Zəngilana zəng çalacam

 

 Kaş bu zəng ora çata...  

 

"Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də, Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir".

Heydər Əliyev

 

Bu yurdun tarixi dağları və ağacları qədər qədimdir

 

Zəngilan Azərbaycanın ən qədim  yaşayış məskənlərindən hesab olunur. Burdakı mağaralar və tarixi abidələrlə zəngin olan dağlar - Əsgülüm və Süsən dağları ərazidə ibtidai insanların yaşayışından xəbər verir.

Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.

Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində - Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri vardır.

Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilərlə və bulaqlarla zəngindir.

Zəngilanın ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalıb. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil idi.

XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları onun tərkibinə verilir: yeni bölgüyə əsasən Zəngilanın ərazisi Zəngəzur qəzasına daxil edilir.

1925-ci il sənədlərində Zəngilan  Cəbrayıl qəzasının tərkibində göstərilir.  1929-cu ildə ZSFSR-in qərarı ilə Zəngilanın Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına verilir.

Son iki yüz ildə vahid sərhədə malik olmayan Zəngilan yalnız 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş əraziyə sahib olur. 1967-ci ildə Zəngilana şəhər statusu verilir. Onun sahəsi 707 kv.km, əhalisi isə 35.351 nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi.

 

İşğal tariximizin daha bir günü - 29 oktyabr 1993-cü il

 

18 il əvvəl bu qədim zəngin torpaqlarımız erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Şəhərlərimiz, kəndlərimiz boşaldı. On minlərlə insan öz doğma yurdunda məcburi köçkünə cevrildi.  Bu, qədər acı da olsa,  tarixdir, tariximizdir. Bu qanlı-qadalı tarixdən əxz eləməli isə çox şey var. 

Ötən əsrin sonları  həyatımıza faciələrlə dolu bir dövr kimi daxil oldu. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr Qarabağdakı onsuz da gərgin vəziyyəti bir az da ağırlaşdırdı. Zəngilan da digər rayonlarımız kimi işğal olundu...

1990-cı ildən başlayaraq Zəngilan da Qarabağ bölgəsinin bəzi rayonları kimi yaxınlaşan fəlakəti hiss edirdi. Ermənilər tez-tez dəmir yolunu bağlayır, adamları girov götürürdülər. 1992-ci ildən isə sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali  ov tüfəngləri ilə silahlanaraq öz torpaqlarını qorumağa başladı. Çünki özündən başqa güvənəsi, üz tutası bir ünvanı yox idi.

1992-ci il fevralın 1-də ernənilər Günqışlaq, Qazançı, Dərəli Vejnəli kəndinə basqın edirlər.  Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulub evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına düşür. Ümumiyyətlə,  1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. 1993-cü ildən başlayaraq döyüşlər səngimək bilmir.  Martın 2-də Aşağı Göyəli Canbir kəndləri işğal olunur. Bütün çətinliklərə baxmayaraq  yerli əhali təslim olmur, düşmən hücumları bir-birinin ardınca dəf edilir. Oktyabrın sonunda rayon tam mühasirə vəziyyətinə düşür. Oktyabrın 25-26-da Sığırt Bartaz yüksəklikləri işğal olunur. Bununla da, Zəngilanın mühasirəsi başa çatdırılır. Dədə-baba torpaqlarını qoyub çıxmaqdan başqa zəngilanlıların yolu qalmır. Qarşıda isə soyuq, bulanıq Araz vardı...

Təxminən 34 min əhali İran sərhədinə - Araz çayının kənarına toplaşdı. Araz çayını isə keçmək çox çətin idi, mümkün deyildi. Xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyev bu dəfə də xalqın köməyinə gələrək  İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənd bağlanır, əhali çətinliklə də olsa, çayı keçir.

 

Zəngilanda qoyub gəldiklərimiz - yer üstə və yer altda...

 

Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları - 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min kubmetr olanüzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəng daşı və digər yataqlar məlumdur.

Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan 1 ədəd Şərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 1 ədəd Şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu.

Zəngilanda 107 hektar sahəsi olan, Avropada yeganə Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yesentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları vardı.

Aradan illər ötüb, Zəngilanın təbiəti və abidələri indinin özündə də böyük ekoloji terrora məruz qalmaqdadır. Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq təmizlənmədən Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır. Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi  suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları  birbaşa Oxçuçaya buraxılır. Azərbaycan Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasına dair çoxlu fakt aşkarlayaraq dünya ictimaiyyətini daim məlumatlandırır:

İşğal dövründə ermənilər dəfələrlə Bartaz və Vecnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törətmiş, Topmeşə sahəsinin qoz, Şərq çinarı və s. qiymətli ağacları tamamilə qırılaraq işlik materialı kimi daşınmış, 2 hektara yaxın çoxillik qoz, çinar, şam ağacları tamamilə qırılmışdır.

Daşbaşı və Leşkar meşələrində də ermənilər yanğın törətmiş, sözügedən meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da ermənilər tərəfindən qırılıb daşınmışdır.

Bu gün də ermənilər tərəfindən tikinti və mebel sənayesinə yararlı çox qiymətli ağaclar kütləvi şəkildə kəsilərək Ermənistana və xarici ölkələrə satılır. Eyni zamanda, işğal altında olan ərazilərdə narkotik vasitələr becərilir, davamlı olaraq yanğınlar törədilir.

Rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb. Hazırda Zəngilanın 34 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.  Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu işğal zamanı məhv edilib.

 

Zəngilər - qədim türk boyları

 

Azərbaycandakı çoxsaylı türk boylarından biri də qədim dövrlərdə belə adı sanqi (zəngi) şəklində yazılan zəngilərdir. Zəngibasar  adının götürüldüyü Zəngi çayı da vaxtilə öz adını burda  məskunlaşan zəngi boyundan götürüb. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi - Zəngəzur bölgəsində yaşayıblar. Ümumiyyətlə, Azərbaycanın digər qədim tayfaları kimi, zəngi boyları da  geniş ərazilərə yayılıblar. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç ediblər. Böyük qazax mütəfəkkiri Çokan Valixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Qəmbər-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir.

Səlcuq əmirlərindən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitir. Lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də uzun müddət hakimiyyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş.

1403-cü ildə Azərbaycan bölgələrindən keçən  Klavixo  Sanqa (Zəngi) şəhəri haqqında yazırdı: "Bu şəhər tamamilə boş idi, lakin deyirlər ki, o, əvvəllər Persiyanın ən iri şəhəri imiş".

Bir sözlə, Azərbaycan xalqının formalaşmasında  qaşqay, qamər, qızıl, polad, ərmən, ağ hun, kuman, kedar, gögər, qorus, dəli, qapan, azər və şad boyları ilə yanaşı, zəngilərin də xüsusi rolu olub.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-29 oktyabr.- S.  11.