2011-ci ildə
bütün sahələrdə böyük uğurlar
qazanılıb
Bu fikirlər
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən
hökumətin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında səsləndirilmişdir
İstənilən dövlətdə iqtisadi islahatın uğurları təkcə ölkənin malik olduğu təbii-bioloji resurslarla deyil, həm də cəmiyyətin tətbiq olunan yeniliklərə adekvat reaksiyası ilə şərtlənir. Azərbaycanda son illər yeni dövrün gerçəklikləri nəzərə alınmaqla həyata keçirilən iqtisadi islahatlar da məhz bu reallığa söykənərək cəmiyyətdəki yeniliklərin mahiyyətindən irəli gəlmişdir. Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən daha yüksək uğurlara yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır.
Regional İnkişaf Proqramı
uğurla icra olunur
Yeni mərhələnin səciyyəvi cəhətlərindən
biri də milli iqtisadiyyatın dayanıqlı və sabit
inkişafı üçün qeyri-neft sektorunun daha da
gücləndirilməsi, bu sahədə liberallaşma
prosesinin dərinləşdirilməsidir. Bu mənada
hökumətin respublikanın bölgələrinin
inkişafına xüsusi qayğı ilə yanaşması
da ilk növbədə regionların disproporsional
inkişafının qarşısını almaq, qeyri-neft
sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah
prosesinin lokomotivinə çevirməkdir. Dövlət
başçısı İlham Əliyevin həyata
keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan
dünyanın ən sürətlə inkişaf edən,
bütün sahələrdə yeniləşən dövlətlərindən
biri kimi tanınır.
İnkişaf etmiş dövlətlərin təcrübəsi
sübut edir ki, iqtisadi yüksəlişin sabit tempini qorumaq
üçün regional inkişafda tarazlılığın,
tarixi məşğulluq ənənələrinin qorunub
saxlanılması vacib şərtlərdəndir. Dövlət
başçısı İlham Əliyevin təsdiq etdiyi
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" da ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında bildirmişdi: "Regional İnkişaf
Proqramı uğurla icra edilir. Vaxtaşırı
o proqrama əlavələr, dəyişikliklər edilir.
Prezidentin Ehtiyat Fondundan bu il ərzində
bölgələrə kifayət qədər vəsait
ayrılmışdır, bu məbləğlər daha
çox sosial-iqtisadi infrastruktur layihələrinin icrasına
yönəldilmişdir. Xüsusilə biz son
müddət ərzində kənd yollarının təmiri və
tikintisilə çox ciddi məşğuluq. Böyük proqramlar artıq icra edilir. Növbəti illərdə bu sahəyə daha da
böyük diqqət göstərilməlidir. Bir sözlə, Regional İnkişaf Proqramı icra
edilir, burada heç bir narahatlıq yoxdur".
2011-ci
ilin doqquz ayında Prezidentin Ehtiyat Fondundan həlli vacib hesab
edilən bir sıra sosial və infrastruktur layihələrinin
həyata keçirilməsinə 147 milyon manat, o cümlədən
regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi,
yenidənqurulması və abadlaşdırılması
işlərinin davam etdirilməsinə 30 milyon manat vəsait
ayrılmasına dair ölkə başçısı
müvafiq sərəncam imzalamışdır.
Azərbaycan
azad bazar iqtisadiyyatı yolunu prioritet seçmişdir və bu
sistemdə hökumətin yeritdiyi sosialyönümlü siyasətin
məqsədi heç də sosial bərabərsizliyi aradan
götürmək deyil, onu tarazlaşdırmaq, vətəndaşların
maddi vəziyyətlərindəki ədalətsiz fərqliliyi
aradan qaldırmaq, kəskin təbəqələşməyə
yol verməmək, cəmiyyətin bütün üzvlərini
layiqli həyat səviyyəsi ilə təmin etmək
üçün fərdin ictimai statusunu yüksəltməkdir.
Son 8 ildə Azərbaycanda həyata keçirilən
ən ciddi sosial layihələrdən biri də aztəminatlı
vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə
tutan xüsusi dövlət proqramının həyata
keçirilməsidir. Hazırda bu proqram
113 min ailəni əhatə edir. 500 mindən
bir qədər artıq insan dövlətdən hər ay vəsait
alır.
Sosial rifaha, iqtisadi tərəqqiyə
xidmət edən siyasət
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirlərinin, ilk növbədə pensiya təminatı
sistemində islahatların həyata keçirilməsi və
2010-cu ilin yanvarın 1-dək pensiyaya çıxmış
şəxslərin pensiyalarına əmək stajlarına
uyğun olaraq artımın tətbiqi üçün
qanunlarda müvafiq dəyişikliklər edilməklə
dövlət büdcəsindən 195 milyon manat vəsait
ayrılmışıdr.
Prezident
İlham Əliyev bildirmişdi: "2011-ci ildə sosial sahədə
də çox yaddaqalan hadisələr baş vermişdir. Bu hadisələr, bu addımlar bir də onu göstərir
ki, siyasətimiz sosialyönümlüdür. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və
sadiq qalacağıq. Ancaq biz bununla bərabər,
aztəminatlı təbəqəni sosial cəhətdən
daha da yaxşı müdafiə etmək üçün
konkret addımlar atırıq. Bu
addımlar, sadəcə olaraq, proqramların qəbulu,
hansısa bəyanatların verilməsi ilə məhdudlaşmır,
bu proqramlar konkret xarakter daşıyır.
Bu il 900 minə yaxın pensiyaçının
pensiyası orta hesabla 40 faiz artmışdır. Bütövlükdə götürsək, 9 ayda Azərbaycanda
pensiyaların səviyyəsi 35 faiz artmışdır. Bu, çox böyük göstəricidir, çox
böyük nailiyyətdir, çox ciddi addımdır və
yaşlı nəslin maddi cəhətdən daha da
yaxşı təminatı üçün vaxtında
atılmış çox düzgün və ədalətli
bir addımdır".
Dövlət başçısının ölkədə
sahibkarlığın inkişafı istiqamətində
atdığı addımlar sistemli və ardıcıl fəaliyyət
konsersiyasına əsaslanır. Azərbaycan Prezidenti
hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi
hesab edilən sahibkarlığın inkişafı
sosial-iqtisadi sistemin yenidən qurulmasında,
sosialyönümlü rroblemlərin komrleks həllində
mühüm rol oynayir. Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində
yoxlamaların nizama salınması və
istehlakçıların hüquqlarının
qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər
haqqında" fərmanı da bu sahədə həyata
keçirilən dövlət siyasətinin uğurlu
davamıdır. Fərman
istehlakçıların hüquqlarının qorunması məqsədilə
aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi,
aparılan yoxlamalar zamanı səlahiyyətlərdən
sui-istifadə hallarının qarşısının
alınması, şəffaflığın təmin edilməsi,
həmin yoxlamalar zamanı alınan nəticələrin
uyğun olaraq istehlakçıların hüquqlarının
effektiv müdafiəsini təmin etmək məqsədi
daşıyır.
Sahibkarlığın
inkişafına dövlət dəstəyi gücləndirilir
2011-ci ildə sahibkarlığa dövlət dəstəyinin
gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin
həcminin artırılması da son dərəcə təqdirəlayiq
faktdır. Bir sıra dövlətlərin təcrübəsində
uğurla sınaqdan çıxmış, özünü
doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan
gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının
inkişafına yönəldilməsini, özəl sektorun
ümumi daxili məhsulda xüsusi çəkisinin
artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin
inkişafı həm də makroiqtisadi sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb edir. Bu sahədə yürüdülən siyasətin
başlıca hədəflərindən biri də əlverişli
biznes və investisiya mühiti yaratmaqla daxili və xarici
investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda
çəkisini durmadan artırmaqdır. Azad
sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan
işsizlik probleminin aradan qaldırılması, infrastrukturun
yeniləşdirilməsi, regionların tarazlı və
davamlı inkişafının və digər mühüm vəzifələrin
həyata keçirilməsinin
mümkünsüzlüyünü özünəməxsus
rasional yanaşma tərzi ilə düzgün qiymətləndirən
cənab İlham Əliyev özəl sektorun
inkişafına xüsusi diqqət yetirir.
Sahibkarlığın
inkişafına böyük diqqətin göstərilməsi,
iş adamlarının beynəlxalq bazarlara
çıxması üçün əlverişli
imkanların yaradılması aparılan siyasətin məqsədyönlüyündən
xəbər verir. Sahibkarlara güzəştli
kreditlərin verilməsi, özəl sektorun maraqlarının
müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin
həllinə imkan yaradacaqdır. Cari ilin doqquz ayında
1287 sahibkarlıq subyektinə iqtisadiyyatın müxtəlif
sahələri üzrə Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitləri hesabına 106 milyon manat güzəştli
kredit verilmişdir ki, bunun da 34 milyon manatını dövlət
büdcəsindən ayrılan vəsait təşkil edir.
Güzəştli kreditlərin 74 faizi respublikanın regionlarının,
26 faizi isə Bakı qəsəbələrinin payına
düşmüş, bu kreditlər hesabına 5110 yeni iş
yerinin açılacağı nəzərdə
tutulmuşdur.
Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan
inkişaf yolu seçməklə yanaşı, tarixən
arqar-sənaye respublikası kimi tanınmış və
ixtisaslaşmışdır. Son illərdə institusional
baxımdan torpaq və aqrar islahatlarının uğurla
başa çatması, kənd təsərrüfatı
istehsalçıları üçün yeni imkanların
yaranması qarşıdakı illərdə də sərbəst
bazar münasibətlərinə əsaslanan və özünüinkişaf
qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil
milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə
səciyyəvi olacaqdır. Son illərdə kənd təsərrüfatı
sahəsində çalışan fermerlərin lazımi
texnika, gübrə və toxum məhsulları ilə təmin
edilməsi məqsədi ilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin
yaradılması, onların gəlir vergisindən azad edilməsi,
güzəştli şərtlərlə yanacaq və motor
yağları ilə təmini də sahibkarlığa göstərilən
qayğının mühüm tərkib hissəsi kimi
xüsusi vurğulanmalıdır.
Dağlıq Qarabağ münaqişəsi
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır
Son illərdə dövlət rəhbərinin apardığı danışıqlar, nümayiş etdirdiyi mövqe, verdiyi bəyanatlar nəinki təbliğati prizmadan olduqca effektiv olmuşdur, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı olaraq aparılan danışıqlarda rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü də təmin etmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi problemin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Avropa Şurası, Avropa Birliyi, ATƏT, İKT kimi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmiş BMT problemin həllində ərazi toxunulmazlığı prinsipini önə çəkmişdir. Son illər danışıqlar prosesi yenilənmiş Madrid prinsipləri əsasında aparılır.
Ölkəmizin danışıqlar prosesindəki siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar Ermənistanı qətiyyən razı salmır. Aşkar görünür ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında "ən optimal gediş" kimi dəyərləndirir. "Nə hərb, nə sülh" vəziyyəti xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür. Prezident İlham Əliyev 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tutduğu prinsipial mövqeyi bir daha bəyan etmişdir: "Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır. Çalışacağıq ki, bütün imkanlardan istifadə edib, ərazi bütövlüyümüzü bərpa edək. Yenə də deyirəm, nəticə olmasa da, son aylar ərzində beynəlxalq vasitəçilər tərəfindən səslənən fikirlər müəyyən ümidlər verir, xüsusilə status-kvonun qəbul edilməməsi ilə bağlı. Yəni status-kvo qəbul edilə bilməz, dəyişdirilməlidir, münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi, təbii ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edir və münaqişənin həlli yolları məhz bundan keçir. İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Beynəlxalq hüquq normaları hər bir məsələnin həlli üçün əsas olmalıdır, xüsusilə münaqişələrlə bağlı olan məsələlərdə. Biz çalışacağıq ki, bütün imkanlardan istifadə edib, bu məsələni tezliklə, ədalətli, öz xeyrimizə - yəni beynəlxalq hüquq normaları əsasında həll edək".
E.HACIALIYEV
Azərbaycan.- 2011.- 30 oktyabr.-
S. 1, 3.