşılmasında bir vasitə, əlaqə rolunu oynayacaqdır.

Bununla da, Türkdilli Ölkələrin və Toplumların II Media Forumu öz işini başa çatdırmışdır.

Forumun iştirakçıları oktyabrın 29-da Qubadakı kütləvi məzarlığı ziyarət edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29 oktyabr.- S.  4.