Gəncə abidələrinin
yeni həyatı başlanır
Gəncədə daha bir xeyirxah işin təməli qoyuldu. Tarixi və arxeoloji abidələrin müəyyən edilməsi, bərpası və mühafizəsi üçün xüsusi komissiya yaradılmışdır. Komissiyanın ilk iclasında şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu nəcib işin məqsəd və vəzifələrindən danışdı. Sonra geniş fikir mübadiləsi aparıldı, işin sistemli təşkili üçün konkret təkliflər irəli sürüldü, mövcud abidələrin müəyyən edilməsi və uçota alınması məqsədilə işçi qrupları yaradıldı.
Gəncə qədim şəhərdir. Tarixi memarlıq abidələri ilə zəngindir. Nizami Gəncəvi məqbərəsi, Comərd Qəssab türbəsi, İmamzadə kompleksi, Gəncə qapıları, Uğurlu xan karvansarayı, Çökək hamamı, Qala divarlarının qalıqları, Şah Abbas camesi... Təkcə məscidlərin sayı qırxdan çoxdur. Bunların hər biri öz tarixinə, taleyinə görə çox dəyərli milli memarlıq abidəsi kimi tanınır.
2001-ci il avqustun 2-də respublika ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə təsdiq edilmişdi. Bu, hələlik ölkə ərazisində olan abidələrin son rəsmi siyahısıdır. Həmin sənədə görə, Gəncədə 254 abidə qeydə alınıb. Onlardan biri orta əsrlərin yadigarı olan "Köhnə Gəncə ərazisi" dünya əhəmiyyətli abidə kimi tanınır. Abidələrin doqquzu ölkə, qalanları isə yerli əhəmiyyətli sayılır.
Təəssüf ki, illər boyu abidələrin tədqiqinə və təbliğinə laqeyd münasibət bəslənildiyi üçün onların bir qismi yer üzündən tamamilə silinmişdir. Nə qədər axtardıqsa, siyahıda adları qeyd olunan "Üçdaş" və "Niyazi" dəyirmanlarının, yaxud 3785, 3837, 3945 saylı inventar nömrələri qeyd olunan bir neçə obyektin izini, sorağını tapa bilmədik. Lakin şəhərə şöhrət gətirən elə abidələr də vardır ki, nədənsə onların siyahıya salınması unudulmuşdur. İndi həmin abidələrin yeri-yurdu, tarixi-taleyi diqqətlə araşdırılır. Axı abidələr ölkənin torpaq üzərində "yazılan" tarixi, xalqın milli pasportunun bir hissəsi, elimizin memarlıq irsinin canlı ensiklopediyasıdır.
Nazirlər Kabinetinin siyahısında Gəncə şəhəri üzrə adları qeyd olunan 214 yerli əhəmiyyətli abidənin 184-ü yaşayış yeridir. Bunlar həqiqətən də mühafizə olunmağa layiqdir. Lakin heç birinin konkret tarixi göstərilmir. Hansı bina haçan tikilib, hamısının qabağında eyni söz yazılıb: "XX əsr". Dəqiqləşdirmə aparmaq nə çətin işdir? Binaların çoxunun üzərində tikilmə tarixi aydınca yazılıb. Əgər bəzilərində yoxdursa, dövlət reyestr xidməti idarəsindən bütün məlumatları çox asanca əldə etmək mümkündür. İndi şəhərdə axtarış işi məhz bu istiqamətdə qurulub.
Gəncə məhəllə-məhəllə tikilib, hər məhəllənin də öz məscidi, hamamı, bazarı və heç şübhəsiz ki, tanınan, seçilən binaları olub. Başdanbaşa qırmızı kərpiclə Şərq üslubunda tikilən tağlı, gümbəzli Gəncə evlərinin öz görkəmi, öz üslubu var. Əsasən on doqquzuncu yüzilliyin sonlarında və XX əsrin əvvəllərində sənayenin, ticarətin inkişafı ilə əlaqədar olaraq bu yerlərdə quruculuq işləri daha geniş vüsət almışdı. İmkanlı adamlar arasında, sözün yaxşı mənasında, incə bir yarış, sanki bir bəhsəbəhs gedirdi. Hamı tikir, hamı qurur, hamı yaradırdı. Xüsusən Rəfibəyovlar, Şeyxzamanovlar, Yusifbəylilər, Pişnamazzadələr, Həsənzadələr, Ziyadxanovlar, Adıgözəlovlar... Hər nəsil neçə-neçə yaraşıqlı yaşayış evi, gözəl yadigar qoyub gedib. Onlardan biri Ziyadxanovların mülküdür. Klassik Şərq üslubunda tikilib. Gəncənin gözü sayılır. Xalq cümhuriyyətinin liderləri İsmayıl xan və Adil xan Ziyadxanovlar orada yaşayıblar. İndi həmin ünvanda Tarix-Diyarşünaslıq Muzeyi yerləşir.
Yusifbəylilərin mülkü isə Şərq və Qərb memarlıq üslubunda 1877-ci ildə inşa edilib. Gəncənin əksər binaları kimi qırmızı kərpicdən tikilib. Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli həmin binada anadan olmuşdur.
Mərhum müğənni Mobil Əhmədovun atası zərgər Əlimirzə
öz zərif sənəti ilə hər
yanda tanınırdı. Gəncənin mərkəzindəki
dördyol ayrıcında onun
ucaltdığı kürsülü ev indi də öz əzəli görkəmini qoruyub saxlayır. Dövlət Aqrar Universitetinin yerləşdiyi
bina 1897-ci ilin
yadigarıdır. Əvvəllər burada
Zemstvo idarəsi yerləşirdi. Bir müddət Gəncə qubernatorunun
iqamətgahı olub. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncə
dövründə bu tarixi
binada fəaliyyət göstərib.
Şəhərin
mərkəzindəki Cavadxan küçəsini (indi bu
küçə tamamilə yenidən qurulur). Moskvanın
Arbatı və Bakının "Tarqovı" adı ilə
tanınan seyrəngahları ilə müqayisə etmək
olar. hər addımda bir yaraşıqlı bina, tarixin bir əvəzsiz
nişanəsi yaşayır. Bir qədər dəqiq desək,
bura əslində Gəncənin "İçəri şəhəri"
sayıla bilər. İndi küçənin bərpası ilə
yanaşı, memarlıq baxımından bu tikililərin hər
birinin dəyəri müəyyən edilir, annotasiya
yazılır, pasportu çıxarılır.
Təəssüf
ki, illər boyu davam edən laqeydlik şəhərin abidələrinə
böyük ziyan vurub. Uçub-dağılmaqda olan Uğurlu
xan karvansarayının yarıtmaz vəziyyəti, onun
yanında miniatürlər muzeyi yerləşən neçə-neçə
hücrənin bu sənətə heç bir dəxli olmayan
işbazlara satılması haqqında mətbuatın
çoxsaylı çıxışları həmin abidələri
qorumağa borclu olan məmurların hiddətinə, qəzəbinə
səbəb olur, vəziyyəti nizama salmaqdansa, onlar
işbazlara daha münasib şərait yaradırdılar.
Yaxşı ki, indi ötən illərin bu təzadları
aradan qaldırılır.
Yığıncaqda çıxış edənlər şəhərdəki tarix mədəniyyət abidələri ilə yanaşı, qədim yeraltı yollar, kəhrizlər, hətta xüsusi əhəmiyyət kəsb edən çinarlarla da bağlı maraqlı fikirlər söylədilər. Gəncədə otuzdan artıq kəhriz qeydə alınıb. Onlardan biri - yəqin ki, ən qədimi şəhərin köhnə yaşayış sahəsində çağlayır. Azı min ilin yadigarıdır. Dairəvi hörülmüş səkkizguşəli qırmızı kərpiclərin arasından "boylanır". Dupduru suyu ətrafdakı bağlara, biçənəklərə axır.
Yaxud yeraltı
yollar. Bu da
bir tarixdir. Şəhərin müxtəlif istiqamətlərində
kərpici tağla hörülmüş yollar
olub ki, buradan faytonla sərbəst hərəkət
etmək mümkün
imiş. Doğrudur, tikinti
işləri aparılarkən
laqeydlik üzündən
bu yeraltı yolların xətləri pozulub, çox yerdə, əlaqə kəsilib. Lakin elə yerlər
var ki, müəyyən
məsafədə qədimi
yolu heç olmasa tarixi abidə
kimi bərpa etmək mümkündür.
İstər yeraltı
yollar, istərsə də minillik kəhrizlər həm tariximiz üçün gərəklidir, həm də turistlərin böyük marağına
səbəb ola
bilər.
Tarixi abidələr
dedikdə həm həyatın ən müxtəlif sahələrinə
işıq salan mədəniyyət obyektlərini,
arxeoloji abidələri,
həm də yazılı sənədləri,
fotoşəkilləri və
digər materialları
nəzərdə tuturuq. Gəncədə isə bu cür
qiymətli sənədlər
yəqin ki, çoxdur. Yeni təhqiqat komissiyası həm də bu istiqamətdə iş aparır.
İndi bu qeydləri oxuculara çatdırmaqla
Gəncənin tarixinə
və taleyinə bələd olan yaxınlarda, uzaqlarda yaşayan gəncəlilərə,
tədqiqatçılara, ziyalılara
müraciət edirik. Kim hansı bir "naməlum" tarixi abidəni tanıyırsa,
kimdə müəyyən
sənədlər, şəkillər,
şəhərin tarixini
əks etdirən məlumatlar varsa, Gəncə Regional Elm Mərkəzinə
göndərsin. Bu, çox gərəkli bir işdir. Gəncə abidələrinin yeni həyatı başlanır.
Şəhərdə tarixin nadir incilərinin
bərpası ilə yanaşı, həmin abidələr barədə
xüsusi ensiklopediyanın
nəşr edilməsi
də nəzərdə
tutulmuşdur.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.- 30 oktyabr.-
S. 5.