Türkiyənin
nicatı və tərəqqisi 1923-cü il 29 oktyabr tarixindən
başladı
...1914-cü il yanvarın 26-da Rusiya ilə Türkiyə arasında sülh sazişi imzalansa da, bir neçə ay sonra - iyulun 19-da başlanan Birinci dünya müharibəsi bu sazişi qüvvədən salır. Türkiyənin vəziyyəti getdikcə ağırlaşır, dünyanın bir neçə güclü dövlətləri silah-sursatlarını və canlı qüvvələrini İstanbula çəkir. Müharibə Osmanlı dövləti üçün böyük fəlakətlə nəticələnirdi. Padşah Sultan Vəhdətdin olmaqla İstanbul Antanta dövlətlərindən tamamilə asılı vəziyyətə düşür. Anadolunun böyük bir hissəsi və boğazlar ingilis-fransız və yunan işğalçılarının nəzarətinə keçir.
Aramsız hücumlar davam edir, İstanbul sularında düşmən gəmiləri üzürdü. Lakin nə bu qanlı savaşlar, saysız-hesabsız cəbbəxanalar, canlı qüvvə itkiləri imperialist dövlətlərə arzuladıqları qələbəni gətirmədi.
Türkiyəni tamamilə işğal edib aralarında bölüşdürmək istəyən Rusiya, İngiltərə, Fransa, Almaniya və Yunanıstan donanmaları 1915-ci ilin martında boğazlar vasitəsilə içərilərə doğru hərəkətə başladılar. Lakin elə boğazdaca türklərin top zərbələri ilə qarşılaşır, martın 18-də bir neçə düşmən gəmisi isə Çanaqqala boğazında qurulmuş minalara çırpılaraq parçalanır. Bu qanlı savaş boğazlardakı döyüşün taleyini həll edir. Uğurlu müdafiəyə başçılıq edən möhkəmləndirilmiş qala komandanı Cavad Paşa tarixə "18 Mart" qəhrəmanı kimi daxil olur. Lakin bu qanlı savaşdakı qələbədən türk xalqı bir gözündən gülür, o biri gözündən yaş axıdırdı. Çünki düşmənlə savaşan 700 min türk məhmətciyinin 213 min 882-i şəhild olmuşdu.
Türk şairləri və yazarları xalqını qəflət yuxusundan oyatmaq, İstanbulu, Anadolunu düşmənlərə taptaq etməmək üçün son nəfəsədək vuruşmağa səsləyir, vətənpərvər şeirlər, nəsrlər yazırdılar. Ən böyük mübarizələri çökmüş Osmanlı quruluşunun yerində yeni, müasir, mədəni Türkiyə dövləti yaratmaq idi ki, bunun üçün də savaşmaq, qan tökmək gərək idi. Belə də oldu, çox keçmədən hürriyyət və millət uğurunda savaşlar görünməmiş vüsət aldı, analar oğullarının saçlarına xına yaxıb Vətənə qurban deyərək döyüşə göndərdilər. O dönəmlər Azərbaycanda da milli azadlıq hərəkatı da genişlənmiş, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Abbas Səhhət, Cəfər Cabbarlı kimi şair və yazıçılar Məhmət Akif Ərsoy kimi vətən aşiqi şairlərlə bir sırada qədim türk xalqlarını millət kimi vücuda gətirmək üçün savaşdılar, əski türk düşüncəsini müsəlman ümməti fəlsəfəsindən millət müstəvisinə qaldırdılar.
1919-cu ildə yunan ordusu imperialist dövlətlərin hərbi gəmilərinin köməyilə İzmiri işğal edib yenidən İstanbula doğru hərəkət edir. Həmin ilin mayında Şərqi və Mərkəzi Anadoluda general Mustafa Kamal Paşa Atatürkün liderliyi altında Türk Milli Azadlıq Hərəkatı başladı. O, vaxt itirmədən qanlı savaşlara girdi. 1922-ci ilin payızına qədər amansız müharibə davam etdi. Bu vaxt Türkiyənin daxilində də vəziyyət ürəkaçan deyildi. Erməni quldur dəstələri düşmən ölkələrin yardımıyla Anadolunun ucqarlarında, Sarıqamışda, Vanda, Bitlisdə və Türkiyənin başqa sərhəd bölgələrində əliyalın türk obalarına hücum edir, amansız qətllər törədirdilər, başqa bir bölgədə isə Kürdüstan dövləti yaratmaq üçün silahlı quldur dəstələr Türkiyəni gücdən salmaq üçün talan-qarətlər edir, silahsız əhalini öldürürdülər. Açılan hər sabah minlərlə Anadolu insanının qanı ilə boyanırdı. Ancaq qəhrəman türk xalqı usanmadı, general Mustafa Kamal Paşanın komandanlığı altında qələbəsinə inanaraq sonadək savaşdı.
1923-cü ilin əvvəllərində Mustafa Kamal Paşanın komandanlığı altında türk ordusu imperialist qüvvələr üzərində tam və qəti qələbə çalaraq işğal olunmuş bütün ərazilərini düşmən qüvvələrindən təmizləyir, Qara dəniz sularında Türkiyə gəmiləri üzməyə başlayır. Bu qələbə müstəmləkə şəraitində yaşayan türk dövlətlərinin, bütün Şərq xalqlarının milli-azadlıq hərəkatına səbəb oldu.
Böyük Atatürkün türk məhmətcikləri ilə yenidən yaratdığı müstəqil Türkiyə Respublikası 1923-cü il oktyabrın 29-da dünyaya bəyan edilir. Bir neçə il öncə Türkiyəni aralarında bölüşdürməyə cəhd edən dövlətlər nəinki onun müstəqillik bəyanatını tanıdı, bu sevinci paylaşmaq üçün İstanbula təşrif buyurdular. Atatürkün irəli sürdüyü təklifləri qeyd-şərtsiz qəbul edir, dostluq sazişi imzalayırdılar. Məhmət Akif Ərsoyun yazdığı İstiqlal marşı ilə ay-ulduzlu bayraq yüksəklərə qaldırıldı.
Türkiyənin böyük qurbanlar hesabına siyasi müstəqilliyini əldə etməsi onun çoxəsrlik tarixində dönüş nöqtəsi oldu, ölkənin milli dirçəlişi üçün əlverişli şərait yarandı. Hakimiyyətə gəlmiş yeni hökumətin qarşısında ölkəni inkişaf etmiş qabaqcıl dövlətlər səviyyəsinə qaldırmaq, siyasi, iqtisadi və mədəni həyatında mövcud olan orta əsr geriliyini ləğv etmək kimi mühüm vəzifələr dururdu.
Eyni soy-kökə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə malik iki qardaş xalq - Türkiyə ilə Azərbaycan arasındaki münasibətlər hələ dövlətlərarası hüquqa söykənmədiyi çağlarda möhkəm olmuşdu. XX əsrin əvvəllərində bu doğmalıq və qardaşlıq dövlətlərarası əməkdaşlığa əsas olmuş, iki xalq arasında hər bir sahənin, o cümlədən siyasi-hərbi əməkdaşlığın təməli qoyulmuşdur. Balkan savaşlarında, Birinci dünya müharibəsində Türkiyənin iştirak etməsi, qoyulmuş qadağalara baxmayaraq Azərbaycan türklərini hərəkətə gətirmiş, onlar öz qan və din qardaşlarına yardıma qaçmışlar. Mənbələr göstərir ki, Balkan savaşında Türkiyəyə ilk siyasi dəstəyi verən də qardaşı Azərbaycan olmuşdur. 1912-ci ildə İstanbulun "Səbilür-Rəşad" məcmuəsində Azərbaycanın bəyanatı dərc olunur: "Dindaşlar! Bilin və agah olun ki, yeganə ümidimiz və nicatımız Türkiyənin istiqlal və tərəqqisindədir."
1918-ci ildə isə beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycanı bolşevik-daşnak istilasından qurtarmaq üçün Türkiyənin hərbiyyə naziri Ənvər Paşanın səyi ilə yaradılan və kiçik qardaşı general-leytnant Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanı parçalanmaqdan xilas etmiş, paytaxt Bakı işğaldan azad olunmuşdur. Bu döyüşlərdə 1140 türk əsgəri şəhidlik zirvəsinə yüksəlmişdir. Anadolu məhmətlərinin Azərbaycan uğrunda tökülən qanlarının izləri bu gün də ölkəmizin müxtəlif bölgələrində yaşayır.
Türkiyənin qarşısında duran böyük vəzifələrdən biri Cənubi Qafqazda ən böyük dövlət olan dost Azərbaycanla münasibətləri daha da genişləndirmək, əlaqələri möhkəmləndirmək idi. Bu münasibətlər yetmiş ildən sonra yenidən ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" formulu ilə əbədiyyətə yol aldı. Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışlarının birində "Bir millətin iki diasporu olmaz" fikri iki qardaş xalqın birliyinin ən gözəl ifadəsidir. Azərbaycanla bağlı hər hansı bir sənədin BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq nüfuzlu təşkilatlar çərçivəsidə müzakirəsi zamanı ölkəmiz ilk olaraq qardaş Türkiyənin dəstəyini hiss edir. Bakı da hər zaman əziz qardaşı Ankaraya eyni sevgini nümayiş etdirir.
Türkiyə ilə Azərbaycan arasında uzun illərə və qarşılıqlı etimada əsaslanan hərtərəfli əməkdaşlıq və tərəfdaşlıq mövcuddur.
Oktyabrın 21-də Türk Dövlətləri Əməkdaşlıq Şurasının Qazaxıstanın Almatı şəhərində keçirilən I Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev bu qardaşlığı, ayrılmazlığı gözəl ifadə etdi: "Bizim Türkiyə kimi dostumuz vardır. Qeyd edildiyi kimi, bizim müstəqilliyimizi ilk tanıyan Türkiyə olmuşdur. Türkiyə böyük ərazidir, böyük iqtisadiyyatdır, böyük nəqliyyat imkanlarına malikdir. Bütün bu səyləri biz birləşdiririk və artıq əməkdaşlığın çox gözəl nəticələri vardır. Əminəm ki, artıq yaradılmış bu möhkəm zəminin üzərində növbəti illərdə biz gözəl, böyük binalar tikəcəyik. Bu, dostluğumuzun, qardaşlığımızın binaları olacaqdır. Qardaşlığımızın böyük tarixi və böyük gələcəyi vardır".
Azərbaycanın müstəqilliyi ilə
başlanan mehriban dostluq və qardaşlıq münasibətləri
getdikcə genişlənir. 2010-cu ilin əvvəllərində
Azərbaycan ilə Türkiyə arasında "Strateji Tərəfdaşlıq
və Qarşılıqlı Yardım Müqaviləsi" təsdiqləndi.
Dövlətlərarası əməkdaşlığın
yüksək səviyyəyə
çatdırılmasını nəzərdə tutan bu
sazişdə hərbi məsələlər, xüsusilə
də, müdafiə sənayesi prioritet istiqamət təşkil
edir. Olduqca əhəmiyyətli razılaşma olan bu
sazişdə siyasi, müdafiə, iqtisadi, ticarət, mədəni
və elmi sahələrdə əlaqələrin gücləndirilməsi
nəzərdə tutulur. Türkiyə Dağlıq Qarabağ
probleminin dinc və sülh yolu ilə həllində də
aktiv mövqeyini davam etdirir, məqamı gəldikcə ən
yüksək kürsülərdən dünyanı bu ədalətsizliyə
son qoymağa səsləyir.
İki
qardaş xalqı bir-birindən ayrılmaz tellərlə
bağlayan iri layihələrin reallaşdırılması da
davam edir. Bir neçə gün öncə İzmir vilayətinin
Əliağa rayonu ərazisində "Petkim"in
ortaqları olan ARDNŞ və "TURKAZ"ın birgə
inşa edəcəyi Ege Neft Emalı Zavodunun ("Star
Rafinerisi") təməli qoyuldu. Birgə addımlayan
qardaşlar - Azərbaycan və Türkiyə neft emalı və
neft-kimya məhsulları istehsalı sahəsində
dünyanın ən mühüm oyunçularından birinə
çevriləcək. Türkiyədə təməli qoyulan
Heydər Əliyev adına Peşə Təhsili Liseyi isə
Azərbaycanın qardaş ölkədə təhsil sahəsində
yatırdığı ilk investisiyadır. Xəzər və
Egey dənizləri arasında təhsil körpüsü
funksiyasını daşıyacaq bu bilik ocağı Ceyhan və
Qarsdan sonra "Bir millət, iki dövlət"
idealının Egey bölgəsinin təhsil sahəsində də
rəmzi olacaq.
İzmirdə AYPE-T zavodunun açılışına, eyni zamanda, Heydər Əliyev adına Peşə Təhsili Liseyinin və "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasiminə qatılan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan getdikcə doğmalaşan, bütövləşən dosluq və qardaşlığımızdan danışdılar. Hər iki liderin çıxışında vurğulandı ki, Azərbaycan və Türkiyə region üçün, dünya üçün böyük əhəmiyyət kəsb edən layihələri birgə icra edəcək. Qəlb-qəlbə, çiyin-çiyinə.
Rəsmiyyə
RZALI
Azərbaycan.- 2011.-29 oktyabr.- S. 11.