Azərbaycan
nümayəndə heyəti Urumçidə I Çin-Avrasiya
sərgi-forumunda iştirak edir
Sentyabrın 1-də Çin Xalq Respublikasının (ÇXR) Urumçi şəhərində I Çin-Avrasiya sərgi-forumu işə başlamışdır.
Sincan Beynəlxalq Sərgi və Konfrans mərkəzində təşkil olunan tədbirdə Pakistan Prezidenti Asif Əli Zərdari, Qırğız Prezidenti Roza Otunbayeva, Qazaxıstan Baş nazirinin müavini Aset İsekeşkev, 30-a yaxın ölkənin nümayəndə heyətləri, beynəlxalq və regional təşkilatların, iri şirkətlərin rəhbərləri iştirak edirlər.
Azərbaycanı bu əhəmiyyətli tədbirdə Baş nazirin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Abid Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Rəsmi açılış mərasimində çıxış edən Çinin kommersiya naziri Çen Dımin qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirin "Çin-Avrasiya iqtisadi əməkdaşlığının inkişafı" mövzusunda forumunu açıq elan edən Çin Dövlət Şurası sədrinin birinci müavini Li Keçian demişdir ki, əsas məqsəd dövlət qurumları və işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə Çin ilə Avrasiya regionundakı digər ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və investisiya imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparmaq, ayrı-ayrı ölkələrdə istehsal olunan məhsulların sərgisini təşkil etməkdir.
Forumda çıxış edən Baş nazirin müavini Abid Şərifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara təbrikini çatdırmışdır.
Ölkələrimiz arasında əlaqələrin tarixindən və hazırkı vəziyyətindən danışan A.Şərifov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni inkişaf dövrünə qədəm qoymuşdur. Hər iki ölkə müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir və bir-birini dəstəkləyir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin və 2005-ci ildə Prezident İlham Əliyevin Çinə səfərləri münasibətlərimizin inkişafında böyük rol oynamışdır. Səfərlər zamanı imzalanmış sənədlər iki ölkə arasında müqavilə-hüquq bazasını möhkəmlətmiş və əməkdaşlıq üçün geniş imkanlar açmışdır.
Çin hökumətinin Azərbaycana müxtəlif sahələrdə dəstəyinin ikitərəfli əməkdaşlığa verdiyi töhfələri xüsusi vurğulayan A.Şərifov əlaqələrimizin genişlənməsində hökumətlərarası komissiyanın rolunu qeyd etmişdir.
I Çin-Avrasiya sərgi-forumunun əhəmiyyətindən danışan Baş nazirin müavini Abid Şərifov demişdir ki, bu cür tədbirlər bir-birimizi daha yaxından tanımaq, imkanları öyrənmək baxımından vacibdir.
Baş nazirin müavini Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatı, həyata keçirilən islahatlar, ölkədəki əlverişli biznes mühiti, xarici şirkətlərin Azərbaycandakı fəaliyyəti, son illər Azərbaycan şirkətlərinin xarici ölkələrə sərmayə yatırımlarının artması, ölkəmizdə istehsal olunan malların rəqabətədavamlılığının təmin olunması istiqamətində görülən işlər barədə də danışmışdır.
Forumda digər nümayəndə heyətlərinin rəhbərləri də çıxış etdilər.
* * *
I Çin-Avrasiya sərgi-forumunda iştirak etmək üçün Çin Xalq Respublikasının Urumçi şəhərində səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov sentyabrın 1-də Çin Dövlət Şurası sədrinin birinci müavini Li Kiçian ilə görüşmüşdür.
Görüşdə ölkələrmiz arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmış, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğu bildirilmişdir.
Tərəflər əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulamışlar.
* * *
I Çin-Avrasiya sərgi-forumunda digər ölkələrlə yanaşı, Azərbaycana həsr olunmuş pavilyon da fəaliyyət göstərir.
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkil etdiyi pavilyonda Azərbaycanda qeyri-neft sektoru üzrə istehsal olunan və ixrac üçün nəzərdə tutulan məhsullar nümayiş etdirilir. Bura əsasən xalça, kompot və meyvə şirələri, müxtəlif şərab və konyak növləri, tomat pastası və zeytun konservləri, zeytun yağı, "Azərikimya" İstehsalat Birliyi məhsulları daxildir. Azərbaycan pavilyonunda nümayiş olunan məhsullar sərgi iştirakçılarının marağına səbəb olmuşdur.
Şahin CƏFƏROV,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 3.