Yubileylə bağlı elmi konfrans keçirilmişdir

 

 Ölkə Prezidenti İlham Əliyevin xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncama uyğun olaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli ədiblə bağlı elmi konfrans keçirildi. Mirzə İbrahimovun həyat və yaradıcılığı ilə bağlı sənədli filmin nümayişi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Məclisi giriş sözü ilə sözügedən ali təhsil müəssisəsinin prorektoru, professor Rafiq Sadıqov açaraq Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatında və ictimai-siyasi həyatdakı uğurlarından  və mövqeyindən danışdı. Filologiya elmləri doktoru, professor Aqşin Babayev "Mirzə İbrahimov şəxsiyyəti" mövzusunda məruzə etdi. "Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalı, "Azərbaycan" qəzetinin şöbə redaktoru Flora Xəlilzadə, əməkdar jurnalist Zakir Abbas, universitetin tələbəsi Aysel Abbasova çıxış edərək Mirzə İbrahimov yaradıcılığının məziyyətlərinə toxundular. Onlar bildirdilər ki, unudulmaz ədib, alim, tərcüməçi, publisist, dramaturq həm Azərbaycan ədəbiyyatında, həm də ictimai-siyasi həyatda böyük hadisə idi. Qələmə aldığı əsərlərində yaşadığı dövrün ziddiyyətlərinin mənzərəsini dolğun yaradan Mirzə İbrahimov həm də vətəndaş qeyrətli bir ustad idi. Onun dramları vaxtilə Azərbaycan teatr səhnəsinin uğurlu əsərlərindən sayılardı. Mirzə İbrahimov ədəbiyyatımızın deyil, həm də teatr sənətinin, ədəbi tənqidin görkəmli nümayəndələrindən biri idi. Təkcə Azərbaycan dili uğrunda apardığı mübarizə bəs edər ki, Mirzə İbrahimov bu xalqın yaddaşında əbədi heykələ dönsün.

Sonda yazıçının qızı, xalq artisti, bəstəkar Sevda İbrahimova çıxış edərək həm dövlətimizin, həm də bu ali məktəbin görkəmli ədibə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirərək atası ilə bağlı xatirələrini danışdı. 

 

 

Azərbaycan.- 2011.-30 oktyabr.- S.  6.