Heydər Əliyev Fondu Azərbaycanın YUNESKO ilə əməkdaşlığına sanballı töhfələr verir

 

Ölkəmiz bu mötəbər təşkilatın Baş Konfransının vitse-prezidenti seçilmişdir 

 

Dünyanın müxtəlif beynəlxalq təşkilatlarına üzvlüyü xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Respublikası bununla təkcə siyasiiqtisadi mənafelərini təmin etmək deyil, həm də milli həqiqətlərini, o cümlədən zəngin mədəni irsini qlobal məkanda təbliğ imkanı qazanmışdır. Xüsusən də mədəni sahədə qurulmuş geniş əməkdaşlıq əlaqələri ölkəmizin dünya sivilizasiyasına inteqrasiyaya əlverişli şərait yaratmışdır. Azərbaycanın BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan YUNESKO ilə də əməkdaşlığının səmərəli nəticələri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, BMT-nin elm, təhsil və mədəniyyət təşkilatı olan YUNESKO İkinci Dünya müharibəsindən sonra yaradılmışdır. Nizamnaməsi 1945-ci il noyabrın 4-də Londonda 44 ölkənin nümayəndələrinin qatıldıqları konfransda qəbul edilmişdir. Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdədir. Təşkilatın ali məqsədi bütün dünya ölkələri arasında elm, təhsil və mədəniyyət körpüsü salmaq, bu vasitə ilə bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərməkdir. Hazırda 193 dövləti sıralarında birləşdirən YUNESKO öz üzvlərinə dünya səviyyəli elmipedaqoji kadrların hazırlanması imkanı verməklə yanaşı, qlobal elmi layihələrdə iştirak şansı da yaradır.

Azərbaycan müstəqillik illərində YUNESKO ilə əlaqələri möhkəmləndirmək, ölkə elminin, təhsilinin, mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə təşkilatın bir sıra mühüm konvensiyalarına qoşulmuşdur. Respublikamız ötən illərdə zəngin mədəniyyətinin dünyada təbliği üçün YUNESKO ilə birgə bir sıra mühüm beynəlxalq tədbirlər təşkil etmişdir. Bu istiqamətdə mühüm addımlardan biriulu öndər Heydər Əliyevin 1997-ci il 20 aprel tarixli "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi haqqında" fərmanı olmuşdur. Yubiley çərçivəsində elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülmüş, bütün bunları yüksək qiymətləndirən ümummilli lider "Kitabi-Dədə Qorqud" ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırmışdır. Bu tədbirlərə YUNESKO nümayəndələri də biganə yanaşmamış, 2000-ci ildə "Kitabi Dədə-Qorqud" dastanının 1300 illik yubileyi ilə əlaqədar YUNESKO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunmuşdur.

Ötən illərdə, həmçinin Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər Azərbaycan korifeylərinin yubileylərinin YUNESKO xətti ilə yüksək səviyyədə qeyd olunması, İçərişəhər tarix-memarlıq qoruğunun "Dünya İrs Siyahısı"na salınması milli mədəniyyətin zənginliyinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin parlaq təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşır. Dövlət başçısı YUNESKO ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq 15 sentyabr 2005-ci il tarixdə "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir.

Fəaliyyət göstərdiyi 7 il ərzində Azərbaycanın zəngin mədəniyyəti və milli irsinin dünyada təbliği sahəsində kompleks tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun YUNESKO ilə qarşılıqlı faydalı əlaqələri daha geniş spektri əhatə edir. Bu əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri ilə gerçəkləşdirilən  layihələr mühüm əhəmiyyət daşıyır. Azərbaycanın birinci xanımı hələ 1995-ci ildən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə müxtəlif festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, ölkəmizin mədəni irsinin təbliği, onun milliregional səviyyələrdə mühafizəsinin təmini sahəsində böyük işlər görmüşdür. Bu da təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafındakı böyük xidmətlərinə, habelə YUNESKO ideyalarına sadiqliyinə görə təşkilatın "Xoşməramlı səfiri" adına layiq görülmüşdür.

Fondun səyi ilə ötən 7 ildə YUNESKO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Təkcə son 2 ildə Azərbaycanın aşıq sənətinin və Novruz bayramının YUNESKO-nun "Qeyri-maddi mədəni irs" siyahısına daxil edilməsi Heydər Əliyev Fondunun bu mötəbər təşkilatla əməkdaşlığının ölkəmiz üçün müstəsna strateji əhəmiyyətini bir daha təsdiqləyir. Ümumiyyətlə, Fondun YUNESKO ilə əməkdaşlığı konkret sahə ilə məhdudlaşmayıb, təhsil, mədəniyyət, elm, səhiyyə, sivilizasiyalarası dialoq, gender tarazlığı, dini-etnik tolerantlıq və s. aktual məsələləri əhatə edir. Təşkilatla birgə keçirilən müxtəlif beynəlxalq tədbirlər qlobal problemlərin həlli baxımından faydalı olmaqla yanaşı, respublikamızın beynəlxalq arenada müsbət imicinin formalaşmasına da müsbət təsirini göstərir.

Heydər Əliyev Fondunun YUNESKO ilə sıx əməkdaşlıq sahələrindən biri məhz təhsildir. Bu gün təkcə Azərbaycan deyil, Avropanın və digər qitələrin  iqtisadi cəhətdən yüksək inkişaf etmiş dövlətləri də savadsızlığa qarşı mübarizə aparırlar. BMT-nin elm və təhsil qurumu olan YUNESKO-nun dünyada savadlılığın dəstəklənməsi ilə bağlı xüsusi layihələr keçirməsi də təsadüfi olmayıb bu sahədə hökm sürən acınacaqlı vəziyyətlə şərtlənir.

YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə bu nüfuzlu beynəlxalq təşkilatla birgə son illərdə "Təhsil hamı üçün", "Assosiativ məktəblər", "İnklüziv təhsil", "Texniki-peşə sahəsində əməkdaşlıq" proqramları uğurla həyata keçirilmiş, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması istiqamətində addımlar atılmışdır. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. YUNESKO kimi geniş imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı kimi məhz Azərbaycanı seçməsi ölkəmizdə həyata keçirilən islahatların səmərəli nəticələr verəcəyinə böyük inamın ifadəsidir.

2008-ci ilin mayında Bakıda Azərbaycanın birinci xanımının təşəbbüsü ilə təşkil olunmuş "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda konfrans YUNESKO-nun respublikamızla əməkdaşlığa necə böyük dəyər verdiyini bir daha üzə çıxarmışdır. Belə konfransların keçirilməsində məqsəd dünya dövlətlərini təhsil investisiyalarını artırmağa təşviq etməklə savadsızlığın azaldılmasına, güclü insan kapitalının formalaşmasına nail olmaqdır. Bakıda keçirilən konfrans isə Avropanın 31 ölkəsini əhatə etməklə, bir sıra cəhətlərinə görə fərqlənmiş, tədbirdə Azərbaycanda reallaşdırılan təhsil islahatları, savadlılığın dəstəklənməsi naminə atılan addımlar barədə ətraflı məlumatlar verilmişdir. YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranın, Hollandiya şahzadəsi xanım Laurentienin, YUNESKO-nun xoşməramlı səfirlərinin iştirak etdiyi konfrans mötəbərliyi ilə diqqəti xüsusi çəkmişdir.

Heydər Əliyev Fondunun prezidenti YUNESKO ilə təkcə təhsil sahəsində deyil, digər sahələrdə də əməkdaşlığın inkişafına nail olmuş, Azərbaycan bu mötəbər qurumun bir sıra beynəlxalq konfranslarında yüksək fəallıq nümayiş etdirmişdir. Azərbaycanda YUNESKO-nun xətti və dəstəyi ilə mədəni irsin qorunmasına dair seminar-konfrans, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının (1954) qəbulunun 50 illiyinə həsr edilmiş "dəyirmi masa" və digər tədbirlər keçirilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının 2011-ci ilin mayında Bakıda keçirilməsi də qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin nəticəsidir. Yüksək səviyyəli tədbirdə 80-ə yaxın xarici qonaq, o cümlədən təşkilatın əməkdaşları və Beynəlxalq Bioetika Komitəsinin üzvləri, məruzəçilər, müşahidəçilər, Azərbaycan hökumətinin nümayəndələri, elm xadimləri, eləcə də diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Sessiyada ənənəvi tibbin etik təsirləri, Şərqi Avropada bioetika, bioetika sahəsində YUNESKO bəyannamələrinin icrası kimi məsələlər müzakirə edilmiş, bu sahədəki mövcud problemlər ətrafında geniş müzakirələr aparılmışdır.

Tədbirdə Azərbaycan ilə YUNESKO arasında sıx əməkdaşlığın qurulduğu, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirilən birgə layihələrin mühüm nəticələr verdiyi bir daha vurğulanmışdır. Xüsusən də təşkilatın xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın insanlığın nicatına və tərəqqisinə xidmət edən nəcib təşəbbüsləri yüksək dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, məhz bu təşəbbüslərin nəticəsi kimi Azərbaycan YUNESKO-nun müxtəlif səviyyəli tədbirlərinə ev sahibliyi edir.

Bu günlərdə YUNESKO-nun Baş Konfransının Parisdə keçirilmiş 36-cı sessiyası respublikamızın təşkilatla münasibətlərinin yüksək səviyyədə qurulmasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini bir daha sübut edir. Sessiyada iştirak etmək üçün YUNESKO-nun mənzil-qərargahına gələn Azərbaycanın birinci xanımını təşkilatın baş direktoru İrina Bokova qarşılamış, görüşdə ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparılmışdır. Oktyabrın 25-də bu mötəbər təşkilatın iki ildən bir keçirilən konfransının növbəti 36-cı sessiyasının birinci günündə Baş Konfransın prezidenti ilə yanaşı, qurumun elektoral qruplarından vitse-prezidentlərinin seçkisi keçirilmişdir. Azərbaycan da qurumun vitse-prezidenti vəzifəsinə seçilmişdir.

Dünyanın 193 ölkəsinin nümayəndə heyətinin, habelə bir sıra ölkələrin dövlət və hökumət başçılarının, təşkilata üzv olmayan ölkələrin müşahidəçilərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi sessiyada YUNESKO-nun 2012-2013-cü illər üçün ilkin proqramı və büdcəsinin təsdiq edilməsi ilə bağlı müzakirələr aparılmışdır. Bundan əlavə, dünyada dayanıqlı inkişafın, mədəniyyətlərarası dialoqun təmin olunması, zorakılığın bütün təzahürlərinin qarşısının alınması, həmçinin gender bərabərliyi, gəncliyə və Afrika qitəsinə yardımların edilməsi məsələsi diqqət mərkəzində olmuş, "Təhsil hamı üçün" proqramına ən yüksək səviyyədə dəstək verilmişdir.

YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sessiyadakı çıxışı da iştirakçıların böyük marağına səbəb olmuşdur. Dünya ölkələrinin qloballaşma dövründə bir sıra ciddi iqtisadi, siyasi, mənəvi-etik problemlərlə üzləşdiyini diqqətə çəkən Mehriban xanım Əliyeva demişdir ki, bəşəriyyətin gələcəyi sülh mədəniyyətini formalaşdırmadan və davamlı inkişafı təmin etmədən mümkün deyil. Əgər əvvəllər təbii resurslar zənginliyin yeganə mənbəyi sayılırdısa, hazırda insanların özü müasir ideya və texnologiyaların təşəbbüskarı kimi yeni mənbə rolunu oynayırlar.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə daim ardıcıl və sistemli aparan Mehriban xanım Əliyeva ənənəvi olaraq respublikamızın üzləşdiyi ədalətsiz müharibəyə də diqqət çəkmişdir: "Dünyanın bir çox ölkələrində on milyonlarla insan irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcridolunmanın ağır nəticələri ilə üzləşir... On minlərlə insanın həyatına son qoymuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər birimizin ən böyük ağrısı olaraq qalır. Bu münaqişə Azərbaycan torpaqlarının 20 faizinin işğalı və ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnmişdir. Böyük sayda tarixi və memarlıq abidələri, məktəblər, muzeylər və kitabxanalar işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilib. Ekspertlərin hesablamalarına görə, əgər münaqişələrin qarşısı alınmasa, onların nəticəsində XXI əsrdə 150 milyondan artıq qadın və uşaq həyatını itirə bilər. Həmin müharibələrin əksəriyyəti ədavət və dözümsüzlüyün təşviqi ilə başlanmışdır".

Mövcud problemlərə baxmayaraq, gələcəyə nikbin baxışını ifadə edən Mehriban xanım Əliyeva 2011-ci ilin oktyabrında Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumun əhəmiyyətinə xüsusi toxunmuşdur. Həmçinin vurğulamışdır ki, 39 ölkənin nümayəndələrini bir araya gətirən həmin forum çərçivəsində çoxmədəniyyətlilik, müasir texnologiyalar, elmlərin qovuşması, biotexnologiyaetik problemlər, iqtisadi inkişaf modelinin humanitar aspektləri, sosial media və yüksək texnologiyalar, postmodern cəmiyyətdə ənənəvi dəyərlər sistemi kimi məsələlər müzakirə olunmuşdur. Forum iştirakçıları beynəlxalq təşkilatları, o cümlədən YUNESKO-nu "bəşəriyyətin müsbət inkişafının qorunması və davam etdirilməsi məqsədilə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real çərçivəni yaratmağa" çağıran Bakı Bəyannaməsini qəbul etmişlər. Bütün bunları diqqətə çəkən Mehriban xanım Əliyeva demişdir: "Aydındır ki, yeni dünya nizamı artıq formalaşır və bu proses bir çox çətinliklərlə müşayiət olunacaqdır. İnanıram ki, qloballaşmanın humanitar aspektləri olduqca vacibdir. Bu mənada, insan sivilizasiyasının taleyi üçün məsuliyyətimizin dərk edilməsi mühüm məsələdir. Səmimi dialoq, xoş məram, üzləşdiyimiz problemlərin daha yaxşı qavranılması və qarşılıqlı anlaşma özümüz və gələcək nəsillər üçün çətinliklərin uğurla aradan qaldırılmasında lazım olacaq vasitələrdir".

Ümumilikdə, YUNESKO-nun Baş Konfransının Parisdə keçirilmiş 36-cı sessiyası Azərbaycanın mötəbər təşkilatla münasibətlərinin yüksək səviyyədə qurulduğunu söyləməyə ciddi əsaslar verir. Qurum xüsusən də Heydər Əliyev Fondunun insanlığın və bəşəriyyətin nicatına xidmət edən layihələrini yüksək dəyərləndirir. Ölkəmizin Almaniya, ABŞ, Çin, Fransa kimi dünyanın aparıcı dövlətləri ilə bir sırada bu mötəbər quruma vitse-prezident seçilməsi Azərbaycanda bütün sahələrdə gedən inkişafın və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti sayəsində yaranmış sıx əməkdaşlıq əlaqələrinin bariz göstəricisidir.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2011.-30 oktyabr.- S.  3.