Korrupsiyaya qarşı mübarizə dövlətin prinsipial mövqeyidir

 

Dünya ölkələri arasında öz inkişaf tempinə görə birincilər sırasında yer tutan Azərbaycan Respublikasında cəmiyyət həyatının bütün sahələri uğurla inkişaf etməkdədir. Bu gün Azərbaycan istər daxili-siyasi sabitliyi, istərsə də sosial-iqtisadi inkişafına görə nəinki regionda, MDB ölkələri arasında da liderlik edir.

Təbii ki, bütün bu uğurların əldə olunmasının təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi əsas istiqamətlər üzrə davamlı şəkildə həyata keçirilən müvəffəqiyyətli sosial-iqtisadi siyasət xətti nəticəsində mümkün olmuşdur.

Ölkə Prezidentinin rəhbərliyi altında ölkəmiz 2011-ci ildə də sosial-iqtisadi inkişaf sahəsində dinamik və davamlı xarakter daşıyan tərəqqi nümayiş etdirməklə dünyanın aparıcı dövlətləri sırasında yerini daha da möhkəmləndirmiş, qüdrətli və güclü bir dövlətə çevrilmişdir. Bütün bu qeyd edilənlər ölkə iqtisadiyyatının dinamik tərəqqisinə, sahibkarlığın inkişaf etdirilməsinə, ümumilikdə dövlət və cəmiyyətimizin əldə etdiyi nailiyyətlərə kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə qarşı mübarizə tədbirlərinin daha sistemli, daha davamlı və kompleks xarakter daşımasını şərtləndirmişdir.

Hər bir dövlətin real müstəqilliyi onun iqtisadi qüdrəti ilə bilavasitə sıx bağlıdır. Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən, məqsədyönlü iqtisadi siyasəti nəticəsində bu gün Azərbaycan iqtisadi tərrəqi edərək tam müstəqil siyasət həyata keçirir. Müstəqillik tariximizin ilk illərində neftqaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadisosial çətinliklərinin aradan qaldırılmasının əsas vasitələrindən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyyətlər, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Aparılan danışıqlarda Azərbaycanın iqtisadi maraqları da tam təmin olunmurdu. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.

Ulu öldər Heydər Əliyevin dərindən düşünülmüş yeni neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, AvropaAsiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

Uğurlu neft strategiyası, iqtisadi inkişaf nəticəsində dövlət büdcəsi, eləcə də büdcə vəsaitləri hesabına maliyyələşdirilən dövlət proqramlarının və onlara sərf olunan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artmış, infrastrukturlar inkişaf etdirilmişdir. Dövlətin büdcə və digər maliyyə vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın təmin edilməsi, qanun pozuntuları ilə mübarizənin gücləndirilməsinə, ümumilikdə korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsinə zərurət yaratmışdır.

Mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı barışmaz mübarizə hələ Sovetlər İttifaqı məkanında ilk olaraq məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda başlanılmışdır. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu istiqamətdə daha qətiyyətli tədbirlər görülmüşdür. Ulu öndər "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 9 avqust 1994-cü il tarixli fərman imzalamaqla mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə sahəsində konkret istiqamətlər müəyyənləşdirmişdir. Bunun nəticəsində kəsərli qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.

Ölkəmizdə azad sahibkarlıq və özəl sektorun inkişafı yolunda maneələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif vaxtlarda verilmiş fərman və sərəncamların icrası istiqamətində görülən tədbirlər korrupsiyaya qarşı mübarizə işində çox mühüm rol oynamışdır. 2000-ci ildən etibarən bu mübarizə tamamilə yeni müstəviyə qaldırılmış, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" 8 iyun 2000-ci il tarixli fərmanı ilə Avropa məkanına sürətlə inteqrasiya olunan ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlamışdır.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dövlətin struktur atributları yaradılmış, sivil qurum kimi Azərbaycan prokurorluq orqanlarının formalaşması ilə bağlı hüquqi islahatlar aparılmışdır. Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referndumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində inkişafına zəmin yaratmışdır. Konstitusiya prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokurorluğunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi təsbit edərək onun statusunu müəyyən etmişdir. Konstitusiyanın müəyyən etdiyi meyarlar əsasında 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

2000-ci il aprel ayının 26-da ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşündə prokurorluq orqanları qarşısında cinayətkarlıqla mübarizə sahəsində olduqca mühüm vəzifələr qoymuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətini təkmilləşdirmək, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işinin təşkilində çevikliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun rəhbərliyi ilə prokurorluq orqanlarında köklü islahatlarstruktur dəyişikliklər aparılmış, ibtidai istintaqın keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması, vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndilməsi məqsədilə bir sıra sahəvi əmrlər vermişdir. Aparılmış məqsədyönlü islahatlar nəticəsində Azərbaycan Respublikası Prokurorluğu demokratik məzmunlu sivil bir quruma çevrilmişdir.

Ölkəmizin mövcud hüquq sistemiprokurorluğun dövlət orqanları sırasında yerirolu, yerinə yetirdiyi funksiyaların xarakteri, prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumun - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin - Prokurorluqda yaradılmasını şərtləndirən amillərdən olmuşdur.

30 dekabr 2003-cü ildə "Avropa Şurasının Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyanın təsdiq edilməsi barədə", 30 dekabr 2003-cü ildə "Avropa Şurasının Korrupsiyaya ilə əlaqədar mülki hüquqi məsuliyyəti haqqında Konvensiyanın təsdiq edilməsi barədə", 13 yanvar 2004-cü il tarixdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 3 mart 2004-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi" yaradılmışdır.

Birləşmiş Millətlər Təşkilatının "Korrupsiyaya qarşı" Konvensiyasına qoşulan ölkəmizdə dünya standartlarına cavab verən qanunvericilik bazası formalaşmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqan olan Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası yaradılmışdır. Həmin Komissiya qanunvericilik, icra və məhkəmə hakmiyyətinin hər birindən 5 nəfər olmaqla 15 nəfər üzvdən təşkil edilmişdir. Prezident Administrasiyasının rəhbəri, akademik  Ramiz Mehdiyevin rəhbərliyi ilə Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli və uğurlu fəaliyyət göstərir.

2005-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması prokurorluğa dövlət başçısı səviyyəsndə göstərilən yüksək etimadın təzahürü olmaqla yanaşı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və bu istiqamətdə işin daha səmərəli təşkilində əhəmiyyətli rol oynamışdır.

Cənab İlham Əliyevin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş və ölkə başçısının siyasi iradəsini ifadə etməklə dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə baglı Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaratmışdır.

Dövlət başçısı cənab İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti və uğurlu neft strategiyası nəticəsində ölkəmizdə bir çox nəhəng sosial-iqtisadi proqramlar həyata keçirilmişdir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru xəttinin işə düşməsi, ölkənin avtomobil yollarının dünya standartlarına uyğun yenidən qurulması, elektroenergetika sahəsinin sürətli inkişafı, işsizliyin tədricən aradan qaldırılması həyata keçirilmiş məqsədyönlü siyasətin bariz göstəriciləridir.

2008-ci ildə Dünya Bankı Doing Business proqramı üzrə Azərbaycan Respublikasını dünyanın bir nömrəli islahatçı ölkəsi elan etmişdir. Bu nəticəyə nail olmaqda korrupsiyaya qarşı mübarizənin əhəmiyyətini vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Dünyada bir nömrəli islahatçı olmaq təsadüfən baş vermir. Bu özünü liberal iqtisadiyytımızda, korrupsiyaya qarşı mübarizəmizdə göstərir".

Beynəlxalq əlaqələrin genişlənməsi, ölkəmizin dünya birliyinə inteqrasiya olunması, cinayətkarlığın yeni formalarının qarşısının dövlətlərin birgə səyi nəticəsində alınmasının mümkünlüyü Azərbaycan Respublikası Prokurorluğunun digər ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq etməsini, beynəlxalq təşkilatlarda iştirakını zəruri edir. Azərbaycan Respublikası inkişaf etmiş ölkələrin tərəfdar çıxdığı vacib əhəmiyyətə malik çoxsaylı beynəlxalq müqavilə və konvensiyalara qoşulmaqla öz üzərinə müvafiq öhdəliklər götürərək beynəlxalq birliyin müəyyən etdiyi yüksək dəyərlərdən yararlanmışdır.

Hazırda bütün dünyanı narahat edən aktual məsələlərdən biri kimi korrupsiyaya qarşı mübarizə prosesində beynəlxalq səylərin birləşdirilməsi mühüm əhəmiyyətə malikdir. Respublika Prokurorluğu Beynəlxalq Antikorrupsiya qurumları ilə bir sıra səmərəli tədbirlər həyata keçirir. Azərbaycan Respublikası həm də Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) ilə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkələri, Beynəlxalq Prokurorlar Assosiasiyası ilə yüksək səviyyədə səmərəli əməkdaşlıq edir.

Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əməkdaşlıq 2003-cü ildən başlamış, bu müddət ərzində Azərbaycan hökumətinə bir sıra tövsiyələr verilmişdir. OECD və Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələri ölkəmizdə nəzərə alınmış, müvafiq sərəncam və fərmanlarda öz əksini tapmışdır.

Prokurorluq əməkdaşlarının korrupsiyaya qarşı mübarizə kimi qlobal problemlərə həsr olunmuş beynəlxalq tədbirlərdə, o cümlədən Korrupsiyaya qarşı Dövlətlər Qurumu, Çirkli pulların yuyulması problemləri üzrə Beynəlxalq Maliyyə Komissiyası, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı tədbirlərin qiymətləndirilməsi üzrə beynəlxalq təsisatların keçirdiyi seminar, müşavirə və treninqlərdə səmərli iştirakı xüsusi vurğulanmalıdır.

Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində Baş Prokurorluq Azərbaycan hökuməti tərəfindən əlaqələndirici orqan kimi müəyyən edilmişdir. Avropa İttifaqına üzv dövlətlərin Benefisiar ölkələrin dövlət idarəçilik qrumları arasında əməkdaşlıq üzrə "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə dəstək" Tvinninq proqramı çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə sıx və işgüzar əlaqələrin qurulması sayəsində Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən, dəyərləndirmə hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər müsbət qiymətləndirilmişdir. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verərək 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri kimi onun işində fəal iştirak edir. Assosiasiyanın ötən il keçirilmiş 4-cü illik Konfransında Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov yenidən qurumun vitse-prezidenti seçilmişdir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasında həyata keçirilən antikorrupsiya tədbirlərinə verilən qiymət və etimad nümunəsidir.

Prokurorluq orqanları Beynəlxalq Prokurorlar Assosiasiyası ilə sıx əməkdaşlıq edirlər. Azərbaycan Respublikasından 200 nəfərdən çox hüquqşünas Assosiasiyanın üzvüdür. 25-29 iyun 2011-ci il tarixdə Beynəlxalq Prokurorlar Assosiasiyasının Koreya Respublikasının paytaxtı Seul şəhərində dünyanın 90-a yaxın dövlətinin 500-dək nümayəndəsinin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən 16-cı illik konfransında Assosiasiyanın işinə verdiyi xüsusi töhfələrə görə Azərbaycan Respublikasının ədliyyə naziri  Fikrət Məmmədov təşkilatın İcraiyyə Komitəsinin fəxri üzvü seçilmiş, Azərbycan Respublikasının Baş prokuroru  Zakir Qaralov xüsusi xidmətlər sertifikatı ilə təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və Ədliyyə Nazirliyinin əməkdaşları təşəkkür sertifikatına layiq görülmüşlər.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə dövlət orqanları tərəfindən tətbiq edilən rüsum və taariflər barədə məlumat almaq məqsədilə "www.rusum.az" saytı, dövlət qurumları nümayəndələrinin və vətəndaşların münasibətlərinin etik davranış çərçivəsində tənzimlənməsinə dəstək vermək, bu sahədə maarifçilik və məlumatlandırma məqsədilə "www.etika.az" saytı yaradılmışdır.

Ölkə Prezidentinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması barədə verdiyi göstərişlərə, cari il yanvar ayının 27-də keçirilmiş Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş yığıncağında müəyyənləşdirilmiş tədbirlərə müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğu tərəfindən bu neqativ təzahürlərə qarşı mübarizənin kəsəri daha da artırılıb. Fəaliyyətə başladığı 2004-cü ildən keçən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üzərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir.

Hazırda Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranmışdır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlar bir sıra qanunvericilikpraktiki tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Prezidentinin 11 mart 2011-ci il tarixli fərmanına əsasən, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılıb. 18 mart 2011-ci il tarixdə Milli Məclis tərəfindən "Əməliyyat axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara dəyişikliklər edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilib. Azərbaycan Prezidentinin 8 aprel 2011-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini dövlət başçısına təqdim etmək tapşırılıb. Eyni zamanda, dövlət başçısının qeyd olunan və 10 may 2011-ci il tarixli fərmanları ilə idarənin Əsasnaməsində dəyişikliklər edilərək digər məsələlərlə yanaşı, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliyə malik şəxslərdən istifadə etməklə fizikiya hüquqi şəxslərin fəaliyyətinin yoxlanması məqsədilə idarəyə Mütəxəssislər qrupunun yaradılması səlahiyyəti verilib. Qarşıda duran vəzifələrin uğurlu icrasına nail olmaq məqsədilə edilmiş dəyişikliklər idarənin rəhbər heyətində müavinlərin sayını artırmağa imkan yaradıb. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 12 may 2011-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanıb. Həmin əmrə əsasən, idarədə yeni 4 şöbə yaradılıb, ləğv edilən iki şöbənin bazasında adları qarşıda duran vəzifələrin icrasına adekvat yeni şöbələr təsis edilib, beləliklə, idarənin tərkibində olan şöbələrin sayı 7-yə çatıb.

MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu kimi Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilməsi prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən yüksək etimadın təzahürüdür. Bu dəyişikliklərə əsasən, korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirləri yalnız Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılacaq. Əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri tərəfindən korrupsiya cinayətləri barədə əməliyyat-axtarış tədbirləri yalnız Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yazılı tapşırığı əsasında həyata keçirilə bilər. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarət Azərbaycan Baş prokuroru tərəfindən həyata keçiriləcək. Bu dəyişiklik həmçinin korrupsiyaya qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsini və bu sahədə əməliyyat tədbirlərinin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti asanlaşdıracaqdır. Hazırda yeni təsis edilmiş Əməliyyat və Əməliyyat təminatı şöbələrinin ixtisaslı və təcrübəli kadrlarla komplektləşdirilməsi istiqamətində müəyyən işlər görülür. Habelə şöbələrin maddi texniki bazasının ən müasir avadanlıq və qurğularla təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Korrupsiyaya qarşı mübarizədə effektliyi, operativliyi və şəffaflığı artırmaq, bu cür hallarla üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədilə idarənin nəzdində 2011-ci il  martın 3-dən etibarən sutkanın 24 saatı ərzində fəaliyyət göstərən "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılmışdır. Ötən müddət ərzində "Qaynar xətt"ə 2933 müraciət daxil olmuş, korrupsiya ilə əlaqədar olmayan 6000-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilmişdir.

Daxil olmuş müraciətlər və onlara baxılmasının nəticələri üzrə aparılan təhlillər göstərir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında həyata keçirilən qətiyyətli və düşünülmüş tədbirlər öz müsbət bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması tendensiyası müşahidə olunur, digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilmiş, zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı idarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Nəqliyyat nazirliklərinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müvafiq təqdimatlar verilmiş, həmin təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

2011-ci il ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsində 195 cinayət işinin ibtidai araşdırması həyata keçirilmişdir. Həmin cinayət işləri əsasən rüşvətalma (passiv rüşvətxorluq), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlarla əlaqədar olmuşdur. Nəzərdən keçirilən müddətdə KQMİ-nin İstintaq şöbəsi tərəfindən 166 nəfər şəxs barəsində 101 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmiş, 94 cinayət işi isə hazırda idarənin icraatında istintaq olunur.

İdarə tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktlarının aşkarlanmasına və bu cür əməllərə yol vermiş təqsirli şəxslərin ifşa olunmaqla cinayət məsuliyyətinə cəlb edilməsinə xüsusi diqqət yetirilmişdir. İstintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri, habelə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlarla bağlı cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə fizikihüquqi şəxslərə vurulmuş ziyanın ödənilməsi təmin edilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, digər hüquq-mühafizə orqanları və QHT-lərlə mütəmadi əməkdaşlıq antikorrupsiya tədbirlərinin səmərəliliyini və effektliyini artırır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vətəndaş cəmiyyəti institutları ilə əlaqələrə mühüm önəm verir. Belə ki, 15 aprel 2011-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının, Baş Prokurorluğunkorrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı forum keçirilmişdir. Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, bir sıra beynəlxalq təşkilatların Azərbaycan Respublikasında fəaliyyət göstərən nümayəndəliklərinin rəhbərləri, QHT-lərin nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının siyasi rəhbərliyi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən irimiqyaslı və kompleks tədbirlər öz müsbət nəticələrini verməkdədir və görülən işlər ölkə və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Prokurorluq orqanları bundan sonra da fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursuna uyğun quracaq, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

 

 

Kamran ƏLİYEV,

Azərbaycan Respublikası Baş prokuroru

yanında Korrupsiyaya Qarşı Mübarizə

İdarəsinin rəisi, III dərəcəli dövlət

ədliyyə müşaviri

 

Azərbaycan.- 2011.- 29 oktyabr.- S.  8.