Qırğız-Türkiyə Manas Universitetinin nümayəndə heyəti «İki sahil» qəzetində olmuşdur

 

 Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda iştirak edən Qırğız-Türkiyə Manas Universitetinin dosenti Moldoseit Mambetakunov, tarix elmləri doktoru Yunus Emre Gürbüz və Qırğız Respublikasının "Almaz FM" radio kanalının direktoru Rustamjan Koşmuratov "İki sahil" qəzetinin redaksiyasında olmuşlar.

"İki sahil" qəzetindən AzərTAc-a bildirmişlər ki, qonaqları səmimiyyətlə salamlayan baş redaktor Vüqar Rəhimzadə Azərbaycanda medianın inkişafından, bu sahədə görülən işlərdən ətraflı söz açmışdır. Bildirmişdir ki, bu gün ölkəmizdə mətbuat və söz azadlığı yüksək səviyyədə təmin olunmuşdur. İnsanlar fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafı üçün lazımi diqqəti və qayğını göstərir.

Azərbaycan mediasının beynəlxalq əlaqələrinin gündən-günə genişləndiyini diqqətə çatdıran baş redaktor bildirmişdir ki, Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun ölkəmizdə keçirilməsini buna misal göstərmək olar.

Türkdilli ölkələrin birliyinin vacibliyini vurğulayan V.Rəhimzadə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin bu baxımdan əhəmiyyətli hal olduğunu diqqətə çatdırmışdır. Çünki bu cür uğurlar, ümumilikdə türkdilli ölkələrin nüfuzunun artması hər birimizin sevinci olmalıdır. Bizim gücümüz, nüfuzumuz nə qədər artarsa, birliyimiz də o qədər möhkəm olar.

Azərbaycanda səfərdə olmalarından məmnunluqlarını ifadə edən qonaqlar respublikamızda, xüsusən də Bakıda böyük inkişafın, müasirləşmənin şahidi olduqlarını vurğulamışlar. Onlar Bakını Avropa şəhərləri ilə müqayisə edərək burada insanların xoş, firavan şəraitdə yaşadıqlarını bildirmişlər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 29 oktyabr.- S.  4.