Türkiyənin
milli bayramı şərəfinə
Oktyabrın 29-da "Gülüstan" sarayında Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 88 illiyi münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Hulusi Kılıç ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Səfir qeyd etmişdir ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirmişdir.
Diplomat ölkəsinin Van vilayətində baş vermiş zəlzələ zamanı Azərbaycanın Türkiyəyə ilk yardım göstərən ölkə olduğunu qeyd etmiş, göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan dövlətinin başçısına və xalqına minnətdarlığını bildirmişdir. Səfir Azərbaycanın göstərdiyi yardımları iki ölkə arasındakı mövcud qardaşlığın bariz nümunəsi kimi qiymətləndirmişdir.
Səfir Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmiş, bunu Azərbaycan diplomatiyasının növbəti uğuru adlandırmışdır. H.Kılıç Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə xalqımızı təbrik etmiş və müstəqilliyimizin əbədi olmasını diləmişdir.
İkitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu xüsusi vurğulayan H.Kılıç demişdir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış çoxsaylı sənədlər, eləcə də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətə başlaması, Türkiyənin İzmir şəhərində "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlinin qoyulması ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri hər iki ölkə arasında durmadan inkişaf edən qardaşlıq münasibətlərinə xidmət edəcəkdir.
Azərbaycanın və Türkiyənin tarixinə qısa nəzər salan səfir qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində misilsiz rol oynamışdır. Bildirmişdir ki, bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olmuşlar, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Türkiyəli iş adamları da qardaş Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi üçün səylərini əsirgəmirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Kılıç Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulamışdır. O demişdir ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.
Azərbaycan Prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən Baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzulamışdır. İki ölkə arasındakı mövcud münasibətlərdən danışan Baş nazirin müavini elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlığın olduğunu demişdir. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olmuşdur. Ulu öndərlərin - Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olmuşdur.
İki ölkə arasında əlaqələrin
daim inkişaf etdiyini diqqətə çatdıran Baş
nazirin müavini bildirmişdir ki, ulu öndər Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışından sonra
ölkələrimiz arasındakı əlaqələr strateji
tərəfdaşlıq xarakteri almış, qardaşlıq əlaqələrimiz
daha da möhkəmlənmişdir. Türkiyə və Azərbaycan
eyni kökə, tarixə, mədəniyyətə söykənən
sarsılmaz münasibətlər qurmuşlar. Hər iki
ölkə beynəlxalq təşkilatlarda da daim bir-birlərini
dəstəkləyir və eyni mövqedən
çıxış edir.
A.Şərifov qeyd etmişdir ki, Van vilayətində baş vermiş zəlzələ zamanı Azərbaycan Türkiyəyə ilk yardım göstərən ölkələrdən biri olaraq öz qardaşlıq borcunu yerinə yetirmişdir. Yardımlarımız bundan sonra da davam edəcəkdir.
Baş nazirin müavini Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirmişdir.
A.Şərifov onu da vurğulamışdır ki, Azərbaycanda həyata keçirilən bir sıra strateji layihələrdə Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Bu da hər iki ölkənin iqtisadiyyatının inkişafına xidmət edir. Biz türkiyəli iş adamlarının ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndiririk. Hesab edirik ki, qardaşlıq münasibətlərimiz gələcək nəsillər tərəfindən də davam etdiriləcəkdir.
Qəbulda dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda
akkreditə olunmuş səfirləri, türkiyəli iş
adamları və ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.- 2011.- 30 oktyabr.-
S. 3.