Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması qaydaları və qeydə alınmış namizədlərin statusu

 

Bu il noyabr ayının 30-da bələdiyyələrdə boş qalmış yerlərə təkrar, əlavə və yeni bələdiyyə seçkiləri keçiriləcəkdir. Mərkəzi Seçki Komissiyası bu seçkilərin də tamamilə azad, ədalətli, demokratik şəraitdə baş tutması uçun bütün zəruri tədbirləri həyata keçirir. Seçkilərə hazırlıq prosesində namizədlərin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi, namizədlərin qeydə alınıb-alınmaması haqqında qərarın qəbulu mühüm mərhələlərdən biridir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 sentyabr 2011-ci il tarixli 9/31 saylı qərarı ilə təsdiq edilmiş seçkilərin hazırlanıb keçirilməsi üzrə təqvim planına uyğun olaraq, 2011-ci il oktyabrın 11-dən başlayan bu mərhələ oktyabrın 31-də saat 18.00-da başa catacaqdır.

İrəli sürülmüş namizədin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi bu müddət ərzində Seçki Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş seçki sənədlərini müvafiq seçki komissiyasına təqdim etməlidir. Digər seçki sənədləri ilə yanaşı, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat da Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edildiyi gündən əvvəlki birillik dovr üçün (30.09.2010-cu il tarixdən 30.09.2011-ci il tarixədək) təqdim olunmalıdır. Bu formaya gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış da əlavə edilir.

Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısı Mərkəzi Seçki Komissiyasının 28 avqust 2004-cu il tarixli 16/99 saylı qərarı ilə müəyyən olunmuşdur. Bunlara əsas iş yerindən əməkhaqqı, mükafat və maddi yardım, habelə mülki-hüquqi müqavilələrdən, sahibkarlıq fəaliyyətindən və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər haqqında məlumatlar aiddir. Əmlak və mülkiyyət haqqında məlumatlar müvafiq orqanlardan (İqtisadi İnkişaf Nazirliyinin təşkilatlarından, mənzil-istismar sahələrindən, texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarələrindən) alınmış arayışlarla təsdiq olunur.

Namizədin əmlakı barədə məlumat Seçki Məcəlləsinə 5 saylı Əlavəyə uyğun formada təqdim edilməlidir. Göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar olunarsa, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir. Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır. Daha sonra onların qəbul olunma tarixini və vaxtını qeyd edərək namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, habelə oradakı imzaların sayını göstərməklə sənədlərin qəbulu barədə yazılı arayış verir.

Bələdiyyə üzvlüyünə namizədin qeydə alınmasının əsasları və qaydası Seçki Məcəlləsinin 60 və 216-cı maddələri ilə tənzimlənir. 60-cı maddəyə əsasən, imza vərəqlərində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbulu göstərilən sənədlərin müvafiq komissiyada qəbulundan sonra 7 gün müddətində həyata keçirilməlidir.

Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda, müvafiq seçki komissiyası qeydiyyat barədə qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.

Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə çatdırılmalıdır. Əgər qeydiyyatdan imtina olunubsa, bunun əsasları Seçki Məcəlləsində müəyyən olunmuş qaydada göstərilməlidir.

Seçki Məcəlləsinin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması və namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması imtinaya səbəb olduğu hallarda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır.

216.2-ci maddənin tələblərinə görə, bir şəxsin birdən çox bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmasına yol verilmir. Seçki Məcəlləsinin 214.5-ci maddəsinə görə, bələdiyyə üzvlüyünə namizəd yalnız bir bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürülə və qeydiyyata alına bilər. Bu qaydalar pözulduğu təqdirdə, yəni şəxsin iki bələdiyyə üzrə namizədliyi irəli sürülərək qeydə alınarsa, bələdiyyə üzvlüyünə namizədin əvvəlki qeydiyyatı etibarlı sayılır və qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar müvafiq dairə seçki komissiyasının qərarı ilə ləğv edilir.

Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 48 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edirlər. Seçki komissiyaları qeydə alınmış namizədlər barədə məlumatları səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, Seçki Məcəlləsinin 98.3-cu maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər. Namizədin qeydiyyatının ləğv edilməsi barədə məlumatlar da həmin qaydada yerləşdirilir. Bələdiyyələr üzrə qeydə alınmış namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə seçki komissiyaları tərəfindən Seçki Məcəlləsinin 77.3-cu və 77.4-cu maddələrində göstərilən dovri nəşrlərdə dərc edilir.

Qeydə alınmış bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar. Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan, yaxud kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər; onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədilə istifadə edə bilməzlər.

Dövlət vəzifələrində olan qeydə alınmış namizədlərin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtdan seçkiqabağı təşviqat aparmaq hüququ vardır.

Vəzifəli şəxslər, teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə alınmış namizəddirlərsə, yaxud qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri və ya səlahiyyətli nümayəndələridirlərsə, seçkilərin gedişinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında iştirak etmək onlara qadağan edilir.

Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, göstərilən şəxslərin təsisçisi, sahibi, üzvü və ya işçisi olduğu təşkilatlar, habelə onların tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, seçicilərə maddi və maliyyə, yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi, eləcə də qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.

Seçki Məcəlləsi qeydə alınmış namizədlərin yalnız hüquq və vəzifələrini müəyyənləşdirmir, həmçinin onların fəaliyyətinin təminatlarını da təsbit edir. 70-ci maddədə göstərilir ki, qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir.

Qeydə alınmış namizədə Seçki Məcəlləsi ilə müəyyən edilmiş nəqliyyat xərcləri onun qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ödənilir. Taksi və sifarişli nəqliyyat reyslərindən istifadə xərcləri ödənilmir. Şəhərkənarı və şəhərlərarası nəqliyyat xərcləri gediş-gəliş biletinin, şəhər nəqliyyatı üçün isə müvafiq müddətdə istifadə edilmiş gediş-gəliş biletlərinin təqdim edilməsi əsasında ödənilir.

Yuxarıda göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil muəssisəsindən çıxarıla və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə, habelə ezamiyyətə göndərilə, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə alındığı gündən başlayaraq işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.

Qeydə alınmış namizəd həmçinin həmin müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə, tutula və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. O, cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar etməlidir.

Qeydə alınmış namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını ala bilər.

Seçki Məcəlləsi ilə həmçinin qeydə alınmış namizədin seçkilərdə iştirakının ümumi şərtləri ilə yanaşı, xüsusi şərtləri də müəyyənləşdirilmişdir. Belə ki, qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləməli, seçicilərlə azad ünsiyyətin yaradılmasında qeydə alınmış digər namizədlərə mane olmamalıdır.

 

 

Bəxşeyiş ƏSGƏROV,

Mərkəzi Seçki Komissiyasının üzvü

 

Azərbaycan.- 2011.- 30 oktyabr.- S.  4.