Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

 Sentyabrın 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan serbiyalı həmkarı Vuk Yeremiç ilə görüşmüşdür. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqqında ətraflı məlumat vermişlər.

E.Məmmədyarov bildirmişdir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Kosovo problemlərinin həlli yolları, Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılmış, investisiyaların yatırımı, infrastruktur sektorunda əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan E.Məmmədyarov qeyd etmişdir ki, artıq ölkələrimiz arasında 12 sənəd imzalanmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini şərh edən azərbaycanlı nazir demişdir ki, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və Bakı danışıqları davam etdirməyə hazırdır: "Biz problemin Madrid prinsipləri əsasında mərhələli həllinə dair mövqeyimizi dəfələrlə ictimaiyyətə və həmsədrlərə bildirmişik. İlk mərhələdə Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır. Bu, Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycan ilə Ermənistan arasında müxtəlif sülh layihələrinin həyata keçirilməsinə imkan yaradacaqdır".

Azərbaycan ilə Serbiya arasında qarşılıqlı münasibətləri yüksək qiymətləndirən V.Yeremiç vurğulamışdır ki, Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcəkdir.

Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edən serbiyalı nazir demişdir ki, dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn normalarına və prinsiplərinə dair bütün sənədlərdə, o cümlədən Helsinki Yekun Aktında və BMT-nin konvensiyalarında əsas elementdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 3.