Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradılmışdır

 

 Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun sonunda Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradılmışdır.

AzərTAc xəbər verir ki, platformaya Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Şimali Kipr, Özbəkistan və Türkmənistan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan türkdilli toplumlarının media ilə əlaqəli qurumları, jurnalist təşkilatları, televiziya, radio, eləcə də yazılı media nümayəndələri daxildir.

Baş Katibliyi Ankarada yerləşəcək Platforma Türkdilli Ölkələrin və Toplumların Media Forumunu mütəmadi olaraq hər il müəyyən edilən ölkədə keçirilməsini təmin etməlidir.

Türkdilli Ölkələrin və Toplumların Media Platformasının Əlaqələndirmə Şurası (ƏŞ) sədr, baş katib, ölkə və ya toplumların komitə sədrlərindən formalaşır. Sədr ənənəvi olaraq ƏŞ-nin üzvləri arasından seçilir. Şura ildə bir dəfə toplanaraq gündəmdə olan məsələləri müzakirə etməli və səs çoxluğu ilə qərarlar çıxarmalıdır.

Türkdilli Ölkələrin və Toplumların Media Platformasının veb-saytının da yaradılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, Türkdilli Ölkələrin və Toplumların Media Platformasının Azərbaycan Milli Komitəsi də yaradılmışdır.

 

 

Azərbaycan.- 2011.- 29 oktyabr.- S.  4.