"Gürcüstan
azərbaycanlılarının cəmiyyətə
inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı
kontekstində" "dəyirmi masa"
iştirakçılarının Azərbaycan Prezidenti
İlham Əliyevə və Gürcüstan Prezidenti Mixeil
Saakaşviliyə Müraciəti
Hörmətli Prezidentlər!
Azərbaycan və gürcü xalqları arasındakı tarixi köklərə malik dərin dostluq əlaqələri Sizin gərgin əməyiniz və ardıcıl səyləriniz sayəsində getdikcə möhkəmlənən dövlətlərarası strateji tərəfdaşlıq münasibətlərinin etibarlı zəminidir. Bu gün regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələr məhz bu tərəfdaşlığa əsaslanır. Azərbaycan ilə Gürcüstan arasında hər zaman qarşılıqlı etimad və inam hissi mövcud olmuşdur. Bu tarixi ənənənin qorunub saxlanmasına xidmət edən müqəddəs vəzifənin həyata keçirilməsinə göstərdiyiniz qayğıya və dəstəyə görə Sizə ürəkdən təşəkkür edirik. Məmnunluq hissi ilə deyə bilərik ki, ölkələrimizin yaxın və uzaq keçmişi bu ənənəyə sonsuz sədaqətimizin parlaq ifadəsi olan çoxsaylı faktlarla zəngindir.
Zati-aliləri cənab
İlham Əliyev!
Zati-aliləri cənab Mixeil Saakaşvili!
Bu gün Gürcüstanda
çoxsaylı azərbaycanlı,
Azərbaycanda isə gürcü icması rahat və təhlükəsiz
şəraitdə yaşamaqdadır. Məmnuniyyətlə qeyd edirik ki,
son illərdə hər
iki icmanın cəmiyyətə inteqrasiyasını
gücləndirən bir
sıra layihələr
uğurla həyata keçirilmişdir.
Gürcüstan azərbaycanlılarının bir
sıra sahələrdə
qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində
həyata keçirilmiş
tədbirlər icmamızın
həyatında böyük
dəyişikliklərə səbəb olmuşdur. Gürcüstanda yaşayan çoxsaylı
azərbaycanlı icmasının
cəmiyyətə inteqrasiyasına
Azərbaycan və Gürcüstan rəhbərliyinin
verdiyi daimi və davamlı dəstəyə görə
dərin minnətdarlığımızı
ifadə edərək,
bu sahədə hər iki ölkə
arasında qarşılıqlı
etimada söykənən
səmərəli əməkdaşlığın
uğurlu nəticələr
verməkdə olduğunu
xüsusi vurğulamaq
istərdik.
Bununla yanaşı,
öz həllini gözləyən və icmamızı narahat edən bəzi problemlərin olduğunu qeyd etmək istərdik. Əminik ki, hər iki
ölkənin müvafiq
dövlət və hökumət orqanları nümayəndələrinin iştirakı
ilə keçirilən
"Gürcüstan azərbaycanlılarının
cəmiyyətə inteqrasiyası
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı
kontekstində" "dəyirmi
masa" bu problemlər haqqında dəqiq təsəvvür
yaratmaq və onların həlli yollarını müəyyənləşdirmək
baxımından mühüm
əhəmiyyətə malik
olacaqdır. Bu tədbirdə biz ötən
dövr ərzində
Azərbaycan və Gürcüstan hökumətinin
məqsədyönlü siyasəti
nəticəsində əldə
olunmuş nailiyyətləri,
eyni zamanda qarşımızda duran vəzifələri müzakirə
etdik. Biz inanırıq ki, azərbaycanlı icmasının
cəmiyyətə inteqrasiyası
Gürcüstan dövlətinin
tərəqqisinə, ölkədə
vətəndaş həmrəyliyinin
təmin olunmasına və demokratik ənənələrin inkişafına
öz töhfəsini
verəcəkdir.
Toplantıda aparılmış müzakirələr
və irəli sürülmüş təkliflər
əsasında biz çox
yaxın zamanda Gürcüstan azərbaycanlılarının
Ümumgürcüstan toplantısının
keçirilməsinə və
azərbaycanlı icmasının
vahid təşkilatının
yaradılacağına böyük
ümidlər bəslədiyimizi ifadə etmək istərdik. Əminik ki, Azərbaycanın və Gürcüstanın
dövlət başçılarının
dəstəyi sayəsində
bu birliyin ən qısa vaxt ərzində təsis edilməsinə
nail olacağıq. İnanırıq ki, Azərbaycan və Gürcüstan prezidentlərinin bu toplantıda iştirakı
xalqlarımız arasındakı
dostluq münasibətlərinin
sarsılmazlığının ifadəsi olacaqdır.
Müraciət 2011-ci il avqustun
29-da Batumi şəhərində keçirilmiş "Gürcüstan
azərbaycanlılarının cəmiyyətə inteqrasiyası
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı
kontekstində" "dəyirmi
masa"da qəbul olunmuşdur.
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 5.