Batumidə Azərbaycanın
müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş konfrans
keçirilmişdir
Avqustun 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində "Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ilində" mövzusunda konfrans keçirilmişdir.
Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmilərinin, parlamentlərin deputatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfransı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Nazim İbrahimov demişdir ki, bu konfrans Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilir. Məqsədimiz müstəqilliyimizin iyirmi ilinə nəzər yetirmək, qazanılmış nailiyyətləri qiymətləndirməkdir. Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun dərin tarixi köklərə əsaslandığını qeyd edən Nazim İbrahimov bu baxımdan belə bir tədbirin Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırmışdır. Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycan və gürcü xalqlarının eyni tarixi taleyi yaşadıqlarını söyləyən komitə sədri Azərbaycanda 20 Yanvar, Gürcüstanda 9 Aprel faciələrinin xalqlarımızın şərəfli tarixinin qəhrəmanlıq salnaməsi kimi hər zaman böyük ehtiramla xatırlanacağını vurğulamışdır.
Ötən əsrin 90-cı illərində hər iki ölkədə baş qaldırmış etnik separatizmin çox ağır itkilərə səbəb olduğunu söyləyən Nazim İbrahimov bu münaqişələr nəticəsində Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulduğunu, minlərlə insanın həyatını itirdiyini bildirmişdir. Komitə sədri demişdir ki, buna baxmayaraq, xalqlarımız müstəqilliklərini qoruyub saxlamağa, möhkəmləndirməyə, dünya birliyinə inteqrasiya yoluna çıxmağa müvəffəq olmuşlar.
"Bizi birləşdirən yalnız tarixi dostluq ənənələri deyildir. Biz həm də regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə etibarlı tərəfdaş kimi çıxış edirik. Azərbaycanın və Gürcüstanın iştirakı olmadan transregional layihələrin reallaşdırılması mümkün deyildir. Ölkələrimizi yalnız irimiqyaslı iqtisadi layihələr deyil, həm də xalqlarımızın milli maraqları birləşdirir. Azərbaycan və Gürcüstan demokratik dəyərlərin uğurla tətbiqi, müasir milli dövlət quruculuğu yolunda inamla addımlamaqdadır. Ölkələrimizin birliyi seçdiyimiz strateji inkişaf xəttini müvəffəqiyyətlə həyata keçirməyə imkan verən əsas amillərdəndir", - deyə komitə sədri vurğulamışdır.
Konfransın Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı iyirmi il ərzində görülmüş işlərə, əldə olunmuş nailiyyətlərə, o cümlədən Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif aspektlərinə dair məruzələri dinləməyə, Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası sahəsində görülmüş işlərə nəzər salmağa imkan verəcəyini qeyd edən Nazim İbrahimov bu müzakirələrin ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəm təməllərə əsaslandığını bir daha təsdiq edəcəyinə əminliyini söyləmişdir.
Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndikdən sonra tədbir "Müstəqilliyimiz əbədidir" sənədli filminin nümayişi ilə davam etmişdir.
Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri M.Davitaya demişdir ki, onun ölkəsi hər zaman Azərbaycanın inkişafını böyük maraqla müşahidə edir. Azərbaycan ilə Gürcüstanın tarixləri hər zaman bir-birinə bağlı olmuşdur və bu, indi də davam edir.
"XX əsrin əvvəllərində qızıl ordu Azərbaycanı işğal etdikdən, qonşu ölkə müstəqilliyini itirdikdən sonra Gürcüstan da eyni aqibəti yaşamışdır. Həmçinin SSRİ-nin süqutu ərəfəsində Bakıda baş verən hadisələr sonradan Gürcüstanda da təkrarlanmışdır. Bu və digər hadisələr göstərir ki, hər iki ölkə bir-birinə nə dərəcədə bağlıdır. Bizim tarixlərimiz demək olar ki, bir-birinə hopmuşdur", - deyə M.Davitaya əlavə etmişdir. Azərbaycanın və Gürcüstanın dostluğunu dünyaya nümunə kimi səciyyələndirən M.Davitaya bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkələrimizin dostluq münasibətlərinin perspektivlərini görürdü və bu istiqamətdə addımlar atırdı. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu siyasəti uğurla davam etdirirlər. Bu dostluq sayəsində biz inkişafımızın ən yüksək mərhələsinə nail olacağıq.
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze çıxışına Dünya azərbaycanlılarının III qurultayının əhəmiyyətini xatırlatmaqla başlamışdır. O demişdir ki, həmin qurultay Azərbaycanın sürətli inkişafının nümayişi idi. Bugünkü konfransı da həmin qurultayın davamı hesab etmək olar. Gürcüstan azərbaycanlılarının Gürcüstan dövlətinin inkişafına əhəmiyyətli töhfə verdiklərini qeyd edən David Kirkitadze onlara təşəkkürünü bildirmişdir.
Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Vaya Bolkvadze Acarıstanın inkişafında Azərbaycan sərmayəsinin mühüm rol oynadığını bildirmişdir.
Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov görülən işlərdən danışmış, Batumi ilə Lənkəran arasında əməkdaşlıq üçün yaxşı zəmin yarandığını diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov konfransda "Azərbaycan Respublikasının Cənubi Qafqazın iqtisadi və siyasi inkişafında rolu" mövzusunda məruzə ilə çıxış etmişdir.
Azərbaycanın regionun inkişafındakı rolundan danışan Ə.Həsənov demişdir ki, ölkəmiz dost Gürcüstanın tərəqqisində də maraqlıdır. Biz təkcə Gürcüstanda yaşayan azərbaycanlıların deyil, ümumilikdə gürcü xalqının firavan həyatının təmin olunmasını istəyirik.
Əli Həsənov demişdir ki, hər bir xalq, hər bir dövlət ilk növbədə özünün müstəqilliyi inkişafı haqqında düşünərkən öz dövlətinin, millətinin maraqlarını düşünür, fəaliyyətini bu istiqamətdə qurur və onu həyata keçirir. Eyni zamanda, hər bir dövlət özünün geosiyasi əhatəsini, malik olduğu resurslardan istifadə taktikasını müəyyən etmədən, yaşadığı coğrafiyanın reallıqlarını nəzərə almadan təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. Bu mənada Cənubi Qafqazın coğrafi və geosiyasi reallıqları elədir ki, burada yaşayan xalqlar, dövlətlər bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar. Cənubi Qafqazın tarixində hər zaman belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. 1918-1920-ci illərdə Cənubi Qafqazda milli dövlətlərin yaranması da bir-biri ilə əlaqəli proseslər idi.
Məruzəçi Azərbaycan xalqının həmin dövrdə ermənilərə dövlətlərini qurmaq və paytaxt yaratmaq məqsədi ilə özünün qədim, tarixi xanlığı olan İrəvan xanlığını bəxş etdiyini və İrəvan şəhərini onlara verdiyini xatırlatmış və demişdir ki, Cənubi Qafqazın tarixində belə genişürəkliliklə atılan addımların sayı çoxdur. Təəssüf ki, azərbaycanlıların və gürcülərin bu xoş məramlarından sui-istifadə halları da az olmamışdır. Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri, bu ərazilərdəki etnik separatizm buna əyani sübutdur. Bütün bunlar kənardan qızışdırılan və Cənubi Qafqaz xalqları arasında nifaq salan hallardır.
Prezident Administrasiyasının şöbə
müdiri Azərbaycanın Cənubi Qafqazın iqtisadi, siyasi,
sosial və ümumi geosiyasi həyatında həmişə
önəmli yerlərdən birini tutduğunu
vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan həm
ərazisinə, həm əhalisinin sayına, həm
iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi
qaynaqlarına və geosiyasi üstünlüklərinə
görə Cənubi Qafqazın ən böyük dövlətidir.
Cənubi Qafqazda orta hesabla 60 milyard dollara yaxın həcmdə
ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır.
Əhalisinin gəlirinə görə də Azərbaycan Cənubi
Qafqazın ən öndə gedən ölkəsidir. Regionun
ümumi iqtisadi resurslarının təxminən 70 faizi Azərbaycana
məxsusdur. Cənubi Qafqazın bütün enerji
qaynaqları üzrə ən zəngin ölkəsi də Azərbaycandır.
Ölkəmizin 30-50 ilə çatacaq neft, 120 ilə kifayət
edəcək təbii qaz ehtiyatları vardır. Azərbaycanın yalnız neft və qazdan əldə
etdiyi gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə
alsaq, bu, 100 il ərzində təkcə Azərbaycan
xalqının deyil, bütün Cənubi Qafqaz əhalisinin
olduqca yüksək səviyyədə yaşamasına bəs
edəcək sərvətdir. Azərbaycan öz təbii
resurslarından istifadə
taktikasını müəyyən edərkən təkcə
öz xalqının maraqlarını düşünməmiş,
bu sərvətlərdən sivil istifadənin bütün
qapılarını açmışdır. Həmin sərvətlərdən
gürcü xalqı da, erməni xalqı da bəhrələnə
bilər. Bunun üçün Azərbaycan torpaqlarının
işğalına son qoyulmalı, bölgədə sülh bərpa
olunmalı, bütün kommunikasiyalar açılmalıdır.
Əməkdaşlıq üçün bizim
bütün qapılarımız
açıqdır.
Professor
Əli Həsənov demişdir ki, Azərbaycan ilə
Gürcüstan strateji müttəfiqlərdir. Dövlətlərimiz
tarixən çətin məqamlarda bir-birinə dəstək
olmuşlar. Bizim dövlətlərimiz ərazisinə və əhalisinin
sayına görə kiçik dövlətlər hesab
olunsalar da, geostrateji cəhətdən olduqca əhəmiyyətli
ölkələrdir.
Daha
sonra konfransda Milli Məclisin deputatları Qənirə
Paşayeva, Musa Qasımov, ombudsman Elmira Süleymanova, Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdirinin müavini
Mahir Qəhrəmanov, İqtisadi İnkişaf Nazirliyinin sektor
müdiri Rəşad Dayıyev çıxış
etmişlər.
Konfrans
öz işini avqustun 29-da
"Gürcüstan azərbaycanlılarının yerli
cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan
strateji tərəfdaşlığı kontekstində"
mövzusunda "dəyirmi masa" ilə davam etdirmişdir.
İslam ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 5.