Azərbaycan və Koreya gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Koreya Respublikası Gömrük Xidməti yanında UNİ-PASS Beynəlxalq Assosiasiyasının prezidenti Kim Çonq Honun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

A.Əliyev müstəqil Azərbaycanın gömrük xidmətinin keçdiyi inkişaf yolundan söhbət açmış və bildirmişdir ki, gələn ilin əvvəlində yaradılmasının 20 illiyini qeyd edəcək DGK bir çox sahələrdə, eləcə də informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqində bir sıra nailiyyətlər əldə etmişdir. Komitə sədri qeyd etmişdir ki, 1999-cu ilin yanvarından DGK ilə BMT-nin İnkişaf Proqramı arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması" layihəsi uğurla həyata keçirilmişdir.

A.Əliyev sərhəd-keçid məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi, ölkədə "e-hökumət" proqramının icrası, komitənin yeni rəsmi internet səhifəsi haqda qonaqlara məlumat vermişdir.

Kim Çonq Hon Azərbaycan-Koreya münasibətlərinin bir çox sahələrdə, o cümlədən, gömrük xidmətində uğurla inkişaf etməsindən məmnunluğunu bildirmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi və gömrük sahələrində Koreya Respublikasının qabaqcıl təcrübəsinə toxunan qonaq  Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyacağını da vurğulamışdır.

Qonaq DGK rəhbərliyini öz ölkəsinə səfərə dəvət etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılmış, Koreya və Azərbaycan tərəflərinin videotəqdimatları nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 30 oktyabr.- S.  4.